AZ

İrandan Azərbaycana 10 kq heroin keçirən narkotacirlərə hökm oxundu 

Bakıda külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Ülvi İbrəhimov və Elşad Bayramova hökm oxunub.

"Unikal"ın verdiyi məlumata görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Hökmə əsasən, hər iki təqsirləndirilən şəxs 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Prokuror Orxan Səmədov isə məhkəməyə təqsirləndirilən şəxslərin 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

İstintaq zamanı müəyyən edilib ki, Elşad Bayramov tanışı Ülvi İbrəhimovla birgə İran vətəndaşı "Səlpə" ləqəbli şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə giriblər.

Beləliklə, onlar "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"in ilk siyahısında qeyd olunan 10 kiloqramdan artıq heroini əvvəlcədən satışa hazırlamaq məqsədilə 10 ədəd bağlamada ayırıb. Sonra onu üzərlərində saxlamaqla paytaxtın Yasamal rayonu ərazisinə daşıyıblar. 

2023-cü il iyunun 16-da Daxili İşlər Nazirliyinin baş idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hər iki şəxs Yasamal rayonu, Şərifzadə küçəsində saxlanılıb.

Onların üzərinə baxış keçirilərkən satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 10 kq 45,1 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülüb.

Hər iki təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham irəli sürülüb.

Seymur Əli

Seçilən
15
unikal.az

1Mənbələr