AZ

ATMU-da Zəfər Günü ilə bağlı tədbir keçirildi - FOTOLAR

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə Böyük qələbənin 4 illliyinə həsr olunmuş “8 Noyabr - Zəfər Tariximizin İnciləri” adlı tədbir keçirilib.

"Unikal" xəbər verir ki, Milli Məclisin deputatları Ceyhun Məmmədov və Vüqar İskəndərov, rektor İlham Mədətov, tarix üzrə fəlsəfə doktoru Hacı Həsənov, universitetin şəhid məzunu Məhəmmədəli Həsənzadənin atası Hörmət Həsənzadənin, həmçinin ATMU-nun professor-müəllim heyəti və tələbələrinin iştirakı ilə keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. 

ATMU-nun rektoru İlham Mədətov təbrik-çıxışı ilə başlayan nitqində vurğulayıb ki, 44 günlük müharibə və düşmən üzərində tarixi qələbə dövlətimizin rəhbərinin siyasətini, qətiyyətini nümayiş etdirməklə, həm də çətin gündə xalqımızın birliyini, əyilməzliyini ortaya qoyub. Müzəffər ordumuzun Azərbaycanın hərb tarixinə şanlı səhifə yazmaq bacarığına malik olduğunu sübuta yetirib.  Rektor bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı qələbə, torpaqlarımızın işğaldan azad edilməsi dövlətçilik tarixində xüsusi əhəmiyyət kəsb edir. İlham Mədətov gələn qonaqlara minnətdarlığını bildirərək, 8 noyabr “Zəfər günü” münasibətilə hər kəsi təbrik etdi və şəhidlərimizin ruhu qarşısında baş əydiyini, onlara uca tanrıdan rəhmət, ailələrinə isə səbr dilədiyini bildirib. 

Millət vəkili Ceyhun Məmmədov çıxışında bildirib ki, məhz Müzəffər Ali Baş Komandanın rəhbərliyi, sınmaz iradəsi və rəşadətli Azərbaycan Ordusunun yenilməzliyi, şücaəti sayəsində müqəddəs torpaqlarımız düşmən işğalından azad olundu. 30 illik yurd həsrətinə son qoyulub. O, Azərbaycanın regional güc kimi mövqeyini gücləndirən Zəfər Günü qələbəsinin gələcək nəsillərə təsiri barədə düşüncələrini bölüşüb. 

Tədbirin davamında millət vəkili Vüqar İskəndərov çıxış edərək noyabr ayının 8-ni qürur günümüz kimi tarixə yazan  qəhrəman övladlarımıza əbədi  təşəkkür borcumuzun olduğunu dedi. Millət vəkili Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda görülən işlərdən, dövlətin həyata keçirdiyi siyasətin əhəmiyyətindən və xalqın dəstəyinin vacibliyindən danışdı, gəncləri bu qələbənin nəticələrini qorumağa və ölkəmizin gələcəyinə töhfə verməyə çağırdı.

Tədbirdə çıxış edən tarix üzrə fəlsəfə doktoru Hacı Həsənov universitetin həyata keçirdiyi bu cür tədbirlərlə gənclər arasında milli ruhun və vətənpərvərliyin təbliğinə verdiyi əhəmiyyətindən bəhs etdi. O, Zəfər Gününün Azərbaycan xalqının tarixində dönüş nöqtəsi olduğunu vurğuladı, bu qələbənin əldə edilməsində Azərbaycan Ordusunun və şəhidlərimizin rolunu bir daha xatırladıb. 

ATMU-nun İctimai fənlər kafedrasının professoru Məhərrəm Zülfüqarlı isə Qarabağ müharibələrinin tarixi və Zəfər Gününə aparan proseslər haqqında geniş məlumat verib. Professor Azərbaycanın tarixi torpaqları uğrunda mübarizənin əhəmiyyətindən, keçmiş münaqişələrin ölkəmizin dövlətçilik tarixində oynadığı roldan və bu zəfərin xalqın birliyi sayəsində qazanıldığından bəhs edib. 

Tədbirdə qeyd olundu ki, 44 günlük Vətən müharibəsində iştirak edən ATMU-nun 100-dən çox tələbə və məzunundan 60 nəfərə yaxını Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən müxtəlif medallarla təltif olunub. Şəhidlik zirvəsinə ucalan ATMU-nun məzunu Məhəmmədəli Həsənzadə ölümündən sonra bir sıra medallara layiq görülüb. 

Tədbirdə həmçinin şəhidimiz haqqında və Zəfər tariximizi əks etdirən video-çarxlar nümayiş olunub. 

Daha sonra panel müzakirəsi aparıldı. Qonaqlar tələbələrin suallarını cavablandıraraq, işğaldan azad olunmuş torpaqlarda turizmin inkişaf imkanları, perspektivləri və bu istiqamətdə görülən işlər barədə məlumat veriblər. 

Sonda xatirə şəkilləri çəkilib. 





 

Seçilən
75
50
unikal.az

10Mənbələr