Üçrəngli bayrağımız ilk dəfə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanda əbədi yüksəkliyə ucaldılıb
Cənab Prezident İlham Əliyev üçrəngli bayrağımızı bütün Azərbaycan ərazisində Zəfər qüruru ilə dalğalandırır
Naxçıvan MSSR Ali Sovetinin 1990-cı ilin 17 noyabr tarixli sessiyasında Azərbaycanın müstəqilliyinin əbədiliyini təmin edən mühüm əhəmiyyətli, taleyüklü məsələlər müzakirə olundu. Xalq deputatı, ağsaqqal Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyanın gündəliyinə uyğun Azərbaycanın milli dövlətçiliyinin dirçəlişi, azərbaycançılıq ideyasının formalaşması ilə bağlı mühüm qərarlar qəbul olundu. «Beləliklə, biz Naxçıvan Muxtar Respublikasının həyatında böyük tarixi qərarlar qəbul etdik. Naxçıvan Muxtar Respublikasının yeni adı qəbul olundu. Naxçıvan Muxtar Respublikasının ali hakimiyyət orqanının yeni adı qəbul olundu və Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı, milli bayrağı qəbul olundu» söyləməklə daim arzuladığı Azərbaycanın müstəqilliyinin əbədi qarantı olduğunu sonrakı illərdə göstərdiyi xidmətləri ilə təsdiqləyən Ulu Öndər Heydər Əliyev Naxçıvan MR Ali Məclisinin Sədri kimi suverenliyimizin qorunması naminə önəmli islahatlara imza atdı. Milli istiqlal ideologiyamızın təməl prinsiplərindən olan «Türkçülük, müasirlik, islamçılıq» rəmzlərini üzərində təsvir olunan rənglərində yaşadan, milli kimliyimizin təsdiqi olan bayrağımız varlığımızın əbədi qarantı kimi daim yüksəkliklərdə dalğalanır. Üçrəngli bayrağımız xalqımızın azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.
1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi «Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında»” Qanunun tətbiqi ilə keçmiş SSRİ-nin oraq- çəkicli bayrağını əvəz edən milli bayrağımız and yerimiz oldu. 1991-ci il oktyabrın 18-də qəbul olunan «Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı» ilə respublikamızda Xalq Cümhuriyyətinin dövlət rəmzləri, o cümlədən Dövlət Bayrağı bərpa edildi.
1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi ilə Prezident seçilən, andiçmə mərasimində « Dövlət müstəqilliyini möhkəmləndirmək, müstəqil dövlət quruluşu yaratmaq, dövlət atributlarını yaratmaq və inkişaf etdirmək, Azərbaycan Respublikasının, ərazi bütövlüyünü, tam suverenliyini təmin etmək, ölkəmizi müharibə şəraitindən çıxarmaq, respublikanın vətəndaşlarının rifahını yaxşılaşdırmaq, onların yaxşı yaşaması üçün lazımi şərait yaratmaq- bu vəzifələr mənim prezident fəaliyyətimdə əsas istiqamətlər olacaqdır və mən bunların həyata keçirilməsinə çalışacağam. Hər bir dövlətin yaşam tarixi onun mövcudluğu ilə ölçülür, varlığın təsdiqləyən rəmzlər kimi bayraqlar da həmin tarixdən «vətəndaşlıq vəsiqəsi» qazanır, müqəddəsləşir, bir millətin qürur, iftixar mənbəyinə çevrilir» söyləyən Ulu Öndər Heydər Əliyevin vurğuladığı kimi, müstəqil dövlət kimi varlığımızı təsdiqləyən, qürur mənbəyimiz olan üçrəngli bayrağımız fərəhli anlarımızın şahidi kimi daim yüksəkliklərdə dalğalanacaq. Ulu Öndər Heydər Əliyevin «Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim Vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir», «Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, kim Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir» sözləri xalqımıza, gənclərimizə qətiyyətlilik tövsiyəsidir.
Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncama əsasən, hər il noyabrın 9-da Dövlət Bayrağı Günü respublikamızda əziz bayram kimi qeyd edilir.
Ulu Öndərin layiqli davamçısı olduğunu «Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir» sözləri ilə bildirən Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizdə, yüksəkliklərdə dalğalandırdığı bayraqlarımız anda sədaqət rəmzidir. Azərbaycan xalqını bayrağımız altında birləşdirən dövlət başçımız, Ali Baş Komandan İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin «Azərbaycan bayrağı sadəcə bayraq deyil. O bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin. Onda bayrağa olan məhəbbət eyni zamanda Vətənə, xalqa , dövlətə olan məhəbbətə bərabər olsun» sözlərini 44 gün davam edən İkinci Qarabağ müharibəsində qazandığımız Zəfərlə doğrultdu. Vətən müharibəsində Qələbə müjdəli müraciətlərini xalqımıza bayrağımızın şahidliyi ilə çatdıran Prezident İlham Əliyev şəhidlərimizin qəhrəmanlıqlarını da yüksək qiymətləndirir.
Bu gün Milli Ordumuzun işğaldan azad etdiyi rayonlarda bayrağımızın qürurla dalğalanması «Dünən var idik, bu gün yaşayırıq, sabah da olacağıq» ideyasının təsdiqidir. Siyasi pasportumuz, mənəviyyatımız, milli təfəkkür və məfkurəmiz, kimliyimiz, əbədiyyət, müqəddəslik simvolu, qürur mənbəyimiz olan bayrağımız 44 gün davam edən Vətən müharibəsində düşmənə ən ağır zərbə, göz dağı oldu. Azərbaycanın Dövlət Bayrağının Şuşada, Xankəndidə, Qələbəmizin rəmzi kimi küçə və prospektlərdə, vətəndaşların əllərində dalğalanması sevincimizin bayrağımızın dili ili ilə ifadəsidir.
Şuşa Zəfərindən, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətindən sonra yüz minlərlə insan əllərində Azərbaycan Bayrağı paytaxtın küçə və prospektlərinə axışaraq sevinclərini paylaşdılar. Həsrətlə gözlədikləri qürurlu anları bayraqlarımızı ucadan-ucaya qaldırmaqla bölüşdülər, yaşadılar.
Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
“Heydər Əliyev məktəbinin davamçıları” Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü