AZ

Azərbaycan-İran təlimlərinin pərdəarxası MƏQAMLARI

Xəzər dənizinin İran İslam Respublikasına mənsub hissəsində Azərbaycan və İran İslam Respublikası Ordusunun Hərbi Dəniz Qüvvələrinin bir qrup şəxsi heyəti və gəmisinin iştirakı ilə “AZIREX-2024” birgə taktiki təlimi keçirilib. Əvvəlcə "Dənizdə axtarış-xilasetmə" təliminin məqsədi və icra olunacaq tapşırıqlarla bağlı brifinq təqdim edilib, qarşılıqlı müzakirələr aparılıb.


Azərbaycan-İran hərbi əməkdaşlığını möhkəmləndirmək məqsədilə keçirilən təlimdə gəmi qəzaları zamanı xilasetmə və tibbi yardım tədbirlərinin həyata keçirilməsi, axtarış-xilasetmə əməliyyatları və gəmi təhlükəsizliyinin təmin olunması üzrə fəaliyyətlər icra edilib.


Təlimin müxtəlif mərhələləri üzrə qarşıya qoyulan tapşırıqlar hərbi dənizçilər tərəfindən yüksək peşəkarlıq nümayiş etdirilməklə yerinə yetirilib.

Ümumiyyətlə, İranla Azərbaycanın birgə hərbi təlimi nədən xəbər verir?

Məsələ ilə bağlı Modern.az-a danışan ehtiyyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov bildirib ki, Azərbaycan və İran dənizçiləri arasında bu kimi təlimlər mütəmadi olaraq keçirilir:

"Təlimlər hər iki ölkənin Baş Qərargah rəisləri tərəfindən planlaşdırılmış şəkildə keçirilir. Bu təlimlərə həm iki ölkə arasındakı münasibətlər, həm də regional məsələlərin həlli prizmasından baxmaq lazımdır. Azərbyacan dənizçiləri Xəzər dənizi ətrafında olan ölkələrin dənizçiləri ilə birgə dəfələrlə təlim və yarışlar keçirib. Burada da Azərbaycan dənizçiləri yüksək nailiyyətlərlə seçiliblər. Bu saat İranla Azərbaycan dənizçiləri arasındakı təlimləri hərbi cəhətdən yox, daha çox xilasetmə, birgə fəaliyyətlə bağlıdır.  Hər iki ölkə arasında təcrübə mübadiləsi gedir, təlim iştirakçıları bir-birilə bu sahədə peşə sahibləri kimi bilik və bacarıqlarını göstərirlər. Eyni zamanda yeni avadanlıqların istifadə olunması da mümkündür. Xilasetmə sahəsində istər hərbi sənaye kompleksi, istərsə də digər müəssisələr tərəfindən daha müasir, yeni tələblərə cavab verən xilasedici avadanlıqların istifadəsində təcrübə qazanmaq üçün platforma kimi istifadə olunur".

Şair Ramaldanov söyləyib ki, neft mədənlərini qorunması istiqamətində birgə fəaliyyətdə istisna edilmir:

"Azərbaycan və İran hərbi dənizçiləri arasında terrora qarşı mübarizə sahəsində də tədbirlər mümkündür. Bu da ona görədir ki, həm İran, həm də Azərbaycanın Xəzər dənizində neft mədənləri var. Mədənlərin qorunması,  mülki şəxslərin təhlükəsizliyinin təmin edilməsi üçün bu sahədə terrorizmə qarşı birgə fəaliyyət məsələlərinə baxılması istisna olunmur".

Polkovnik vurğulayıb ki, bu cür təlimlər Azərbaycanla İran arasındakı münasibətlərdə etibarlılığın artmasında müsbət rol oynaya bilər:

"İranla təlimlər sualların yaranmasına səbəb olur. Bu da  Azərbaycanla İran arasında hansısa siyasi soyuqluqdan irəli gəlir. İki ölkə arasındakı münasibətlərin soyuq olmasını istəyənlər ucbatından bu belədir. Amma yenə də hazırki hərbi təlimlər bir daha Azərbaycanın İranla hərbi sahədə əlaqələr qurmağa və bu əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu göstərir. İki qonşu ölkənin hərbi dənizçilərinin təlimi  münasibətlərdə etibarlılığın artmasında hansısa müsbət təsirli rol oynaya bilər. Hər halda təlimlər gedir və bu, yaxşı haldır. Hər iki ölkənin hərbçiləri dənizdə öz məharətlərini göstərəcəklər. Qarşıda qoyulan bütün tapşırıqlarını icra edərək sağ-salamat öz yerlərinə qayıdacaqlar. Hər halda hər iki ölkənin təlim iştiraçılarının aralarındakı əlaqələrin sıx olması, əlaqələrin müsbət dostluq çərçivəsində inkişafının göstəricisidir. Hər iki ölkənin hərbçilərinə uğurlar diləyərək, sağ-salamat öz ölkələrinə qayıtmasını arzu edirirk".

Seçilən
14
50
modern.az

10Mənbələr