AZ

ABŞ-dəki seçkilərə 5 GÜN QALDI: “Dünyanın taleyi…”

“Birləşmiş Ştatlarda seçki prosesi, əslində, bütün dünyanın gündəmini zəbt edib ki, bu da təbiidir. Çünki Amerikanın daxili işi hesab etdiyimiz məsələlər, əslində, bütün dünyanın müxtəlif bölgələrində qarşıdurmalarla, müəyyən gərginlik ocaqlarının yaradılması, iqtisadi böhran və digər mənfi proseslərlə müşahidə olunur”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Əli Zülfüqaroğlu deyib.

Siyasi təhlilçi noyabrın 5-də ABŞ-də keçiriləcək prezident seçkilərində namizədlərin şanslarını dəyərləndirib.

Onun sözlərinə görə, Birləşmiş Ştatların daxilindəki proses, sadəcə, seçki məsələsi deyil:

“Biz bunu, ilk olaraq, milli dövlət anlayışını təmin edən güclə qlobal maliyyə sisteminin qarşıdurması kontekstində dəyərləndirməliyik. Çünki indiyə qədər dünyanın idarə olunmasında əsas rol oynayan, xüsusilə İkinci Dünya müharibəsindən sonra qurulan, 1971-ci ildən isə “Petro-dollar” adlanan maliyyə sisteminin çöküş prosesi dünyanın hər yerində ciddi qarşıdurmalara yol açır. Əlbəttə, bu, qlobal maliyyə sisteminin dünya hegemoniyasının bitməsi anlamına gəlir.

Ona görə də, bu qlobal sistem ABŞ kimi alətlər vasitəsilə dünyada xaos yaradaraq, dövlətləri zəiflətmək və yeni maliyyə sistemi tətbiq etməklə dünya hegemoniyasını qorumağa çalışır. Amma bunun qarşısında olan bir çox güc var. Birləşmiş Ştatların daxilində, eyni zamanda da dünyanın müxtəlif ölkələrində, məsələn, BRICS-də birləşən ölkələr bununla mübarizə aparırlar”.

Ə. Zülfüqaroğluya görə, Birləşmiş Ştatların daxilində olan proses onu deməyə əsas verir ki, qlobal maliyyə sistemi maksimum çalışacaq ki, Harris hakimiyyətə gəlsin və beləliklə də Birləşmiş Ştatları silahlı güc olaraq öz əllərində saxlasınlar:

“Amma, xüsusilə silah sənaye kompleksi başda olmaqla, böyük istehsal sənayesi müəssisələri – hansı ki, dünyanın müxtəlif ölkələrinə səpələniblər – çalışırlar ki, Tramp hakimiyyətə gəlsin və beləliklə, dünyanın müxtəlif dövlətlərinə, eyni zamanda, şirkətlərə dollar vasitəsilə təzyiq imkanlarını saxlayan güclər bu imkandan məhrum olsunlar. Məsələn Elon Mask da məhz bu xətti təmsil edir və seçkilərdə Trampa dəstək verir”.

O, əlavə edib ki, Birləşmiş Ştatlarda seçki prosesi daha gərgin məcraya qədəm qoyub:

“Bu əvvəlki seçkilərdən tamamilə fərqlənəcək. Bu seçkinin nəticələri ABŞ başda olmaqla, dünyanın taleyini həll edəcək. Çünki indiyə qədər olan proseslərə nəzər salsaq, istər Trampın saxta ittihamlarla məhkəmələrə cəlb olunması, istərsə də müxtəlif səpkili şantajlarla geri çəkilməsinə çalışılması, son zamanlarda isə sui-qəsd məsələsi onu deməyə əsas verir ki, ona qarşı olan qüvvələr istəklərinə nail ola bilmədilər”.

Siyasi şərhçi əlavə edib ki, ötəndəfəki seçki prosesində seçkinin saxtalaşdırılması ilə Baydenin hakimiyyətə gəlməsi bəlli idi:

“Böyük ehtimalla, Trampın arxasında olan güc bu riskləri də nəzərə alır və daha mütəşəkkil formada seçkiyə gedəcək. Ona görə də Trampın şanslarının daha yüksək olduğunu dəyərləndirirəm. Ümumiyyətlə, kimin hakimiyyətə gəlməyindən asılı olmayaraq, bu seçki dünyanın siyasi tarixində yeni bir mərhələnin başlanğıcı olacaq. Birləşmiş Ştatlarda Tramp uduzacağı təqdirdə, qarşıdurmaların yaranması, kütləvi etiraz aksiyalarının genişlənməsi daha çox müşahidə olunacaq”.

“Bir sıra dövlətlər də var ki, Birləşmiş Ştatların daxilindəki seçki prosesinə təsir etməyə çalışırlar. O cümlədən də Rusiyanı misal göstərə bilərik. Çünki bu nəticə, əlbəttə, bütün dünyaya ciddi şəkildə təsir edəcək. Harrisin hakimiyyətdə qalması isə əlbəttə, dünyada xaosun, müharibələrin, iqtisadi böhranların və digər süni problemlərin vüsət alması və dövlətlərə daha ciddi təsiretmə prosesinin başlayacağını deməyə əsas verir. Ona görə də Birləşmiş Ştatlardakı seçkinin nəticəsi dünya nizamının formalaşması üçün həlledici mərhələ olacaq”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

Seçilən
70
50
yenicag.az

10Mənbələr