AZ

“Sabah”ın futbolçusu: “Vacib məqam ruhdan düşməməkdir” (MÜSAHİBƏ)

“Sabah”ın futbolçusu Şakir Seyidovun “FutbolPress“ə müsahibəsi:

– Ardıcıl 4 oyundur, qələbə qazana bilmirsiniz. Səbəbi nədə görürsünüz?
– İzah etmək çətindir. Hər birimiz qələbə qazanmaq istəyirik. Hər oyuna bu məqsədlə çıxırıq. Son matçlarda da üstün tərəf biz olmuşuq, demək olar, heç bir rəqibdən geri qalmamışıq. Bəzi oyunlarda rəqibə qol fürsəti belə vermirik, amma ya uduzuruq, ya heç-heçə edirik. Futbolda belə hallar olur. Vacib məqam ruhdan düşməməkdir. Növbəti oyunlara daha yaxşı hazırlaşıb, xallar qazanmaq istəyirik.

– “Sumqayıt”la oyunda topa daha çox nəzarət edən tərəf olsanız da, qol vura bilmədiniz…
– Rəqib müdafiədə kompakt və səliqəli oynayırdı. Bu cür müdafiəni yarmaq həmişə çox çətin olur. Həmin görüşdə də bunun şahidi olduq. Məncə, qol vura bilməməyimizin əsas səbəbi rəqibin müdafiədə boşluq verməməsi oldu.

– Növbəti turda autsayder “Kəpəz”lə qarşılaşacaqsınız. Komandada rahatlıq yoxdur?
– Bundan söhbət gedə bilməz. Çempionatda asan oyun, asan rəqib yoxdur. Son matçda bunun şahidi olduq. Hər rəqib xal qazanmaq üçün sona kimi mübarizə aparır. “Kəpəz”lə matç da ağır keçəcək. Bu rəqibə qarşı birinci oyun da çətin olmuşdu. İlk hissədə hesabda geri düşmüşdük, amma fasilədən sonra vurduğumuz qollarla geridönüş etmişdik. “Kəpəz” yenə xal qazanmaq üçün sona kimi mübarizə aparacaq. Buna görə hansısa rahatlıqdan söz gedə bilməz.

– Üçüncü sıradakı “Araz-Naxçıvan”la xal fərqiniz 7-dir. Fərqi azaltmaq çətin olmayacaq?
– Hələ mövsümü yarılamamışıq. Hər oyun vacibdir və itirdiyimiz xallar sonra bizə çətinlik yarada bilər. Lakin indi itirdiyimiz xalları düşünməkdənsə, növbəti oyunlara köklənməyimiz daha yaxşı olar. İnanıram ki, meydandakı üstünlüyümüzü hesablara da əks etdirə biləcəyik.

– Mövsümün əvvəlinə nisbətən son turlarda çox şans qazanırsan. Oyunundan razısan?
– Hər futbolçu çox oynamaq istəyir. Hər kəs bununçün maksimum gücü ilə çalışır. Şans qazananda da komandama faydalı olmaq üçün əlimdən gələni edirəm. Öz oyunum haqda danışmaq düzgün olmazdı. Buna məşqçilər daha yaxşı cavab verə bilər.

Şahin Cəfərov

Seçilən
48
futbolpress.az

1Mənbələr