AZ

İrəvan Bakının COP29 təklifinə “cavab” verdi – İki maddə

Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib ki, Bakıda saxlanılan erməni hərbçilər azad edilsə, İrəvanın COP29-a nümayəndə göndərməsi mümkündür.

O, hazırda Azərbaycanda həbsdə olan keçmiş erməni separatçıların bu siyahıda olub-olmadığı haqda danışmayıb.

Globalinfo.az-a danışan siyasi şərhçi Asif Nərimanlı deyib ki, Ermənistan hakimiyyəti COP29 tədbirində iştirak etməkdə maraqlı görünür, çünki bundan imtina etmək beynəlxalq müstəvidə “sülhpərvər imicinə” zərər vuracaq:

“COP29 tədbirində sülh sazişinə dair ilkin razılaşmanın imzalana biləcəyi gündəmdə idi. İndi bu, gündəmdən çıxsa belə, Ermənistan Bakıya nümayəndə göndərməklə sülh gündəliyinə sadiq olduğunu nümayiş etdirməyə çalışa bilər. Lakin bunun üçün Bakıda həbsdə olan “erməni hərbçilərin” azad edilməsi şərtini irəli sürməsi iki məqsədə xidmət edir.

Birincisi, ölkə daxilində Ermənistan nümayəndəsinin Bakıya getməsinə haqq qazandırmağa çalışır. Erməni hərbçilərin azad edilməsini isə qazanc kimi göstərmək istəyir.

İkincisi, COP29-da iştirak etməyəcəkləri təqdirdə, məsuliyyəti Azərbaycanın üzərinə qoymaqdır. Bakı bu şərti qəbul etməsə, İrəvan beynəlxalq ictimaiyyətə “Azərbaycan sülhdə maraqlı deyil” tezisini təqdim edəcək”.

Ekspert deyib ki, İrəvan hər iki halda qazanclı çıxmağa çalışır:

“Fikrimcə, “həbsdə olan ermənilərin azad edilməsi”nə separatçılar daxil deyil. Bakı bu məsələni müzakirə belə etmir, İrəvan da bunu bildiyi üçün gündəmə gətirmir. Üstəlik, separatçıların azad edilməsi Paşinyan hakimiyyətinə də sərf etmir. İstisna deyil ki, söhbət 44 günlük müharibədən sonra Qarabağda antiterror əməliyyatları, eləcə də sərhəd təxribatları zamanı saxlanıldığı düşünülən erməni hərbçilərdən gedir.

Ermənistan tərəfi hələ də Bakıda həbsdə olanların qaldığını desə də, Azərbaycanın rəsmi təsdiqi yoxdur. Fikrimcə, Azərbaycan COP29-da Ermənistanın gəlişi qarşılığında bir neçə ermənini təhvil verə bilər – əgər həqiqətən də Bakı həbsxanasında erməni hərbçi varsa. Ermənistanın COP29-da iştirakı həm Qarabağ revanşizminə və bu məsələdən istifadə etməyə ümid edən qüvvələrə zərbədir, həm də sülh danışıqlarının paytaxtımızda aparılması imkanlarını yaradır. Bu məsələ Azərbaycanın əlini daha da gücləndirə bilər”.

Seçilən
129
36
turkustan.az

10Mənbələr