AZ

"Bunlar kəşfiyyatçılardır" - Komitə sədri sərhəddəki görüntülərdən DANIŞDI

Dünən Ermənistan ərazisindəki Avropa İttifaqının “müşahidəçiləri” yenidən Azərbaycanla sərhəddə gəliblər. Bundan öncə də həmin ərazilərdə Fransa bayrağı dalğalanan avtomobildə “müşahidəçilər”inin görüntüləri yayılıb. 

Ermənistan təxribata hazırlaşır?

Mövzu ilə Redaktor.az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirdi ki, "müşahidəçi" adı altında fəaliyyət göstərən kəşfiyatçılar sərhəddə monitorinqlər aparırlar.

"Ümumiyyətlə, Azərbaycan-Ermənistan sərhədində öz "missiyasını" yerinə yetirən qurumun vizual kəşfiyyatçılardan ibarət olduğu məlumdur. Hətta onlar Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının dislokasiyası haqqında məlumatları da ötürəndə bununla bağlı Rusiya Xarici İşlər Nazirliyi bəyanatla çıxış etmişdir. Yəni birmənalı şəkildə məlumdur ki, bunlar kəşfiyyatçılardır və sərhədin hər bir addımını, hər metrəsini təhlil edir, monitorinqini keçirir və toplanmış arayışları da müvafiq olaraq özlərinin kəşfiyyat qurumlarına ötürürlər. Burada məhz Fransa bayrağı altında olan avtomobil görünür, bu da Fransanın Ermənistandakı səfirliyinin avtomobili də ola bilər. Onlar pərdələnərək özlərini katib adlandırırlar".

Komitə sədrinin sözlərinə görə, bu oyunlar sülh müqaviləsinin imzalanmasına mane ola biləcək ən ciddi addımlardır.

"Yəni birmənalı şəkildə bir daha hiss olunur ki, Avropa missiyasının məhz kuratoru fransız kəşfiyyatıdır və o kəşfiyyatçıların da müşayiət edilməsi birbaşa Fransanın əli ilə həyata keçirilir. Yəni bu məlum məsələdir. Azərbaycan da bunu görür, müşahidə edir və özü üçün ciddi nəticələr çıxarır. Bir daha istər Fransa, istər Ermənistanın digər havadarları başa düşməlidir ki, belə oyunlar sülh müqaviləsinin imzalanmasına mane ola biləcək ən ciddi addımlardır. Sülh Azərbaycandan çox məhz Ermənistana lazımdır. Bu addımları atmaqla onlar regionda öz nüfuzunu qaldırmağa çalışırlar. Guya ki, ermənilərin yanındadırlar. İlk növbədə təbii ki, Rusiya bunların cavabını verməlidir və verəcək də. Düşünürəm ki, Birləşmiş Millətlər Təşkilatı, digər qurumlar da bu istiqamətdə öz fikirlərini bildirməlidirlər", - Arzu Nağıyev dedi. 

Türkan İSGƏNDƏRLİ

Seçilən
57
redaktor.az

1Mənbələr