AZ

Dünya dini liderlərinin qlobal Bakı Sammiti işini plenar iclasla davam etdirir

Prezident İlham Əliyevin təşəbbüsü və himayədarlığı ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Beynəlxalq Müsəlman Ağsaqqallar Şurası, Qafqaz Müsəlmanları İdarəsi və BMT-nin Ətraf Mühit Proqramı tərəfindən "Dünya dinləri yaşıl planet uğrunda" mövzusunda keçirilən Dünya dini liderlərinin qlobal Bakı Sammiti noyabrın 6-da işini plenar iclasla davam etdirir.

“İki sahil” xəbər verir ki, tədbirin sonunda COP29 çərçivəsində "Dünya dinləri yaşıl planet uğrunda" mövzusunda keçirilən Dünya dini liderlərinin qlobal Bakı Sammitinin yekun sənədi - Bakı Bəyannaməsi və Dünya dini liderlərinin COP29 Bakı iştirakçılarına müraciəti qəbul ediləcək. Sammit iştirakçıları, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür məktubu ünvanlayacaqlar.

Daha sonra mətbuat konfransı ilə ikigünlük Sammit yekunlaşacaq.

Qeyd edək ki, ikigünlük sammitdə 30-a yaxın dünya və ənənəvi dinlərin liderləri, nüfuzlu dini mərkəzlərin başçıları - patriarxlar, Vatikan və Əl-Əzhər rəsmiləri, müxtəlif qitələri, konfessiyaları və dünya miqyasında tanınmış görkəmli din və ictimaiyyət xadimləri, ümumilikdə 55 ölkəni və 30 beynəlxalq təşkilatı təmsil edən dövlət, elm və din xadimləri, həmçinin media subyektlərinin nümayəndələri iştirak edirlər.

Dünya dini liderlərinin I və II Ümumdünya sammitlərinə ev sahibliyi etmiş Azərbaycanda COP29 çərçivəsində keçirilən budəfəki III Sammit bəşəri əhəmiyyət daşıyan, planetimizin gələcəyi üçün həyati önəm kəsb edən konkret problemin - iqlim dəyişmələri probleminin mənəvi dəyərləndirilməsi işinə real töhfələr vermək məramı daşıyır. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi planetin gələcəyi naminə insan həmrəyliyinə xidmət edən dəyərli qlobal təşəbbüsə dəstək olaraq dünya dini liderlərinin müqəddəs dini dəyərlərə istinadən müdrik, səmərəli təklif və əməli səylərini COP29 çərçivəsində səfərbər etmələri, bu işin davamlı koordinasiyası üçün platforma – dini liderlərin COP çərçivəsində Məşvərətçi Şura təsis etmək məramlarını məhz Bakıda və Azərbaycanın COP-da sədrliyi dövründə bəyan etmələri, heç şübhəsiz ki, Azərbaycan Respublikası adına növbəti beynəlxalq uğurdur.

Sammit müasir dünyada Azərbaycanın multikultural həyat modelinin, Azərbaycan Prezidentinin müəllifi olduğu Mədəniyyətlərarası dialoqa dair Bakı Prosesinin və insan həmrəyliyinə xidmət edən qlobal humanist ideyalarının təşviqi və təbliği baxımından böyük əhəmiyyət kəsb edir.

Xüsusilə Böyük Zəfərdən sonra ölkəmizdə ilk dəfə keçiriləcək COP29 Sammiti ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycanın yeni reallıqlarını, işğaldan azad olunmuş topraqlarımızda ekosid, urbisid və kultursidin bütün təzahürlərini dünyanın dini ictimaiyyətinə əyani şəkildə nümayiş etdirmək, Azərbaycana qarşı əsassız, məkrli qarayaxmalara, böhtan kampaniyalarına tutarlı cavab vermək baxımından önəm daşıyan tarixi hadisədir. Bu məramla, forum sonrası qlobal Sammit iştirakçılarının noyabrın 7-də işğaldan azad olunmuş ərazilərə səfər etməsi və reallıqlarla bilavasitə tanış olmaları planlaşdırılır.

Seçilən
80
33
ikisahil.az

10Mənbələr