AZ

Küçə ticarətinə kim nəzarət etməlidir?

Ekspertlər hesab edir ki, küçə ticarəti bələdiyyələrə verilməli, sahibkarlar isə vergi ödəməklə alnı açıq işləməlidirlər

Xəbər verdiyimiz kimi, Bakının Nizami rayonunda yerləşən “8-ci kilometr bazarı” ətrafındakı küçə ticarəti yığışdırılır. Nizami Rayon İcra Hakimiyyətindən  bildirilib ki, “8-ci km bazarı” ətrafında, Naxçıvanski küçəsi boyunca ərazidə olan qanunsuz küçə ticarətinin və antisanitar vəziyyətin aradan qaldırılması ilə bağlı tədbirlər görülür. Nəzərə çatdırılıb ki, qanunsuz quraşdırılmış, şəhərin ümumi görünüşünə xələl gətirən köşklər götürülür. İşlər yekunlaşdıqdan sonra ərazidə təmizlik, abadlıq və yaşıllıq işlərinin aparılması nəzərdə tutulur. İcra hakimiyyəti  bildirib ki, bir ay öncə  həmin yerdə küçə ticarəti ilə məşğul olan şəxslərə ərazidə abadlıq işlərinin aparılacağı barədə xəbərdarlıq edilib.

Küçə ticarətinin əksər hallarda insanların gəliş-gedişinə maneə yaratması faktdır. Bir çox inkişaf etmiş ölkələrdə də  küçə ticarəti geniş təşəkkül tapıb. Amma bu adamlar bir çox hallarda ona görə küçə ticarətini seçirlər ki, bazarlarda və ticarət mərkəzlərində icarə haqqı çox bahadır. Bunun tənzimlənməsi isə inzibati metodlarla qeyri-mümkündür. İndi aktual suallardan biri budur ki, küçə ticarətinə nəzarət kim edir və ya etməlidir - bələdiyyələr, yoxsa icra hakimiyyəti? 

İllərdir mütəxəssislər qeyd edir ki, küçə ticarəti qanunvericilikdə ən çox boşluq olan sahələrdən biridir, bu sahədə çox açıq və hər kəsə aydın olan yeni bir qanunvericilik bazasına ehtiyac var. Bu sahənin bələdiyyələrin vasitəsilə həyata keçirilməsi təklif olunur.

Eyyub

Eyyub Hüseynov

Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, küçə ticarəti bir çox ölkələrdə mövcuddur: “O cümlədən Fransada Bastiliya qalasının aşağı tərəfində, Romada, Afrikanın inkişaf etmiş hissəsində - Cənubi Afrikada görmüşəm. Lakin bunlar şəhərin xüsusi yerlərində bələdiyyələr tərəfindən təşkil edilir. Xüsusən dənizkənarı yerlərdə balıq bazarı olur. Saat 12-yə qədər fəaliyyət göstərir, sonra ərazi təmizlənib təhvil verilir. Bu, şənbə-bazar günləri baş verir. Yəni istehlakçıların mallara əlçatanlığına kömək etməklə, eləcə də şəxsi biznesin, ailə təsərrüfatlarının inkişafı üçün əhəmiyyət kəsb edən bir işdir. Lakin daim saxlanan, xüsusilə də ərzaq malları saxlanılan belə yerlər çox az-az olur. Bəzi ölkələrdə sənaye mallarının uzun müddət satılan yerləri olur. Təəssüf ki, Azərbaycanda bu sahə çox bərbad vəziyyətdədir. Etiraf edək ki, illərdi dəmir yolu vağzalının qarşısı biabırçı vəziyyətdə idi, oradan keçmək mümkün olmurdu, tədricən vəziyyət dəyişdi. MDB ölkələrinin hamısında, xüsusən də Gürcüstanda vəziyyət acınacaqlı idi. Get-gedə vəziyyət dəyişir. Nəhayət, icra hakimiyyəti "8-ci kilometr bazarı"nın ətrafına əl gəzdirdi. Bu, çox əhəmiyyətli məsələdir".

Eyyub Hüseynov əlavə edib ki, bu qərar çoxdan verilməli idi: “Ən təhlükəli qida məhsulları "8-ci kilometr bazarı"nda satılır. Rayonlardan mənşəyi məlum olmayan ətlər orada satılır. Küçə ticarətinə Bakı Şəhər İcra Hakimiyyətinin istehlakçı departamenti nəzarət edir. Həmin qurum eləcə də yeraltı keçidlərdəki ticarətə də nəzarət edir. Təəssüflər olunsun ki, illər boyu antisanitariyaya göz yumulub. Onu da qeyd edim ki, hətta şəhərin mərkəzində mallarını qapıdan çıxarıb çöldə küçəyə düzən yerlərə də icra hakimiyyətinin bu strukturu nəzarət edib. Düşünürəm ki, çox əhəmiyyətli addımdır. Baxmayaraq ki, orada çörək pulu qazanan insanlara ziyan olacaq, lakin gözəl Bakının simasını eybəcər göstərən həmin məkanlar bağlanmalı idi.

O ki qaldı  istehlakçıların "8-ci kilometr bazarı"ndan ucuz mal almasına, ucuz və keyfiyyətsiz mal almaqdansa, az, amma daha keyfiyyətli, təhlükəsiz mal alsınlar".

Qida üzrə mütəxəssis Ağa Salamova görə, küçələrdə açıq havada satılan qidalar çox təhlükəlidir: “Saatlarla mühit temperaturunda saxlanılan qidalar çirklənməyə məruz qalır. Bu da istehlakçıların zəhərlənməsinə səbəb ola bilər. Satış nöqtələri soyuducularla təchiz olunubmu, əgər məntəqə meyvə və tərəvəz yeridirsə, vətəndaş orada ət, toyuq da satmaq istəyirsə, o zaman oraya mütləq soyuducu qoyulmalıdır. Amma bu qidaların daşınması, saxlanması nəzarətdə olmalıdır”.

İqtisadçı Natiq Cəfərli isə deyir ki, səfər etdiyi ölkələrin hər birində küçə ticarəti, küçələrdə kiçik yarmarkalar, satış məntəqələri, səyyar satıcılar görüb: “Bir çox ölkələrdə iqtisadiyyatın bu sahəsi çox gözəl təşkil olunub və tənzimlənir, bəzilərində isə (məsələn, Özbəkistanda, Moldovada) polislərin nəzarəti altında, onların qazanc mənbəyi kimi fəaliyyət göstərdiyini görmüşəm.

Qardaş Türkiyədə səyyar ticarət, küçə alveri çox geniş yayılıb, bu sahəyə bələdiyyələr nəzarət edir, lisenziya verərək büdcəsinə pul qazanır, qaydalara uymayan satıcılarla mübarizə ilə polis deyil bələdiyyələrə bağlı “zabıta” məşğul olur.

Avropa ölkələrində də küçə-səyyar ticarət və xidmətlə bələdiyyələr məşğuldur, yerli özünüidarə institutlarının əsas gəlir mənbələrindən biri bu sahəyə lisenziya vermək, tənzimləmə rolunda çıxış etməkdir. Azərbaycanda yerli özünüidarə insitutları yoxdur, bələdiyyələr “ölü doğuldu”, küçə-səyyar ticarəti tənzimləyən qaydalar isə “uçastkovı”ların iki dodağı arasındadır - küçə ticarəti isə antisanitariya şəklində aparılır, vergisi/ödəniş də büdcəyə yox, ciblərə gedir.

Dünya var olandan, şəhər-dövlətlər yaranandan bəri istənilən sistem, rejim, quruluş iki məsələnin qarşısını tam ala bilməyib - pul və ideya. Hətta SSRİ kimi qaniçən, totalitar dövlət belə nə küçə ticarətinin, nə alverçilərin qarşısını ala bilirdi, sonda da Yasamal, Kubunka kimi yerlərdə “uçastkovı” olmaq nazir olmaq kimi bir şeyə çevrilirdi, çünki qazancı, qaymağı onlar götürürdülər. İndi də heç nə dəyişməyib, sovet canımızdan, idarəetmə sistemimizdən çıxmayıb, küçə ticarətini, səyyar xidməti, avtomobil parklanmasını normal təşkil etmək üçün mütləq ilk növbədə Böyük Şəhər Bələdiyyəsi, Mer institutu təsis edilməli, bu sahədə səlahiyyətlər tamamən birbaşa vətəndaşlar tərəfindən seçilmişlərə verilməlidir. Bundan sonra küçə-səyyar ticarət və xidmətlə məşğul olanlar isə antisanitariya şəraitində oğrun-oğrun yox, lisenziya alaraq, vergisini ödəyərək alnı açıq, üzü ağ bu məsləkdə çalışacaqlar".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Seçilən
98
1
musavat.com

2Mənbələr