AZ

Dağıstan rəhbəri Kadırovla qarşıdurmaya getdi:“BİZ SÜLEYMAN KƏRİMOVUN YANINDAYIQ!”

“Dağıstan regiondan olan senator Süleyman Kərimovu dəstəkləməyə hər zaman hazırdır”.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Dağıstanın rəhbəri Sergey Melikov Mahaçqalada Süleyman Stalski adına parkın açılışında deyib.

 

“O, öz xalqı üçün yalnız xeyirxah işlər görür. Buna istənilən qədər nümunə göstərmək olar. Dağıstan da həmişə çətin anlarda ona dəstək olacaq. Süleyman da bunu bilməlidir... Çünki bizim gücümüz birlikdədir və parçalanma cəhdləri yalnız düşmənlərimizin əlinə oynayır”, - o bildirib.

 

Qeyd edək ki, oktyabrın 10-da Ramzan Kadırov Çeçenistanın təhlükəsizlik qüvvələri qarşısında çıxış edərək, ona qarşı sui-qəsd təşkil edildiyini bildirib. Kadırov sui-qəsd cəhdində Süleyman Kərimovu, Bekxan Baraxoyevi və Rizvan Qurbanovu suçlayıb və onlara “qan davası” ilə bağlı xəbərdarlıq edib:  "Əgər onlar bunun əksini sübut etməsələr, mən Baraxoyevə, Süleyman  Kərimova və Rizvana Qurbanova rəsmən “qan intiqamı” elan edəcəyəm. Şahidlər var, sifariş vermək istədikləri insanlar var, “Ramzan Kadırovun öldürülməsi üçün sifarişi neçəyə götürərsiniz” deyə soruşduqları adamlar var”.

 

Ramzan Kadırov çıxışı zamanı “Wildberries” ofisində baş verən atışma hadisəsini də bu üçlüklə əlaqələndirib.

 

Ertəsi gün Rizvan Kurbanov videomüraciət yayımlayıb və bildirib ki, o, “hörmətli Kadırov Ramzan Axmatoviçin həyatına sui-qəsdin hazırlanmasında heç vaxt iştirak etməyib”. O, həmçinin bildirib ki, “Wildberries” şirkəti ilə heç bir əlaqəsi yoxdur.

 

Baraxoyev və Kərimov isə Kadırovun açıq “qan intiqamı” elan etmək təhdidlərinə cavab verməyiblər.

 

Xatırladaq ki, sentyabrın 18-də Moskvada “Wildberries” ofisində atışma baş verib, nəticədə 2 nəfər ölüb, daha 7 nəfər yaralanıb.

Seçilən
45
senzor.az

1Mənbələr