AZ

Trampın yenidən hakimiyyətə gəlməsi yeni reallıqlar yaradır: Cənubi Qafqazda nə kimi dəyişikliklər olacaq?-ŞƏRH

“Azərbaycan bütün dünyada olduğu kimi ABŞ-da keçirilən seçkiləri diqqətlə izləyirdi. Adətən Amerikada baş verən siyasi proseslər və hakimiyyət dəyişiklikləri dünyada gedən ümumi proseslərə ciddi təsir edir. Bu baxımdan ABŞ seçkilərinin ciddi əhəmiyyəti var”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.

Politoloq bildirib ki, seçkilərdə Kamala Harris qalib gəlsəydi, Cozef Bayden administrasiyanın ikinci şəxsi olmaqla, onun siyasətini davam etdirəcəkdi:

“Amerika tarixinin ən ermənipərəst administrasiyası da məhz Bayden administrasiyası idi. Bu administrasiya son 4 ildə Cənubi Qafqazdakı proseslərə kobud müdaxilələr etməklə sülhün əldə olunmasına mane olan qüvvələrdən biri kimi yadda qalacaq. Eyni zamanda, Bayden hakimiyyəti 4 ildə Azərbaycana qarşı təzyiqlərlə yadda qalacaq. Belə ki, Amerikanın siyasəti məhz işğalçı Ermənistana deyil, Azərbaycana qarşı təzyiq siyasəti üzərində prosesləri apardı. Donald Trampın ilk hakimiyyəti dönəmində Amerika administrasiyanın Cənubi Qafqaza diqqəti minimum səviyyədə idi. Yalnız müəyyən təmaslar var idi. Belə ki, bir dəfə Amerikanın milli təhlükəsizlik məsələləri üzrə müşaviri John Boltonun bölgəyə səfəri baş tutmuşdu. Tramp hakimiyyəti dönəmində 44 günlük Vətən Savaşında Azərbaycan öz ərazilərini öz gücü ilə işğaldan azad etdi. Bu dövrdə Amerikanın prosesə ciddi etirazı ilə qarşılaşmadıq”.

Donald Trampın ikinci hakimiyyəti dönəmində Amerikanın xarici siyasətində müəyyən korrektələr olacaq:

“Ancaq bu, ABŞ siyasətinin köklü şəkildə dəyişəcəyi anlamına gəlmir. Çünki ABŞ-da siyasət şəxslər deyil, qurumlar tərəfindən müəyyən edilir. Prezidentlər də məhz bu strateji xətti həyata keçirtməyə çalışırlar. Burada müəyyən dəyişikliklər ola bilər. Nəzərə alsaq ki, Donald Tramp bu savaşları bitirəcəyi ilə bağlı açıqlamalar verib, hərçənd ki, bunun necə baş verəcəyini söyləmək indidən asan deyil. Hesab edirəm ki, Trampın ikinci hakimiyyəti dövrünün ilk ilində daha çox ABŞ-ın daxilinə yönəlik siyasət aparılacaq. Belə ki, Donald Tramp Amerikada iqtisadi vəziyyətin yaxşılaşması üçün addımlar atacaq, müəyyən islahatlar aparacağı ilə bağlı verdiyi vədləri həyata keçirəcək, o cümlədən miqrantlarla bağlı mübarizəni sərtləşdirəcək. Düşünürəm ki, Cənubi Qafqaz regionunda gedən proseslərə ciddi müdaxilələr olmayacaq. Baxmayaraq ki, Donald Tramp seçkilərə az qalmış ermənilərə müəyyən reveranslar etdi, Qarabağ ermənilərinə açıqlamalar verdi. Ümid edirəm ki bunlar vəd olaraq qalacaq. Hər bir halda Tramp hakimiyyəti Bayden qədər ermənipərəst ola bilməz. 4 illik Bayden hakimiyyətinin Azərbaycana qarşı təzyiqləri ciddi nəticə vermədisə, bundan sonra da heç bir təzyiq bizə təsir edə bilməz. Qərb və Amerikanın hakim siyasi dairələri regiondakı yeni reallıqları nəzərə alaraq bəyanat verməlidir. Əks halda özünün ən zəif vaxtında belə ona qarşı olunan təzyiqlərə müqavimət göstərən Azərbaycan indiki halda onlara daha ciddi şəkildə müqavimətini davam etdirəcək. Donald Trampın dönəmində ABŞ Cənubi Qafqaza kobud şəkildə müdaxilə etməyəcək”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
32
50
editor.az

10Mənbələr