AZ

Trampın planı: Ukrayna təslim olur, Azərbaycan isə...

Politoloq Natiq Miri ABŞ-da keçirilən prezident seçkiləri və bunun mümkün geosiyasi nəticələri barədə danışıb.

Onun məsələ ilə bağlı Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- ABŞ-da keçirilən prezident seçkiləri necə yekunlaşacaq, sizcə, sonda qələbəni kim aktivinə yazacaq: demokrat Kamala Harris, ya respublikaçı Donald Tramp?

- Açığı, dəqiq bir şey söyləmək çətindir, qeyri-ciddilik olardı. Aparılan müxtəlif sorğular mübarizənin başabaş getdiyini göstərir. Bəzilərində Tramp, digərlərində Harrisin öndə olduğu görünür. Amma bir şeyi qeyd eləmək lazımdır ki, ABŞ özünü “demokratiyanın beşiyi” adlandırsa da, Amerikada prezidenti xalq seçmir. Amerikada xalqa belə bir haqq və etimad tanınmır. Xalq öz namizədini seçir, yekun qərarı isə ştatlar üzrə seçici qurumlar verir. Həmin qurumlar sonda toplanıb prezidenti müəyyən edirlər. Yəni ABŞ seçkiləri “xalq səsverməsi və ya demokratik seçki” anlamına gəlməməlidir.

Digər yandan, bu namizədlərdən birinin seçilməsi qlobal və bəşəri anlamda dünyaya müsbət heç nə qazandırmayacaq. Zaman-zaman Trampın iqtisadi anlamda ABŞ-ı gücləndirəcəyi, Harrisin də sosial yöndə ciddi addımlar atacağı kimi fikirlər səsləndirilir. Bəlkə də ABŞ üçün nələrsə ola bilər, amma insanlıq bundan heç nə udmayacaq. Çünki şüurlarda dəyişiklik yoxdur. ABŞ-ın dünya siyasətində insan amili əsas deyil. İndiyədək Tramp və ya Harrisin dilində insanlıq adına bir cümlə eşitmisinizmi? Bu, ABŞ-ın özünün məsələsidir, daxili siyasi qüvvələr arasındakı mübarizədir, qlobal maliyyə şəbəkələri arasındakı rəqabətdir. Həmçinin bu, qlobal müharibə boslarının milyardlar və trilyonlar uğrunda döyüşüdür.

ABŞ seçkilərindən danışırıqsa, insanlıq adına heç nə iddia etmək mümkün deyil. Yəni yekun seçimin bu anlamda heç bir mənası yoxdur. Harris və ya Tramp dünya üçün heç nə ifadə eləmir. Əksinə, bu seçim yeni göz yaşları gətirəcəksə, onların ikisindən birinin seçilməsinin nə anlamı var?..

- Bizi maraqlandıran gələcək ABŞ prezidentinin Azərbaycan siyasətinin necə olacağı ilə bağlıdır. Məsələn, həmin şəxs Harris olsa, bu, ABŞ-ın Azərbaycan siyasətinə necə təsir edəcək?

- Harris Demokratlar Partiyasını təmsil edir. Demokratların son illərdə yürütdüyü siyasət ABŞ-ın hegemonluğu və etimadına çox ciddi zərər verib. Bayden dönəmində ABŞ xəyanətkarcasına əfqanları yarı yolda qoyaraq, arxasına baxmadan qaçdı, milyonlarla insanı sərt şəriət rejiminin (Taliban) “mərhəmət”inə buraxdı. ABŞ bununla sübut elədi ki, onun yalnız maraqları var, heç bir anlaşma və beynəlxalq hüquq vecinə deyil.

Harrisə Bayden hakimiyyətinin davamı kimi baxmalıyıq. Bu hakimiyyətin davamında ABŞ və dünyanı müsbət heç nə gözləmir. Çünki Əfqanıstanı yarı yolda qoyaraq qaçan ABŞ həm də Rusiya-Ukrayna müharibəsinə rəvac verən gücdür. Bu gün Yaxın Şərqdəki amansız müharibələrə rəvac verən yenə Demokratlardır. Onların “ABŞ-ın hegemoniyası” adı altında yürütdüyü siyasət tamamilə iflasa uğrayıb. İndi bunun davamı ABŞ və ya insanlığa nə qazandıracaq? Buna görə də, Harrisdən insanlıq üçün müsbət siyasət gözləmək mümkün deyil.

- Trampdan nə gözləməliyik?

- Tramp haqda da müsbət heç nə demək olmur. Düzdür, Tramp ayrı-ayrı regionlar barədə Demokratlar kimi düşünmür, ABŞ-ı iqtisadi güc kimi önə çıxaracağını deyir, amma o, bir dövləti idarə edə biləcək bir adam deyil. Tramp biznesmendir, yəni mənfəət təfəkkürü ilə hərəkət edən adamdır.

Trampın erməni katalikosu I Arama zəng eləməsi hansı anlama gəlir? Ermənistanın bir dövlət başçısı var – Nikol Paşinyan. Ona zəng olunmur, guya bir katolikos seçkilərdən əvvəl ABŞ-da yaşayan ermənilərə təsir edəcək. Bu, əxlaqi baxımdan doğru yanaşma deyil.

Trampın vaxtilə Azərbaycanla biznes fəaliyyətləri olub. Bu baxımdan Azərbaycanı tanıyır və münasibəti müsbətdir. Amma kimsə fikirləşirsə ki, kimsə gələcək, daha yaxşı olacaq, bu, özünü aldatmaqdan başqa bir şey deyil. Əfqanlar ABŞ-a güvənmişdilər, bəs sonda nə oldu? Ukrayna da ABŞ və Avropaya güvənmişdi, indi nə baş verir? Buna görə də, hər bir xalq və dövlət özünə güvənməlidir. Bizim yolumuz kiminsə prezident seçilməsinə hesablanmayıb, bizim öz yolumuz var və bu xətt üzrə irəliləyirik.

İndi əsas məsələ və hədəf yeni dünya düzənində cazibə mərkəzi olmaqdır. Qayə bəllidir: Qızılalma. Bütün Türk dünyası vahid güc olmalıdır. Əgər ABŞ, Çin və digər qlobal güclər dünyanı bölüşdürmək istəyirlərsə, biz kiminsə yanında olmalı deyilik, özümüz cazibə mərkəzi olmalıyıq. Hədəf budur.

“Tramp gələcək, yaxşı olacaq” deyimləri illüziyadır, özümüzü aldatmayaq.

- Dünyada ABŞ seçkiləri kontekstində ən çox müzakirə olunan mövzu Ukraynanın gələcəyidir. Ukraynanı bundan sonrakı dönəmdə nə gözləyir?

- ABŞ seçkilərinin nələrə yol açacağı ilə bağlı ehtimal qeyri-müəyyəndir. Məsələn, Tramp bəyan edir ki, o qalib gəlsə, Rusiya müəyyən şərtlərlə sülhə getməlidir. Bu olmasa, alternativi ABŞ-ın Ukraynanı bütün növ strateji silahlarla təmin etməsidir. Bu, Rusiya üçün böyük problemlər yaradacaq. Əgər ABŞ silahları ilə Rusiyanın dərinliklərinə zərbələrin endirilməsinə icazə verilsə, Moskva üçün yaxşı olmayacaq. Trampın başqa bir planı Ukraynanın müəyyən ərazi güzştləri hesabına Rusiya ilə razılaşmaya getməsi ilə bağlı ola bilər. Yəni Ukraynaya verilən təklif bu olacaq.

Trampın mümkün qələbəsi ilə başqa bir gəlişmə də ola bilər. Bu da ABŞ-ın geri çəkilməsi və müharibənin bütün yükünün Avropanın üzərinə düşməsi ilə əlaqəlidir. Perspektivlər bunlardır. Bunlardan hansının olacağı Avropa Birliyinin qərarı və ABŞ seçkilərinin nəticələrindən asılı olacaq.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
32
50
teleqraf.com

10Mənbələr