AZ

“Güclü iqtisadi imkanlar Azərbaycanın döyüş meydanında parlaq qələbəsini şərtləndirdi” - RƏY

“Qırx dörd gün davam edən və noyabrın 10-da şanlı Zəfərimizin əldə edilməsi ilə  başa çatan Vətən müharibəsi xalqımızın 30 ilə yaxın davam edən torpaq həsrətinə son qoydu.  Tarixi  Zəfərimiz illər ərzində Azərbaycanın hərtərəfli strateji inkişaf konsepsiyasının uğurlu icrasının, güclü dövlət quruculuğu istiqamətində aparılan müdrik və müəyyən hədəflərə hesablanmış praqmatik siyasətin məntiqi nəticəsi oldu. Həyata keçirilən müstəqil siyasət, güclü iqtisadi dayaqların formalaşdırılması, peşəkar ordu quruculuğu istiqamətində atılan addımlar, xarici ölkələr və beynəlxalq təsisatlarla müxtəlif formatlarda qurulan səmərəli əməkdaşlıq əlaqələri, ölkədə mövcud olan ictimai-siyasi sabitlik və xalqın sarsılmaz birliyi tarixi Qələbəmizi şərtləndirən əsas amillərdəndir”.

Bu fikrləri İqtisadiyyat.az-a Milli Məclisin deputatı Mircəlil Qasımlı bildirib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi ilə həyata keçirilən  uzaqgörən, məqsədyönlü və nəticəyə hesablanmış siyasət nəticəsində ötən illər ərzində ölkəmizin davamlı və dayanıqlı iqtisadi inkişafa, qüdrətli orduya malik dövlət kimi beynəlxalq arenada böyük nüfuz sahibinə çevrildiyini söyləyən deputat deyib:

“Ordu quruculuğu ilə yanaşı, iqtisadi-sosial inkişafını uğurla həyata keçirən, müxtəlif ölkələrlə və beynəlxalq təsisatlarla əlaqələrini genişləndirən ölkəmiz regionda əsas söz sahibi kimi mövqelərini möhkəmləndirdi. Azərbaycanın təşəbbüsü və iştirakı ilə icra edilən beynəlxalq enerji və nəqliyyat layihələri ölkəmizin iqtisadi qüdrətinin artırılmasına, hərtərəfli inkişafına əsaslı zəmin yaratdı. Əlbəttə ki, dünya dövlətləri ilə qurulan qarşılıqlı səmərəli əməkdaşlıq əlaqələri Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsini təmin etdi. Beləliklə, Azərbaycan tam müstəqil xarici siyasət yürüdərək, öz parlaq gələcəyini özü müəyyənləşdirdi”.

Mircəlil Qasımlı qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, işğalçılıq siyasəti onu regionda icra olunan bütün nəhəng layihələrdən kənarda saxladı:

“Azərbaycanın yürütdüyü məqsədyönlü siyasəti gələcəyini yalnız xarici ianələrin ümidinə bağlayan Ermənistanın onsuzda məhdud olan iqtisadi imkanlarının üzərindən tamamilə xətt çəkmiş oldu. Qısa müddət ərzində Avropanın enerji təhlükəsizliyinin əsas təminatçılarından birinə çevrilən Azərbaycanın tərəfdaş ölkələrlə iqtisadi münasibətləri siyasi və digər sahələrdə də əməkdaşlıq əlaqələrinin formalaşmasını təmin etdi. Qonşu ölkələrin iştirakı ilə qurulan çoxtərəfli platformalar isə regionda yeni əməkdaşlıq imkanları yaratdı”.

İqtisadi imkanlarının sürətlə artmasının ölkəmizin ordu quruculuğuna da xüsusi diqqət ayırmasına böyük imkanlar açdığını bildirən Mircəlil Qasımlı deyib ki, ötən illər ərzində məhz hərbi məqsədlər üçün hər il əvvəlkilərdən daha böyük məbləğlərdə vəsaitlər ayrıldı, bir çox hallarda Azərbaycanın müdafiə xərcləri Ermənistanın bütün dövlət büdcəsindən təxminən 2 dəfə çox olurdu.

“Xüsusən vətənpərvər, fiziki hazırlıqlı gənc nəslin formalaşdırılması istiqamətində böyük işlər görüldü. Peşəkar hərbçilərin hazırlanması daim diqqət mərkəzində saxlanıldı. Həmçinin Azərbaycanda hərbi sənaye kompleksinin beynəlxalq təcrübəyə uyğun  formalaşdırılması və inkişafı Vətən müharibəsində əldə olunan Qələbədə mühüm rol oynadı. Müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahların istehsalı ordumuzun arsenalının zənginləşdirilməsini təmin etdi”, - deyə deputat Mircəlil Qasımlı vurğulayıb.

Deputat bildirib ki, haqq işimizin beynəlxalq ictimaiyyətə çatdırılması və onun dəstəyinin qazanılması daim Azərbaycanın xarici siyasət kursunun prioritet məsələlərindən biri kimi diqqət mərkəzində saxlanılırdı. Prezident İlham Əliyev bütün səfərlərində, keçirdiyi bütün görüşlərdə, ən mötəbər tribunalarda etdiyi bütün çıxışlarda Azərbaycanın ədalətə söykənən mövqeyini bəyan edir, ölkəmizin işğal faktı ilə barışmayacağını və tarixi torpaqlarını işğalçılardan təmizləyəcəyini vurğulayırdı. Eyni zamanda düşünülmüş məqsədyönlü siyasət sayəsində bu müddət ərzində münaqişənin həlli üçün hüquqi baza möhkəmləndirildi. Nüfuzlu beynəlxalq  təşkilatlar tərəfindən Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qərar və qətnamələr qəbul edildi:

“Beləliklə, 2020-ci il sentyabrın 27-də düşmənin növbəti genişmiqyaslı təxribatına cavab olaraq başladılan və “Dəmir yumruq” əməliyyatı kimi tarixə düşən İkinci Qarabağ müharibəsi Prezident-ordu-xalq birliyinin təcəssümü olmaqla yanaşı, ölkəmizin iqtisadi-siyasi qüdrətini, hərbi gücünü xalqımızın yenilməzliyini, həmrəyliyini dünyaya bir daha nümayiş etdirdi.  Artıq qalib Azərbaycan xalqı Zəfər Gününü və Dövlət Suverenliyi Gününü azad edilmiş doğma torpaqlarımızda da böyük sevinclə qeyd edir, şanlı üçrəngli bayrağımız ölkəmizin bütün bölgələrində qürurla dalğalanır”.

 

Seçilən
26
iqtisadiyyat.az

1Mənbələr