AZ

"Yeni layihənin başlanğıcındayıq" - Fernandu Santuş

Bu gün Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuşun AFFA-nın inzibati binasında mətbuat konfransı təşkil edilib.

Titul.az qol.az-a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis əvvəlcə "Sumqayıt"ın qapıçısı Mehdi Cənnətovu milliyə dəvət etməməsi ilə bağlı sualı cavablandırıb. O, Cənnətovun son çıxışnı bəyənmədiyini deyib:

"Bu, texniki qərardır. Mehdi ilə şəxsi heç bir problem yoxdur. Son oyunlarda çıxışı ürəkaçan deyildi, bəyənmədim. Ona görə başqa qapıçılara şans verdim".

Santuş hücum xəttindəki çatışmazlıqlarla bağlı da danışıb: "Həmişə çıxış yolu tapılmalıdır. Əlimizdə hansı materiallar varsa, çalışacağıq ki, onunla çıxış yolu tapaq. Bəzi oyunçular var ki, bu vəziyyətdən çıxmağımıza kömək olacaq. Qarşıdakı məşqlərdə oyunçuları yoxlayacağıq. Sonda qərara alacağıq ki, kim hücumda oynayıb, bizə kömək ola bilər. Məşqlər zamanı baxacağıq".

Portuqaliyalı mütəxəssis millidə gəncləşdirmə aparılması fikri ilə razılaşdığını qeyd edib: "Biz də hazırda onu edirik. Dəvət olunmuş oyunçuların ümumi orta yaş həddinə baxsanız, görərsiniz ki, 25-dir. Bu toplanışa iki yeni gənc futbolçu də cəlb olunub. Məşqlər zamanı onları yoxlanışdan keçirəcəyik. Baxacağıq ki, hansılar gələcəkdə bizə kömək ola bilər. Gənc oyunçuların yanında təcrübəlilər də olmalıdır ki, onlara baxıb, nəsə öyrənib inkişaf etsinlər. Yalnız gəncləri də çağırmaq düzgün alınmaz. Amma fikrinizlə razılaşıram".

Santuş qapışçılar üzrə məşqçi Kamran Ağayevin millidən kənarlaşdırılacağı haqda yayılan xəbərlərə də münasibət bildirib: "Xeyr, bu düzgün xəbər deyil. Sabah Kamran Ağayev bizimlə olacaq. Daha bir yerli məşqçinin təyinatı ilə bağl da işlər gedir. Qarşıdakı toplanışlarda baxacağıq ki, hansı məşqçini korpusumuza daxil edə bilərik. Heç də asan deyil. Çox çətindir. Köməkçi işi elədir ki, baş məşqçiyə həqiqətən köməyi dəyməlidir. Bunun üzərində AFFA ilə bərabər işlər gedir".

Santuş millimizin Estoniya ilə ev oyununu Qəbələdə keçirməsinin heç bir problem yaratmayacağını bildirib: "Artıq iki dəfə Qəbələdə olmuşam. Üzr istəyirəm, dünyanın hər yerində futbolçular hər bir iqlimə adaptasiya olurlar. Bu, sadəcə olaraq bəhanə ola bilər. Çoxlu bəhanələr ola bilər, dağlıq ərazidir, yağış yağdı filan. İnanın ki, istək olarsa, bu dediyim amillər bəhanə deyil. 3000 metr hündürlükdən danışmırıq. Bəzi komandalar 3000 metr hündürlükdə oynayırlar, amma problem yaşamırlar".

Santuş "Növbəti iki oyunda da məğlubiyyətlər olsa, bunu necə qarşılayacaqsınız" sualını belə cavablandırıb: "Biz hər oyuna qələbə qazanmaq üçün çıxırıq. Əlimizdən gələni edəcəyik ki, qələbə qazanaq. Amma bir şeyi vurğulamaq lazımdır ki, yeni layihənin başlanğıcındayıq. İş gedir. Hamılıqla bərabər bunun üzərində çalışırıq. Heç nə bizi tutduğumuz yoldan çəkə bilməz".

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri

Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Seçilən
15
8
titul.az

10Mənbələr