AZ

Məhkəmə parlamenti monitorinq edən qrupun rəhbərini yenə həbsdə saxladı

O, öz məhkəməsində iştirak üçün gətirilməyib və hakim 1 dəqiqəlik müşavirədən sonra qərar qəbul edib

Noyabrın 7-də Xətai rayon Məhkəməsində parlamenti monitorinq edən "Məclis.info" platformasının rəhbəri İmran Əliyevin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb. İ.Əliyevin yaxınları deyir ki, vəsatət təmin edilməyib. 

"İmran Əliyev iclasa gətirilməyib, "online” qoşulub. Vəkil bir neçə dəqiqə danışıb, vəsatəti əsaslandırdı. Müstəntiq və prokuror isə qısaca bildirdilər ki, vəsatət təmin olunmasın. Hakim müşavirəyə gedib, 1 dəqiqə sonra qayıtdı və vəsatətin təmin olunmaması ilə bağlı qərar çıxardı", - İ.Əliyevin yaxınları bildirib.

İmran Əliyev aprelin 18-də Heydər Əliyev adına Beynəlxalq Hava Limanında saxlanılıb. 

Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları onu polisə təhvil verib. Bundan bir qədər əvvəl isə hökumətə yaxın "Qafqazinfo" saytında İ.Əliyevlə bağlı məqalə dərc olunub. O, məqalədə qrant qaçaqmalçılığında ittiham olunub. 

Sonradan yaxınları bildirib ki, İmran Əliyev "Abzas Media işi" üzrə həbs edilib, qaçaqmalçılıqda ittiham olunur.

"İmran Əliyev saxlanıldıqdan sonra polis şöbəsinə gətirilib. Orada onu döyüb, "toka” verib, zorla hansısa sənədə qol çəkdiriblər. Tələb ediblər ki, vəkilindən imtina etsin. Döyəndə vurub gözünün altını göyərdiblər, bədəninin müxtəlif yerlərində də xəsarət izləri var idi", - qeyd olunub.

Ötən il noyabrın 20-də "Abzas Media”nın direktoru Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, noyabrın 21-də saytın baş redaktoru Sevinc Vaqifqızı, noyabrın 30-da reportyor Nərgiz Absalamova, dekabrın 13-də araşdırmaçı jurnalist Hafiz Babalı, yanvarın 13-də isə jurnalist Elnarə Qasımova saxlanılıb.

Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barələrində həbs qətimkan tədbiri seçilib. 

Məhkəmə istintaq zamanı prokurorluğun ittihamlarını qəbul etsə jurnalistləri 8 ilədək həbs cəzası gözləyir.

Jurnalistlər ittihamları rədd edir, həbslərini "Abzas Media”da dərc olunan korrupsiya araşdırmaları ilə əlaqələndirirlər.

Fevralın 24-dən başlayaraq "Abzas Media işi" üzrə həbs edilən bütün jurnalistlərin həbs müddətləri daha 3 ay artırılıb.

Beynəlxalq təşkilatlar bu qərarları istintaqın əsassız aparılması ilə əlaqələndirib, jurnalistlər üzərində təzyiq olduğunu bildiriblər.
Seçilən
25
arqument.az

1Mənbələr