AZ

“Heç nə bizi yolumuzdan çəkindirə bilməz”

AFFA-nın inzibati binasında Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuşun mətbuat konfransı keçirilib.
Konfransda UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Estoniya və İsveç yığmalarına qarşı keçiriləcək oyunların heyətini açıqlayan portuqaliyalı mütəxəssis media nümayəndələrinin suallarını cavablandırıb.
Baş məşqçi ilk olaraq Zəfər Günü münasibətilə Azərbaycan xalqını və UEFA Avropa Liqasının Liqa mərhələsində Norveçin “Bodo/Qlimt” klubu üzərində səfərdə (2:1) qələbə qazanan “Qarabağ” komandasını təbrik edib: “Bilirəm ki, Azərbaycan üçün çox vacib gündür. Azərbaycan xalqını təbrik edirəm. Ümid edirəm ki, gələcək daha parlaq olacaq. Fürsətdən istifadə edərək, “Qarabağ” klubunu da dünənki qalibiyyət münasibətilə təbrik edirəm”.
Fernandu Santuş zədəli Renat Dadaşov və cəzalı Mahir Emrelinin yoxluğunda Estoniya yığması ilə qarşıdakı matçda digər oyunçulara güvənəcəyini söyləyib: “Həmişə çıxış yolu tapılmalıdır. Milliyə çağırılan oyunçular bu vəziyyətdən çıxmağımıza kömək ola bilərlər. Qarşıdan gələn məşqlərdə oyunçuları yoxlayacağıq və kimin hücumda oynayacağına qərar verəcəyik”.
Portuqaliyalı mütəxəssis gənc futbolçular Mustafa Əhmədzadə və Səbuhi Abdullazadəyə dəvət göndərməsinə də aydınlıq gətirib: “Milliyə çağırılan futbolçuların orta yaş həddi 25-dir. Bu təlim-məşq toplanışına daha iki gənc oyunçu çağırılıb. Onların klublarındakı çıxışlarını gördük və bəyəndik. Hansının gələcəkdə bizə kömək ola biləcəyinə məşqlərdə baxacağıq. Əlbəttə ki, gənclərin yanında təcrübəli futbolçular da olmalıdır ki, onlardan öyrənə bilsinlər”.
F.Santuş Estoniya və İsveç yığmaları ilə qarşıdakı görüşlərdə uğurlu nəticə hədəflədiklərini vurğulayıb: “Hər oyuna qələbə qazanmaq üçün çıxırıq. Qarşıdakı görüşlərdə də bundan ötrü əlimizdən gələni edəcəyik. Nəzərə alaq ki, yeni layihənin başlanğıcındayıq. Heç nə bizi yolumuzdan çəkindirə bilməz”.
Qeyd edək ki, Azərbaycan milli komandası noyabrın 16-da Qəbələdə Estoniya yığması, noyabrın 19-da isə səfərdə İsveç seçməsi ilə qarşılaşacaq.
 
Seçilən
73
affa.az

1Mənbələr