AZ

Çin rəsmisi: COP29 iqlim dəyişikliyi ilə mübarizədə əməkdaşlığın əvəzolunmazlığını nümayiş etdirəcək

İqlim dəyişikliyi heç bir ölkənin sığortalana və təkbaşına mübarizə apara bilməyəcəyi qlobal bir problemdir. Birlik irəliyə aparan yeganə yoldur. Çin COP29-un uğurlu nəticələr əldə etməsi və qlobal iqlim fəaliyyəti üçün bütün ölkələrlə birlikdə səy göstərməyə hazırdır.

Bu sözləri Çin Ekologiya və Ətraf Mühit Nazirliyinin iqlim dəyişikliyi departamentinin direktoru Sia İnsian noyabrın 1-də Dövlət Şurasının (Nazirlər Kabineti) İnformasiya Ofisində təşkil olunan mətbuat konfransında AZƏRTAC-ın xüsusi müxbirinin COP29-la bağlı sualına cavabında bildirib.

Azərbaycanın COP29-a ev sahibliyi etməsini yüksək qiymətləndirən Sia İnsian əlavə edib: “Çin nümayəndə heyəti Paris iqlim sazişinin tələblərinin yerinə yetirilməsi üçün COP29-un işində konstruktiv rol oynamağa, ev sahibi Azərbaycanla və müvafiq tərəflərlə çalışmağa davam edəcək. Çinin COP29-dan ən böyük gözləntisi danışıqların uğurla nəticələnməsi və qarşıya qoyulan hədəflərə nail olunmasıdır. Ümid edirik ki, bütün tərəflər Paris razılaşmasına sadiq qalacaq, onun prinsiplərini və tələblərini yerinə yetirəcək. Hesab edirik ki, COP29 iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq əməkdaşlığın əvəzolunmazlığını nümayiş etdirəcək”.

COP29-da iqlim maliyyələşməsi məsələsində yeni kəmiyyət hədəflərinə çatmağın mümkün olacağına ümid etdiyini bildirən Çin rəsmisi, bunun üçün inkişaf etmiş ölkələrin öz öhdəliklərini yerinə yetirməklə daha çox maliyyələşmə üçün səylərini səfərbər edəcəyinin arzulanan olduğunu deyib: “İnkişaf etmiş ölkələrin iqlim maliyyələşməsində inkişaf etməkdə olan ölkələr qarşısında öhdəliklərini yerinə yetirməsi çox vacibdir. Bu, konfransın yekunu üçün əsas məqamdır. Çin ümid edir ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) “Ümumi, lakin fərqli məsuliyyət və müvafiq imkanlar” (Common but Differentiated Responsibilities and Respective Capabilities - CBDR-RC) prinsipinə hörmət olunacaq, inkişaf etmiş ölkələrin səyləri inkişaf etməkdə olan dövlətlərin səyləri ilə üst-üstə düşəcək. Beləcə, biz “Müəyyən edilmiş milli töhfələr”in (Nationally Determined Contributions - NDCs) təqdimatı üçün ədalətli bir təməl yarada bilərik”.

Sia İnsian bildirib ki, Çinin Ekologiya və Ətraf Mühit Nazirliyi, Xarici İşlər Nazirliyi və digər qurumlarından ibarət 90 nəfərlik nümayəndə heyəti COP29-da iştirak edəcək. COP29 çərçivəsində “Çin guşəsi”ndə 50-yə yaxın tematik paralel tədbirlərin keçirilməsi planlaşdırılıb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Seçilən
50
13
xalqqazeti.az

10Mənbələr