Naftalan Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə “Azərbaycan Coğrafiya Cəmiyyəti İctimai Birliyi”nin “Qarabağda ekoloji vəziyyət” adlı layihəsi ilə əlaqədar tədbir keçirilib .
Tədbirdə Naftalan İH-nin əməkdaşları, “Azərbaycan Coğrafiya Cəmiyyəti İctimai Birliyi”nin sədri, Həsən Əliyev adına Coğrafiya İnstitutunun “Landşaftşünaslıq və landşaft planlaşdırılması” şöbəsinin müdiri coğrafiya üzrə fəlsəfə doktoru dosent Mirnuh İsmayılov, institutun elmi işçiləri, ŞİH yanında İctimai şuranın sədri, idarə, müəssisə və təşkilat rəhbərləri, ziyalılar iştirak edib .
Tədbir iştirakçıları ilk olaraq Heydər Əliyev Mərkəzində Ümummilli Liderin şərəfli ömür yolunu özündə əks etdirən foto-ekspozisiyalara baxış keçirib.
Tədbirdə “Azərbaycan Coğrafiya Cəmiyyəti və iqlim dəyişmələrinin tədqiqində rolu” mövzusunda çıxış edən layihənin rəhbəri M.İsmayılov qeyd edib ki, layihənin əsas məqsədi ətraf mühitin mühafizəsi və davamlılığının yaxşılaşdırılması üçün yerli icmalarda sağlam və təhlükəsiz həyat tərzini fəal şəkildə təbliğ etməkdir. Layihə yerli icmaların eləcə də Qarabağ regionunda əhalinin davranış vərdişlərini və təcrübələrini ekoloji cəhətdən daha təmiz həyat tərzinə dəyişilməsinə yönəlmişdir.
Layihə çərçivəsində ”Azərbaycanda iqlim dəyişiklikləri şəraitində su ekosistemlərinin ekocoğrafi problemləri”, “Qarabağın ekoloji problemləri”, “İqlim dəyişmələrinin ekocoğrafi təsirləri” mövzularında təqdimatlar iştirakçılara təqdim edilib, müzakirələr aparılıb. Qeyd edilib ki, iqlimin qorunması bu gün bəşəriyyətin üzləşdiyi qlobal problemlərdən biridir. Məhz ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi bu sahədə aparılan məqsədyönlü, ardıcıl dövlət siyasətinin dərin məzmununun əyani təzahürüdür.
Qonaqlar həmçinin Naftalan şəhər İ.Nəsimi adına 1 nömrəli tap orta məktəbin müəllim və şagird kollektivi ilə də görüşüblər.
Qeyd edək ki, layihə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi qrant müsabiqəsinin qalibi olub.