AZ

Vergi islahatları sahibkarlıq mühitinin inkişafında mühüm rol oynayır

İqtisadiyyatın inkişafı milli sosial rifah səviyyəsinin yüksəlməsinə birbaşa təsir edir. Bu məqsədlə ölkəmiz üçün ortamüddətli dövrdə yüksək, dayanıqlı, inklüziv və başlıca olaraq, özəl təşəbbüslərə arxalanan iqtisadi artımın sürətləndirilməsi inkişaf prioritetlərinin əsas qayəsini təşkil edir. Bunun üçün cəmiyyət, biznes və dövlət üçlüyünün uğurlu əlaqəsinin möhkəmləndirilməsi sahəsində müxtəlif islahatlar həyata keçirilir.

“Biznesə daxilolma” sahəsində əhəmiyyətli yeniliklər

Sahibkarlıq mühitinin inkişafı istiqamətində aparılan vergi islahatları bu baxımdan diqqəti cəlb edir. Bu islahatlar həm sahibkarlıq fəaliyyətinə başlamaq baxımdan, həm də biznesin sonrakı mərhələlərdə effektiv idarə olunması üçün mühüm addımlar atılmasına şərait yaradıb. Dünya Bankının “Business Ready” hesabatı əsasında kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatında, mülki və əmək qanunvericiliyində bir sıra dəyişikliklər edilib. “Biznesə daxilolma” sahəsində həyata keçirilmiş 2022-2023-cü illər üzrə Yol Xəritəsi çərçivəsində kommersiya hüquqi şəxslərin onlayn qeydiyyatı zamanı “SİMA” rəqəmsal imzanın tətbiqi ilə bağlı texniki imkanların yaradılması kimi innovativ alət tətbiq olunub, qeydiyyat prosesində sanksiya tətbiq edilməli olan şəxslərin nəzərə alınması və kommersiya hüquqi şəxsin rəhbərinin səlahiyyət müddəti bitdikdə elektron kabinetdən istifadəsinin məhdudlaşdırılması kimi tədbirlər görülüb. Rübdə bir dəfə məlumat dəyişikliyinin qeydiyyata alınması üçün müraciətlərin edilməsinin zəruriliyinə dair məlumat xarakterli bildirişin kommersiya qurumlarının elektron kabinetinə göndərilməsi xidməti aktivləşdirilib. Həmçinin, lisenziya və ya icazə tələb olunan fəaliyyət növləri seçildikdə, kommersiya hüquqi şəxslərin elektron dövlət qeydiyyatı prosesi başa çatdıqdan sonra “Lisenziyalar və icazələr” portalına keçid imkanının yaradılması təmin edilib. Bütün bunlar biznes qurmaq istəyənlər üçün lazım olan qaydaların mərhələlərinin, prosedurların və vaxt itkisinin azalmasını təmin edib.

İslahatlar həm sahibkarlıq fəaliyyətinə başlamaq baxımdan,
həm də biznesin sonrakı mərhələlərdə effektiv idarə olunması üçün
mühüm addımlar atılmasına şərait yaradıb

Biznesə başlama stimullaşdırılır

Biznesə başlama sahəsində qaydalar sadələşdirildikcə, sahibkarlar üçün yeni stimullar yaranır. Bu isə bütövlükdə ölkəmizdə biznes üzrə məşğulluğun təşviqinə və iqtisadi aktivliyin daha da yüksəlməsinə müsbət təsir göstərir. Biznesə başlama prosesinin optimallaşdırılması səmərəliliyin artması və risklərin minimuma endirilməsini təmin edir. Bu, bazara daha sürətli çatmağa, resurslardan daha yaxşı istifadəyə və biznes təmsilçilərinin məmnuniyyətinin yüksəldilməsinə gətirib çıxarır. Bizneslə bağlı təməl prosedurların təkmilləşdirilməsi biznesin miqyasının genişlənməsinə, rəqabət qabiliyyətinin artmasına və uzunmüddətli fəaliyyətin təmin edilməsinə kömək edir. Optimallaşdırılmış biznes prosesi bütün zəruri hüquqi, maliyyə və tənzimləyici addımların (lisenziyalar, icazələr və s.) gecikmə olmadan tamamlanmasını təmin edir. Əlavə prosedurlardan azad olan biznes subyekti rəqiblərindən daha sürətli və daha səmərəli formada bazara daxil olmaqla, mövqeyini möhkəmləndirə və müştəriləri daha tez cəlb edə bilir. Yaxşı optimallaşdırılmış başlanğıc prosesi hər bir komanda üzvü üçün aydın rol və məsuliyyətləri müəyyən edir ki, bu da daha yüksək məhsuldarlığa səbəb olur.

Optimallaşdırılmış biznes prosesi bütün zəruri hüquqi, maliyyə və
tənzimləyici addımların gecikmə olmadan tamamlanmasını təmin edir

İdarəetmə nəzəriyyəsinin tanınmış nümayəndələrindən olan Peter Duker çıxışlarının birində qeyd edir ki, gələcəyi proqnozlaşdırmaq üçün onu formalaşdırmaq lazımdır. Bu fikri biznes mühitinin təkmilləşməsinə tətbiq etsək, belə nəticəyə gəlmək olar ki, dayanıqlı iqtisadi artımı təmin etməkdən ötrü ilk növbədə biznesə başlamaq üçün əlverişli mühit yaratmalıyıq. Bu mənada hazırda biznesə başlama sahəsində müşahidə edilən irəliləyişlər iqtisadiyyatın dayanıqlı inkişafı ilə bağlı nikbin proqnozlara əsas verir.

Gülay NƏBİYEVA

Seçilən
19
vergiler.az

1Mənbələr