AZ

ABŞ bu regiondan geri çəkilməsi adi çəkilmə olmayacaq - Səxavət Məmməd yazır

İsrailin Livana hücumu, ardından İranın İsrailə raket zərbələri yeni reallıqlar yaratmaqla yanaşı, prosesləri bir qədər də sürətləndirmiş oldu.

Yaxın Şərq indi dünyanın əsas diqqət mərkəzindədir. Rusiya-Ukrayna müharibəsi isə arxa plana keçib. Rusiyanın istədiyi də məhz bu idi. Diqqət etsək, Yaxın Şərqdəki proseslər qızışandan sonra Rusiya Ukrayna ərazisində daha çox irəliləməyə başlayıb.

Yaxın Şərqlə bağlı Qərbin də mövqeyi eyni deyil. Əgər Avropa dövlətləri Ukraynaya yardım edirdisə, İsrailə bunu etmir. Belə olan təqdirdə, ABŞ iki yerə bölünmüş durumda qalır. ABŞ indi eyni vaxtda İsrail və Ukraynanın yükünü çəkmək məcburiyyətindədir.

ABŞ-nin işini bir qədər də çətinləşdirən məsələ isə Rusiya ilə Çinin əməkdaşlığını bir qədər də artırması, Sakit Okeanda hər iki ölkə donanmasının hərbi təlimləri və Çinin Tayvanı mühasirəyə alıb, Tayvanı necə vuracağının məşqini həyata keçirməsidir. Belə olan halda, ABŞ-nin gücü üç istiqamətə yönəlir.

Qeyd etmək lazımdır ki, Qərb ölkələri Ukrayna məsələsini bitirmək istəyir. Hətta Ukraynada prezident seçkilərinin keçirilməsinin vacibliyi ön plana çıxarılır. Rusiya xüsusi xidmət orqanlarının Avropadakı fəaliyyətinin artması yönündə də ciddi iddialar var. Hətta Almaniya daxili işlər naziri bu məsələyə xüsusi diqqət çəkib. Ukraynanı çətin günlərin gözlədiyini indidən demək mümkündür.

Digər məsələ isə İran faktorudur. İranın İsrailə raket zərbələri endirməsi və raketlərin lazımı hədəflərə çatması İrana qarşı fikirləri də dəyişmiş oldu. İran ciddiyə alınmayacaq dövlət olmadığını sübut etdi. Bununla paralel İran bütün istiqamətlərdə aktivləşməyə başladı. İran artıq islam dövlətləri arasında da ciddiyə alınmağa başladı. Təsadüfi deyil ki, Səudiyyə Ərəbistanı, Qətər və digər əmirliklər ABŞ-yə İrana zərbə endirmək üçün hava məkanından istifadə etməyə icazə verməyəcəklərini bəyan etdilər. İsrail hökuməti dəfələrlə İrana zərbə endirmək üçün toplantı keçirdi, nəticə sıfır. Heç şübhəsiz ki, buna ABŞ mane olur. ABŞ bilir ki, İran onun Yaxın Şərqdəki hədəflərini çox asanlıqla vura biləcək. Əgər hava hücumundan müdafiə sistemləri ilə ad qazanmış İsrailin hava məkanı yarıla bilirsə, hansısa hərbi bazaların vurulması daha asandır.

Bundan əlavə, İran açıq şəkildə bildirir ki, ona zərbələr endiriləcəyi təqdirdə, İsrail və ABŞ ilə əməkdaşlıq edən hər ölkə hədəfdə olacaq. Azərbaycan mediası İranın Ermənistanı xəbərdar etdiyini, Ermənistan mediası isə İranın Azərbaycanı xəbərdar etməsi barədə məlumatlar tirajlayır. Bu o deməkdir ki, İran hər iki ölkəyə xəbərdarlıq edib.

Yeri gəlmişkən, İsrailin İrana zərbələr endirmək üçün raket tədarükündə də problemlər yaşadığı iddia edilir.

Ermənistanın birdən birə Rusiya Zəngəzur dəhlizinə nəzarət edə bilər açıqlaması heç şübhəsiz ki, İranla da bağlı ola bilər. İran Ermənistanda NATO-nun fəaliyyətinə reaksiya verdi və hədəfi olacağını dilə gətirdi. Ermənistan anlayır ki, İran onu vurmağa qərar versə, regionda heç bir ölkə ona dəstək verməyəcək. Verə də bilməz. Ona görə də, Rusiyaya yaxınlaşmaqla özünü sığortalamağa cəhd edir. Əslində, Rusiya da maraqlı manevr etdi, Ermənistandan sanki çəkilirmiş kimi addım ataraq bir yandan Azərbaycan faktorunu işə salmışdı, Ermənistanın yanında olan dövlətləri nəzərə alsaq, Azərbaycan faktoru Ermənistana müəyyən qədər təsir edə bilərdi, ancaq İranın prosesə qoşulması Ermənistanı silkələməyə bilməz. Sual yarana bilər ki, Azərbaycanın sığortası nədir? Azərbaycanın sığortası Rusiya, ən əsası isə Çindir. Azərbaycanın Çinlə imzaladığı strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamədir.

Bəyannamədəki bir yerə diqqət etmək lazımdır: “Azərbaycan tərəfi “Vahid Çin” prinsipini qətiyyətlə dəstəkləyir, dünyada yalnız bir Çinin mövcudluğunu, Çin Xalq Respublikası hökumətinin bütün Çini təmsil edən yeganə qanuni hökumət olduğunu, Tayvanın isə Çin ərazisinin ayrılmaz bir hissəsi olduğunu tanıyır, istənilən formada “Tayvanın müstəqilliyi”nə qarşı qətiyyətlə çıxış edir və Tayvan boğazının iki sahili arasındakı münasibətlərin dinc inkişafını, habelə Çin Hökumətinin Çinin birləşdirilməsi istiqamətində səylərini dəstəkləyir”.

ABŞ-nin Tayvan siyasəti, bəzi Qərb ölkələrinin də bunu dəstəkləməsini nəzərə alsaq, təbii ki, Azərbaycan tərəfinin bu addımı riskdir. Çin də bu riskin qarşılığını bir formada ödəməlidir.

Cənubi Qafqazda risklər artıb. Gürcüstanda keçiriləcək seçkilər heç şübhəsiz regiondakı gərginliyi bir qədər də artıracaq. Rusiyanın Cənubi Qafqazı buraxmayacağını nəzərə alsaq, ABŞ bu regiondan geri çəkilməsi heç şübhəsiz ki, adi çəkilmə olmayacaq. Maksimim zərər vurmağa çalışacaq.

Hər iki halda, istər Rusiya, istər ABŞ-ın Cənubi Qafqazdan çəkilməsi ağır nəticələr verəcək. Buna daxili çaxnaşmalar, milli münaqişələr, müharibələr, iqtidarların dəyişməsi, hətta vətəndaş müharibəsi və digər məsələləri aid etmək olar.

 

Seçilən
85
1
adalet.az

2Mənbələr