AZ

Bir gilizin içinə bir ömrün sığdığı an…

Ruslan İzzətlinin müharibə xatirələri…

l hissə

Sentyabrın 27-si idi, böyrəyimdən əməliyyat olunduğum üçün, Silahlı Qüvvələrinin Baş Klinik Hospitalındaydım. Bazar günü idi, bütün şöbələrə informasiya verdilər ki, sabah şöbə rəislərinin hospitalın həyətində iclası olacaq. İkinci Qarabağ müharibəsi artıq başlamışdı. 

Bilirdik ki, müharibə itkisiz olmur və təbii olaraq hospitala yaralılar gələcək. Bizim şöbədə Gülnarə adında tibb işçisi var idi, həyat yoldaşı da hərbçidir. Həm yoldaşına görə, həm də yaralıların gələcəyinə görə çox ağlamışdı. Çünki əks hücum əməliyyatı onun həyat yoldaşının olduğu ərazidən başlamışdı. Təzə əməliyyat olunmağıma baxmayaraq, tibb işçiləri ilə birlikdə səhərə kimi 1600 tampon hazırlamışdıq. Əslində, əməliyyatıma görə mənim hərəkət etməyimə icazə verilmirdi, amma yerimdə rahat da dura bilmirdim. O anda əlimdən gələn tibb işçilərinə kömək etmək idi. 

Hospitaldan oktyabrın 2-də çıxdım, ona qədər isə ən çox gələn yaralılar qəlpə yaraları alanlar idi. 

Gülnarə xanım yanıma gəlib dedi ki, bir əsgərimiz var, yaralıdır, heç nə yemir, bəlkə, sən onla söhbət etsən, nəsə yeyər. Həmin yaralı əsgərin palatasına getdim. Açığı, bir ayağının amputasiya olunduğunu bilmirdim, görəndə çox pis tutuldum, ayağının kəsilməyinə görə özünə qapanmışdı. 

Dedim, ailənlə danışmaq istəyirsən? Cavab verdi ki, yox! Mən anama necə deyim ki, bir ayağım kəsilib? Çölə çıxıb ağladım, gördüm ki, Gülnarə xanım da göz yaşlarını saxlaya bilməyib. 

Əsgər Gülnarə xanımın həyat yoldaşının xidmət etdiyi hərbi hissədən idi. Əsgərin vəziyyətindən anlamışdı ki, həmin hərbi hissə də əməliyyatlarda iştirak edir. Bir sutkadan çox idi ki, yoldaşı ilə əlaqə saxlaya bilməmişdi. 

Mən müharibənin ilk travmasını onda gördüm, bir tərəfdə 18-19 yaşında Seymur adlı əsgərimizin bir ayağının kəsilməsi, digər tərəfdə də həm şərəfli peşəsini yerinə yetirən, həm əsgərimiz üçün göz yaşı axıdan, həm də zabit həyat yoldaşından nigaran qalan tibb bacısı. İlk gördüyüm ağır yarlı Seymur idi. Bu, hələ müharibənin başlanğıcı idi... 

Hospitaldan çıxan günə qədər hər axşam saat 8-9 arası qonşu şöbələrin palatalarını gəzirdim ki, görüm yaralılar arasında bizim hərbi hissədən kimsə varmı? Çünki informasiya fərqliliyi var idi, bəziləri deyirdi ki, sizin hərbi hissədə vəziyyət çətindir, bəziləri də əksinə hərbi hissənin müdafiədə olduğunu bildirmişdi. Hərbi hissədən heç cür xəbər ala bilmirdim. 

Birdən hərbi hissənin yanındakı mağazanı işlədən Fədail yadıma düşdü. Xəstələrdən birinin telefonu ilə ona zəng etdim ki, komandirlərdən kimin nömrəsi var səndə? Mənə zabitlərdən birinin nömrəsini verdi, ona zəng etdim. Həmin zabitimiz də yaralanmışdı, çəkinə-çəkinə, birtəhər əl-ayağının salamat olub-olmadığını soruşdum, o da sadəcə, qəlpə yarası aldığını bildirdi. Amma o qəlpə indi sağlamlığı üçün çox ciddi problem yaradıb. Mənə bölüyümüzdən üç şəhidin olduğunu dedi, bunlardan biri dostum Məmmədov Altun, Haqverdiyev Ayxan və gizir Kənan Səlimzadə idi. 

Xəbərdən özümə gələ bilmədim. Bundan sonra Urologiya şöbəsinin rəisi, polkovnik İqbal Mirzəyevin yanına gedib xahiş etdim ki, məni hospitaldan çıxarıb hərbi hissəyə göndərin. O, bunun onun səlahiyyətindən kənar olduğunu bildirdi. Dedi ki, sənin böyrəyində stend var, buna görə göndərə bilmərik. Çünki birbaşa döyüşə gedəcəksən və səni ambulator müalicə edən olmayacaq. Mən də dedim ki, hospitalın rəhbərliyinə ərizə yazıb sağlamlığımla bağlı məsuliyyəti öz üzərimə götürürəm, mən getməliyəm! 

Gülnarə xanım və digər tibb işçiləri dedi ki, vəziyyət çox pisdir, getmə və sən, zatən, məcburiyyətdən burdasan. Ailəlisən, azyaşlı uşağın var... 

Heç kimi dinləmədim və cəbhə bölgəsinə gedən ilk avtobusla Füzulinin Əhmədbəyli kəndinə yola düşdüm. Yolda vətəndaşlar avtobusu saxlayıb yemək-filan verirdilər. 

Ailəmə belə hospitalı tərk etməyimi demədim. Çünki hər gün şəhid xəbəri eşidən ailəmin nigaran qalmasını istəmirdim. 

Artıq Füzulidə idim, mənə boş bir giliz və kağız parçası verildi. Deyildi ki, ad-soyadınızı, qan qrupunuzu, olduğunuz hərbi hissəni yazıb bu gilizin içinə yerləşdirin. Dedilər, bu, döyüşdə tanınmaz hala düşənləri tanımaq üçün bir vasitədir.  

Bir gilizin içinə bir ömrün sığdığını o zaman anladım…
 
Bakı, Kürdəxanı Təcridxanası,
04.11.2024
Seçilən
94
33
arqument.az

10Mənbələr