AZ

COP29-u gələcəyə bir çağırış kimi qəbul edirik - Türkiyəli professor

Dünya ekoloji fəlakətlərlə üz-üzə qaldığı bir dövrdə COP29-u insanlığın gələcəyinə bir çağırış kimi qəbul edirik.

Olaylar xəbər verir ki, bunu Türkiyənin "Mərmərə Qrupu" Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Mehmet Akkan Suver Bakıda keçirilən Dini Liderlərin Qlobal Sammitinin ikinci günündə çıxışı zamanı deyib.

O bildirib ki, Yer kürəsindəki müharibələrin törətdiyi sosial sıxıntılarla yanaşı, iqlim problemləri də əlavə fəlakətin xəbərçisidir.

"Belə bir anda Bakıda keçiriləcək COP29 bu problemlərin müzakirəsi baxımından çox əhəmiyyətlidir. Azərbaycanın ev sahibliyi etdiyi COP29 tədbirini bəşəriyyətin parlaq gələcəyi adına bir fürsət kimi qiymətləndiririk. Azərbaycanın bu təşəbbüsünün həm də xaos və qarşıdurmalardan, müharibələrdən uzaqlaşmağa şərait yaradacağına inanıram", - deyə o qeyd edib.

Qeyd edək ki, Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı (COP 29) çərçivəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii sərvətlər Nazirliyi, Dini qurumlarla iş üzrə Dövlət Komitəsi, Beynəlxalq Müsəlman Ağsaqqallar Şurası, Qafqaz Müsəlmanları İdarəsi və BMT-nin Ətraf mühit Proqramı tərəfindən Dini Liderlərin Qlobal Bakı Sammiti keçirilir.

Sammitdə 30-a yaxın dünya və ənənəvi dinlərin liderləri, nüfuzlu dini mərkəzlərin başçıları - Patriarxlar, Vatikan və Əl-Əzhər rəsmiləri, müxtəlif qitələri, konfessiyaları təmsil edən və dünya miqyasında tanınmış görkəmli din və ictimaiyyət xadimləri, ümumilikdə 55 ölkəni və 30 beynəlxalq təşkilatı təmsil edən dövlət, elm və din xadimləri, həmçinin, KİV nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
21
3
olaylar.az

4Mənbələr