AZ

Gürcüstan parlamentində yetərli 113 mandatı alan olmadı- hüquq müstəvisində ölkəni nə gözləyir...

Image

Abutalıb Səmədov: “İşləmək üçün imkan var, hökuməti təşkil etmək üçün tələb olunan parlamentdə çoxluq mövcuddur”

Gürcüstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, oktyabrın 26-da keçirilən parlament seçkilərində hakim "Gürcü Arzusu-Demokratik Gürcüstan" partiyası 89 deputat mandatı qazanıb.

Hazırkı məlumatlara əsasən, “Gürcü Arzusu” yeni parlamentdə 89, “Dəyişiklik üçün Koalisiya” 18, “Birlik Milli Hərəkatı” 17, “Güclü Gürcüstan” 14, Qaxariyanın partiyası isə 12 deputatla təmsil olunacaq.

Seçkilərin ilkin nəticələrinə görə, ümumilikdə 61 mandata malik dörd siyasi subyekt müxalifət kimi parlamentə daxil olacaq.

“NewsGeorgia” xəbər verir ki, Mərkəzi Seçki Komissiyasına seçkilərin ilkin nəticələrinə görə, hakim “Gürcü arzusu” partiyası yeni parlamentdə konstitusiya çoxluğunu əldə edə bilməyəcək.

Hazırda mandatlar aşağıdakı kimi bölüşdürülür (Saytların 72%-nin məlumatlarına əsaslanan nəticələr):

“Gürcü arzusu” - 53%, 88 mandat;

“Dəyişiklik Koalisiyası – Qvaramiya, Melia, Girçi, Droa” – 11,2%, 19 mandat;

“Birlik” (“Milli Hərəkat”, “Aqmaşenebeli Strategiyası”, “Avropa Gürcüstanı”) - 9,8%, 16 mandat;

“Güclü Gürcüstan” (“Lelo”, “Xalq naminə”, “Azadlıq meydanı”, “Vətəndaşlar”) – 9%, 14 mandat;

“Qaxariya – Gürcüstan naminə” – 8,2%, 13 mandat.

Xəbərdə qeyd olunur ki, konstitusiya çoxluğu üçün ən azı 113 deputat lazımdır. “Gürcü arzusu” məhz belə dəstəyə ümid edirdi. Hakimiyyətdə olan partiyanın əsas seçki vədləri ölkənin əsas qanununun dəyişdirilməsini nəzərdə tuturdu - müxalifətin konstitusiyaya zidd olduğunu tanımaq, kilsənin xüsusi statusunu təmin etmək, LGBT təbliğatı kimi qiymətləndirilə bilən hər hansı hərəkətləri qadağan etmək və s.

Üstəlik, “Gürcü arzusu”na 88 (89) səs hətta prezident Salome Zurabişvilinin impiçmenti üçün kifayət etməyəcək. Bunun üçün mandatların üçdə ikisi, yəni 100 yer lazımdır. Mətbuat belə yazıb. 

Hazırda "Gürcü Arzusu"nun parlamentdə 89 mandatı var. Təhlilçilərin fikrincə, bu da konstitusiya üstünlüyü əldə etməyə imkan vermir. Çünki konstitusion üstünlük əldə etmək üçün 113 səs lazımdı. Amma bunlarda səslərin sayı 89-dur. Belə şərait hakim partiyaya nə qədər iş perspektivləri vəd edir? Onlar hökuməti təşkil edə biləcəklərmi? Yaxud da kiminləsə koalisiyaya getməlidirlərmi? Bu 89 mandat prezident Zurabişviliyə impiçment elan etməyə də kömək etmir. Bu sayda mandat yetərli deyil. Gürcüstan konstitusiyası bundan sonrakı prosesləri hansı normativlərlə, necə tənzimləyəcək? Hökumət necə qurulacaq? Koalisiya olacaq, olmayacaq?

“Gürcü arzusu”nun aldığı səslər hökuməti təşkil etmək üçün kifayətdir”

“Alyans” Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, “Gürcü arzusu” parlament seçkilərində qələbə qazandı. “Ancaq bu qələbə əvvəlcədən elan olunan, gözlənilən və ümid edilən qələbə olmadı. Çünki “Gürcü arzusu”nun əsas məqsədi konstitsion çoxluq əldə etmək idi və bundan sonra müəyyən olanları reallaşdırmağı nəzərdə tutmuşdular. İlk növbədə müəyyən siyasi partiyaları ləğv etmək düşüncəsi vardı və bunun üçün konstision çoxluğa ehtiyac vardı. “Gürcü arzusu” buna nail ola bilmədi. Eyni zamanda prezidentin impiçmenti üçün də tələb olunan səs çoxluğu həll olunmadı. Müxalifət də gözlədiyi nəticəni qazana bilmədi. Baxmayaraq, hətta seçki günü keçirilən exit-pollar da göstərirdi ki, birləşmiş müxalifət 50 faizdən artıq səs toplaya bilər. Ancaq son nəticədə səslər heç 40 faizə də çatmadı. Müxalifət seçkilərin saxtalaşdırıldığını, seçicilərin pulla ələ alındığını deyir və hesab edir ki, gürcü xalqı küçələrə çıxmalıdır. Ancaq seçkilərin saxtalaşdırılması ayrı məsələdir, seçicilərin pulla ələ alınması başqa məsələdir, bunun saxtakarlıqla bir əlaqəsi yoxdur. Dünyanın hər yerində bu üsuldan istifadə olunur və bu, qanunla qadağan olunmuş bir haldır. Ancaq saxtakarlıqla, saxtalaşdırma ilə əlaqələndirmək olmaz. Bundan sonra nə olacaq? Mən güman etmirəm ki, insanları küçələrə çıxarmaqla gürcü müxalifəti nəyəsə nail ola bilər. Üstəlik, nə qədər insan küçəyə çıxar? Əgər böyük kütləni küçələrə çıxarmaq mümkün olsa və bu, insanlarda belə bir təsəvvür yaratsa ki, həqiqətən də müxalifət qalib gəlib, təbii ki, onda hüquq-mühafizə orqanları, güc strukturları da əhaliyə qarşı elə ciddi zorakılıq göstərməyə cəsarət etməyəcək. Ancaq bunun üçün kifayət qədər insan küçələrə çıxmalıdırlar, güman edirəm ki, 100 mindən aşağı olmamalıdır. Bu halda müxalifət öz məqsədinə nail ola bilər. Ancaq bu qədər insanı küçələrə çıxarmaq mümkün olmasa, azsaylı insanlar etiraz etsələr, güc strukturları qəti tədbirlər görüb bunun qarşısını alacaqlar.

Bundan sonra “Gürcü arzusu” necə fəaliyyət göstərəcək? “Gürcü arzusu”nun aldığı səslər hökuməti təşkil etmək üçün kifayətdir. Yəni hökumət güvən oyu almaq imkanına malikdir, bu halda prezident baş naziri təyin etmək məcburiyyətindədir. Hökumət, şübhəsiz ki, təşkil olunacaq, normal fəaliyyət göstərmək imkanı əldə edəcək. Ancaq konstitutsiya ilə bağlı planlaşdırılan addımları atmaq mümkün olmayacaq. Hesab etmirəm ki, bu çox ciddi məsələdir. Bu, əksinə, “Gürcü arzusu” üçün əlavə problemlər yarada bilərdi”. 

A.Səmədovun fikrincə, bu səbəbdən seçkilərin bu cür nəticələnməsi “Gürcü arzusu” partiyasının da xeyrinədir və o məsələlər ki elan olunmuşdu, xüsusilə bəzi partiyaların ləğv olunması məsələsi o hakimiyyətə ciddi probelmlər yarada bilərdi. “Sevinməlidirlər ki, bu baş vermədi. Ancaq işləmək üçün imkan var, hökuməti təşkil etmək üçün tələb olunan parlamentdə çoxluq mövcuddur. Əgər “Gürcü arzusu” partiyası işləmək istəyirsə və həqiqətən də elan etdikləri kimi məqsəd Avropaya inteqrasiyadırsa, bu istiqamətdə onlara heç bir maneə olmayacaq. 

Nədən “Gürcü arzusu” son dövrlər Avropadan uzaqlaşmaq xəttini götürdü və iş o yerə gəlib çıxdı ki, həm Avropa İttifaqı ilə münasibətlər pisləşdi, həm ABŞ Gürcüstanıa münasibətlərinə yenidən baxacağını bəyan etdi? Bunun əsas səbəbi işğal altında olan torpaqların geri qaytarılması üçün Qərbin heç bir real addım atmaması oldu. Gürcüstan hakimiyyəti dərk etdi ki, Qərb işğal olunmuş əraziləri geri qaytarmaq imkanına və qətiyyətinə malik deyil. Aradan artıq 16 il keçib, ancaq real iş görülməyib”.

A.Səmədovun sözlərinə görə, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi gürcülər üçün də bir nümunə oldu, onlar anladılar ki, Rusiyanı neytrallaşdırıb ərazi bütövlüyünü təmin etmək mümkündür. A.Səmədov bildirdi ki, görünür, Rusiya ilə artıq müəyyən razılaşmalar var, Abxaziyanın və Cənubi Osetyanın tezliklə Gürcüstana qaytarılması imkanları yaranıb. “Bu səbəbdən “Gürcü arzusu” Rusiyaya xoş gələn müəyyən addımlar atdı, Rusiyaya yaxınlaşmaq istiqamətində hərəkətə keçdi və bu da, təbii ki, Qərbi ciddi şəkildə narahat edir. Əslində, Gürcüstandakı son parlament seçkiləri “Gürcü arzusu” ilə müxalifət arasında deyil, Qərblə Rusiya arasında oldu. Risiya bir daha göstərdi ki, bölgədə əsas güc kimə məxsusdur. Ancaq hesab etmirəm ki, bu, Gürcüstanın Avropadan, Qərbdən tamamilə uzaqlaşması deməkdir. Tamamilə mümkündür ki, ərazi bütövlüyü təmin olunandan sonra Gürcüstan gələcəkdə Avropaya inteqrasiya xəttini davam etdirsin və Avropa İttifaqının üzvü olmaq üçün tələb olunan addımları atsın. Ancaq bu gün bir şeyi deməliyik, Rusiya və Rusiyameylli qüvvələr parlament seçkilərində qələbə qazandılar. Bundan sonra Rusiyaya yaxınlaşma xətti davam edəcək. Gürcüstan hökumətinin formalaşmasında və fəaliyyət göstərməsində, bu vaxta qədər olduğu kimi, bundan sonra da heç bir problem olmayacaq. Ancaq seçkilər, seçkilərin nəticəsi Gürcüstan hakimiyyətinə antidemokratik addımlar atmaq imkanı verməyəcək. Xüsusilə partiyaların sıradan çıxarılmasına imkan verməyəcək. Hesab eidrəm ki, bu, Gürcüstan xalqının və dövlətinin xeyrinədir” - deyə A.Səmədov bildirdi.

İradə SARIYEVA





Seçilən
94
50
baki-xeber.com

10Mənbələr