AZ

Dövlətə pulsuz verilən qazın həcmi artdı - limit aradan qaldırılacaqmı...

Pulsuz verilən səmt qazı hesabına limiti artırmaq, yaxud yalnız nəql, paylanma xərclərini əhatə edən qiymətə satmaq real və mümkündür

Hər il havalar soyuqlaşanda Azərbaycanda əhali üçün tətbiq edilən qaz limiti müzakirə mövzusuna çevrilir. Bu il də məsələni Milli Məclisin üzvü, iqtisadçı-alim Əli Məsimli qaldırıb. O qeyd edib ki, dağ kəndlərinin vaxtından əvvəl üzləşdiyi qış mövsümü ilə bağlı çətinliklər əhalini narahat edən məsələdir, havalar tez soyuduğu üçün bəzi yerlərdə əhali qaz təchizatı problemi ilə üzləşir: “Limitdən artıq işlədilən qazın tarif qiyməti iki dəfə baha olduğundan bu hal onların maddi vəziyyətinə çox mənfi təsir göstərir. Ona görə də qaz limiti məsələsinə yenidən baxıb güzəştlər tətbiq olunmasını istəyirlər”.

Əli Məsimli vurğulayıb ki, qaz işlədən abonentlərin ümumi sayında limiti keçib, ildə 2500 kubmetr və ondan artıq qaz işlədənlərin payı nisbətən azdır: “Bu əsasda qaz limiti məsələsinə yenidən baxıb, güzəştlər tətbiq olunması dövlət üçün ciddi maliyyə itkisinə səbəb olmayacaq. Əksinə, belə güzəştin tətbiq olunması qaz limiti məsələsi ətrafında artan xətlə gedən narazılığın aradan qaldırılmasına və vətəndaş məmnunluğuna səbəb olacaq. Birinci mərhələdə dağ kəndlərinə münasibətdə qaz limiti məsələsinə yenidən baxıb güzəştlər tətbiq olunmasını, ikinci mərhələdə isə ölkə üzrə qaz və elektrik enerjisi limitinin aradan qaldırılmasını vacib hesab edirik”. 

Qeyd edək ki, 2021-ci il oktyabrın 16-da Tarif Şurasının iclasında təbii qaz üzrə topdansatış və pərakəndə satış qiymətlərinin tarif tənzimlənməsinə dair qərar qəbul edilib. Qərara əsasən, əhalinin illik istehlakının 1 200 kubmetrədək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırılıb. Əhali üçün 1 200-2 500 kubmetrədək və 2 500 kubmetrdən çox olan hissələr üçün tariflər müvafiq olaraq 20 və 25 qəpik olmaqla dəyişməyib və əvvəlki həddə saxlanılıb. Qeyri-əhali kateqoriyasından sənaye və kənd təsərrüfatı üzrə qazın tarifləri 20 qəpikdən 22 qəpiyə artırılıb.

Əhali üçün qaz limitinin ləğvi təcrübəsi postsovet ölkələrində tətbiq olunan təcrübədir. Məsələn, Ermənistanda sosial cəhətdən aztəminatlı ailələrdən olan istehlakçılara satılan ildə 600 kubmetrədək təbii qazın tarifi hər min kubmetr üçün ƏDV nəzərə alınmaqla 100 000 dram (439 manat) təşkil edir.

600 kubmetrdən yuxarı istehlak edən aztəminatlı ailələr, həmçinin digər ailələr üçün təbii qazın qiyməti ƏDV daxil olmaqla, min kubmetr üçün 143,7 min drama (630,85 manat) bərabərdir.

Əhali üçün qaz limiti Özbəkistanda da tətbiq olunur. Bu il dünya bazarında qaz qiymətlərinin azalmasını nəzərə alaraq limitdə dəyişiklik edilib. Belə ki, oktyabrın 31-dən Özbəkistanda əhalinin 500 sum və ya 7 qəpiklə aldığı qaz həcmi 100 kubmetrdən 500 kubmetrə qaldırılıb. 

“Xududqaztaminot” ASC-nin açıqlamasına görə, limitlərə dəyişiklik soyuq havaların başlanması ilə bağlı indi həyata keçirilir. İstilik mövsümündə 500 kubmetr daxilində 1 kubmetrin qiyməti 650 sum və ya 7 qəpik təşkil edir.

* 501-dən 2500 kubmetrə qədər - 1500 sum və ya 20 qəpik;

* 2501-dən 5000 kubmetrə qədər - 1950 sum və ya 26 qəpik;

* 5 001-dən 10 000 kubmetrə qədər - 2 275 sum və ya 30 qəpik;

* 10 001 kubmetrdən çox - 2 600 sum və ya 35 qəpik.

Məlumat üçün bildirək ki, Özbəkistan daxili tələbatı təmin etmək üçün keçən ildən Rusiyadan qaz almağa başlayıb. 

Azərbaycanda əhali üçün qaz qiymətlərinin artırıldığı 2021-ci ildən dünya bazarında qaz qiymətləri 10 dəfəyə yaxın ucuzlaşıb. Hazırda Azərbaycan qazının satıldığı Avropa bazarında qaz 400 dollar ətrafında dəyişir.

Azərbaycanda əhalini qazla təmin edən SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi rəsmiləri bir qayda olaraq əhalinin böyük əksəriyyətinin 12 qəpikdən hesablanan 1200 kubmetrlik limiti keçmədiyini bəyan edirlər. Birliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyevin verdiyi məlumata əsasən, 2023-cü ilin yanvar-sentyabr aylarında “Azəriqaz”ın əhali qrupu üzrə abonentlərin 63,4 faizi (1 milyon 597 min 731 abonent) aşağı qaz istifadəsi limitini (1 200 kubmetrədək, 12 qəpik) keçməyib. Onun sözlərinə görə, hesabat dövründə abonentlərin 32,2 faizi (811 467 abonent) orta qaz istifadəsi tarifindən (1 200-2 500 kubmetr çərçivəsində, 20 qəpik) yararlanıb. Eldəniz Vəliyev əlavə edib ki, hesabat dövründə 110 884 abonent (ümumi abonentlərin 4,4 faizi) 25 qəpiklik tarifdən istifadə edib.

“Azəriqaz” nümayəndəsi bildirib ki, 2023-cü il 1 oktyabr tarixinə İB üzrə 2 milyon 561 min 740 abonent qeydə alınıb ki, bundan 2 milyon 520 min 082 abonent əhali sektorunun, 41 658 qeyri-əhali sektorunun payına düşüb. 

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2022-ci ildə əhalinin qaz istehlakı 4 milyard 24,1 milyon kubmetr, 2023-cü ildə isə 3 milyard 983,7 milyon kubmetr təşkil edib. Komitə bildirir ki, 2024-cü ilin yanvar-iyun aylarında əhali tərəfindən 2 milyard 420,4 milyon kub metr və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,2 faiz az təbii qaz istehlak ediib. Bu, ümumi qaz istehlakının 40,2 faizini təşkil edib. Göründüyü kimi, əhalinin qaz istehlakı getdikcə azalır. Halbuki əhali abunəçilərinin sayında 45-50 min artım qeydə alınır. Üstəlik, keçən qış kifayət qədər sərt keçib - hər halda, 2021-2022-ci il qış fəslindən daha sərt olub. Bu halda əhalinin qaz istehlakının azalmasında qiymətlərin, xüsusilə də əhalinin tətbiq olunan limitdən kənara çıxmamaq istəyinin mühüm rolunun olduğunu rahatlıqla söyləmək mümkündür. Təsadüfi deyil ki, dağlıq və dağətəyi rayonlarda əhali odundan istifadəni xeyli artırıb. Əksər evlərdə yenidən odun sobalarına keçid var.

Azərbaycanda əhali abunəçilərinin 1 milyondan çoxu Bakı şəhərindədir. Bura Sumqayıt, Xırdalan və istilik sistemi olan digər şəhərlərdəki abunəçiləri də əlavə etsək, 1,5 milyona qədər əhali abunəçisinin şəhərlərdə olduğunu deyə bilərik. 1200 kubmetrlik limiti keçməyənlər də məhz həmin abunəçilərdir - qazdan yalnız su qızdırmaq və yemək bişirmək üçün istifadə edənlər. Qalan abunəçilər isə rayonlarda -  daha sərt iqlim şəraiti olan, mərkəzləşmiş istilik sistemi olmayan, yaxud fərdi evlərdə yaşayan abunəçilərdir. Onlar evlərini qızdırmaq üçün fərdi istilik sistemi qururlar ki, bu da daha çox qaz sərfiyyatı tələb edir. 

Rəsmi statistikaya əsasən, bu ilin altı ayında əhalinin istehlak etdiyi təbii qazın 37,9 faizi Bakı şəhərinin payına düşüb, qalanı digər regionlarda istehlak olunub. 

Qeyd olunanlar deməyə əsas verir ki, ən azı kəndlərdə yaşayan abunəçilər üçün xüsusi sosial limitin tətbiqi mümkündür. Nəzərə almaq lazımdır ki, Azərbaycanın Azəri-Çıraq-Günəşli yatağından hər il xeyli miqdarda səmt qazı pulsuz olaraq hökumətə verilir. 2024-cü ilin yanvar-sentyabr aylarında “Azəri-Çıraq-Günəşli” yatağından Azərbaycan dövlətinə əsasən Səngəçal terminalından, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 6,5 milyon kubmetr, ümumilikdə isə 1,8 milyard kubmetr səmt qazı təhvil verilib.

Yatağın işlənməsi layihəsinin operatoru olan BP-Azərbaycan şirkətindən  verilən məlumata əsasən, ötən ilin eyni dövründə AÇG-dən Azərbaycan dövlətinə gündə orta hesabla 5,5 milyon kubmetr, ümumilikdə isə 1,5 milyard kubmetr səmt qazı təhvil verilmişdi. Bu isə o deməkdir ki, yataqdan dövlətə pulsuz verilən səmt qazının həcmində 20 faiz artım olub.

Pulsuz verilən səmt qazı hesabına kəndlərdə yaşayan abunəçilərin limitini artırmaq, yaxud onlara qazı yalnız nəql, paylanma xərclərini əhatə edən qiymətə satmaq real və mümkündür. Nəzərə almaq lazımdır ki, Bakı və Abşeronda əhalinin gəlir səviyyəsi ilə regionlar arasında böyük fərq var. Bu fərqi nəzərə almadan hamıya eyni limitin tətbiq olunması doğru yanaşma sayıla bilməz.

Onu da qeyd edək ki, SOCAR-ın hesabatlarından təbii qazın istehsal maya dəyərinin ildən-ilə artdığı aydın olur. 2023-cü ildə SOCAR tərəfindən hasil edilən 1000 kubmetr qazın faktiki istehsal maya dəyəri 76,03 manat təşkil edib. Şirkətin 2023-cü ildəki fəaliyyəti ilə bağlı illik hesabatına əsasən, bu, daha əvvəlki ilin göstəricisi ilə müqayisədə 8,46 manat və ya 12,5 faiz çoxdur.

SOCAR üzrə qaz hasilatına çəkilən cəmi xərclərin tərkibində material xərclərinin xüsusi çəkisi 2,8 faiz, yanacaq xərcləri 0,3 faiz, elektrik enerjisi xərci 0,4 faiz, əmək haqqı xərcləri 12,6 faiz, sosial sığortaya ayırmalar 2,9 faiz, əsas vəsaitlərin amortizasiyası 14,3 faiz, əsas vəsaitlərin təmiri və texniki xidmət xərcləri 15,7 faiz, nəqliyyat xərcləri 12,2 faiz, mühafizə xərcləri 2,8 faiz, mədən vergisi 16,8 faiz, digər vergilər 3,8 faiz, digər xidmətlər üzrə xərclər 12,5 faiz, sair xərclər isə 2,9 faiz təşkil edir.

Bildirilib ki, qazın hasilatına, keçmiş “Azərkontrakt” ASC-dən alışına və idxala çəkilən xərclərlə yanaşı, qazın emalı, saxlanması, nəqli və paylanması xərcləri də nəzərə alınmaqla 2023-cü ildə SOCAR üzrə satılan 1000 kubmetr qazın faktiki xərci 178,67 manat təşkil edib. 

Dünya SAKİT,
“Yeni Müsavat”

Seçilən
56
21
musavat.com

10Mənbələr