AZ

Nağdsız ödəniş problemi - təhlil

Banklar əhalini stimullaşdırır, sahibkarlara isə...

Azərbaycanda xüsusilə ticarət obyektlərində vergidənyayınma halları kifayət qədər geniş yayılıb. Hökumətin bunun qarşısını almaq üçün atdığı addımları müəyyən qədər effekt versə də, vergidənyayınmanın qarşısının böyük ölçüdə alındığını söyləmək mümkün deyil. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ticarət obyektlərində müasir tipli POS-terminal və nəzarət-kassa aparatları quraşdırılması tələbinə əksər ticarət obyektləri əməl edirlər. Lakin bununla yanaşı, dövriyyəni gizlətmək üçün kənar üsullara da əl atırlar.

Maraqlıdır ki, ticarət obyektlərində vergidənyayınmanın qarşısının alınmasında bankların da müsbət təsiri var. Belə ki, bankların müxtəlif kartlara cəlbedici kəşbeklər tətbiq etməsi vətəndaşların alış-verişlərində getdikcə daha çox kartla ödənişlərə üstünlük verməsinə səbəb olur. Lakin ticarətçilər buna da yol tapıblar. Onlar bir çox hallarda ödənişi kartla etmək istəyən şəxslərə POS-terminal deyil, kart nömrəsi verirlər ki, ödəniş kartdan-karta həyata keçirilsin. Bu halların böyük sürətlə artması artıq Dövlət Vergi Xidmətinin və bankların da diqqətini cəlb edib. Bir sıra banklar ay ərzində kartdan-karta köçürmə əməliyyatlarına limit tətbiq etməyə başlayıblar. Dövlət Vergi Xidməti isə iaşə və pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan obyektlərə nəzarəti gücləndirib. Son bir həftə ərzində xidmət tərəfindən Bakı şəhərində yerləşən 113 belə obyektə qarşı maliyyə sanksiyaları tətbiq edib. Xidmətin yaydığı məlumata əsasən dəfələrlə edilən xəbərdarlıqlara və aparılan məlumatlandırma işlərinə baxmayaraq, pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişlərin POS-terminal deyil, kartdan-karta köçürmə əməliyyatları vasitəsilə həyata keçirilməsi hallarının davam etdiyi müşahidə olunur: “Qeyd edilən halların qarşısının alınması üçün Dövlət Vergi Xidməti bu istiqamətdə nəzarəti tədbirlərini gücləndirib. Belə ki, Bakı şəhərində iaşə və pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə məxsus obyektlərdə keçirilən nəzarət tədbirləri zamanı nağdsız ödəmələrin POS-terminal vasitəsilə deyil, kartdan-karta köçürülməsinin təşkili ilə bağlı bir sıra faktlar qeydə alınıb. Tədbirlər nəticəsində 113 obyektdə açıq şəkildə kart nömrələrinin gözlə görünən yerlərdə nümayiş olunduğu, bir sıra obyektlərdə müştərilərə sistematik şəkildə kartdan-karta köçürmələr etmək təklif olunduğu müəyyənləşdirilib.

Vergi orqanlarının ilkin xəbərdarlıqlarına baxmayaraq, həmin obyektlərdə bu halların davam etdiyi nəzərə alaraq, sahibkarlıq subyektlərinə protokollar tərtib olunaraq maliyyə sanksiyalarının tətbiqi barədə qərarlar qəbul edilib.

Eyni zamanda, POS-terminallardan istifadədən imtina halları müşahidə olunduğundan Bakı şəhəri ərazisində monitorinq və vergi nəzarəti tədbirləri davam etdirilir".

Vergi Xidməti sahibkarlara müraciət edərək bildirir ki, nağdsız vəsaitin qəbul edilməsi yalnız POS-terminal vasitəsilə həyata keçirilməli, bu zaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı nəzarət-kassa aparatının çeki də təqdim edilməlidir: “”İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanuna uyğun olaraq POS-terminalların quraşdırılması, “Elektron ticarət haqqında” Qanuna əsasən isə istehlakçıların elektron ödəniş etmək imkanını təmin etmək vergi ödəyicilərinin birbaşa vəzifələrinə aiddir. Eyni zamanda, POS-terminal quraşdırılması məcburi olan obyektlərdə bu hallara nəzarət və nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi ilə bağlı operativ vergi nəzarəti tədbiri keçirmək vergi orqanının hüquqlarına aid edilib.

Dəfələrlə edilmiş xəbərdarlıqlara və aparılan məlumatlandırma işlərinə baxmayaraq qeyd olunan qanuna zidd hallar hələ də davam etdiyi üçün bu istiqamətdə vergi nəzarəti tədbirləri gücləndirilib. Dövlət Vergi Xidməti bir daha sahibkarlıq subyektlərinin nəzərinə çatdırır ki, POS-terminal quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmamasına və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə təqvim ili ərzində belə hallara 1-ci dəfə yol verildikdə 1 000 manat, 2-ci dəfə yol verildikdə 3 000 manat, üç və daha çox dəfə yol verildikdə isə 6 000 manat maliyyə sanksiyaları tətbiq olunur.

Bununla əlaqədar sahibkarlara Vergi Məcəlləsində nəzərdə tutulan maliyyə sanksiyalarına məruz qalmamaq üçün nağdsız ödənişləri qanunvericiliyin tələblərinə əsasən, yalnız POS-terminal vasitəsilə qəbul etmək tövsiyə olunur. Eyni zamanda, Dövlət Vergi Xidməti vətəndaşları mal, iş və xidmətlər alarkən nağdsız ödənişləri kartdan karta köçürmə əməliyyatları ilə deyil, yalnız POS-terminal tələb etməklə həyata keçirməyə çağırır".

Qanunvericiliklə nağdsız ödənişlərin qəbulundan yayınmanın ağır maliyyə sanksiyalarına səbəb olacağını bildiyi halda, sahibkarlar niyə belə qanunsuzluğa yol verirlər? İqtisadçı Eyyub Kərimlinin fikrincə, burada nağdsız ödənişlərə görə banklar tərəfindən yüksək faizlərin alınmasıdır: “Nəğdsiz ödənişlərin dövriyyəsinin artmağı zəruridir, qaçınılmazdır, vacibdir. Lakin nəzərə almaq lazımdır ki, nəğdsiz ödənişlər zamanı 3-4 faizə qədər vəsait itkisi baş verir. Buna sahibkarları stimullaşdırmaq üçün müəyyən diversifikasiyalı yanaşmalara ehtiyac var. Əsasən də kiçik sahibkarlar üçün. Sadələşmiş vergi ödəyicisi 2 faiz dövriyyədən vergi ödədiyi halda 3 faiz bank və digər rüsumlarda itirir. Fikrimcə, müəyyən həddə qədər nağdsız dövriyyələrə müəyyən güzəştlər tətbiq edilməlidir”.

Yazını hazırladı: Dünya SAKİT

 

Seçilən
98
5
musavat.com

10Mənbələr