AZ

Azərbaycan Zəfər yolu ilə irəliləməyinə davam edəcək




Noyabrın 8-də Bakıda Zəfər parkının açılışında iştirak edən və orada Azərbaycanın üçrəngli Dövlət Bayrağını ucaldan Prezident İlham Əliyevin xalqa müraciətində səsləndirdiyi fikirlər 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazanmağımızdan ötən 4 il ərzində keçdiyimiz yola və qalib ölkə statusunun bizə gətirdiyi siyasi, mənəvi-psixoloji üstünlüklərə nəzər salmaq, ümumiləşdirmələr aparmaq baxımından olduqca əhəmiyyətlidir. Prezidentin xalqa müraciəti Qələbə ovqatımızı əks etdirən müraciətdir. Bəli, qalib Liderin çıxışı elə bu cür mübariz, inamlı və əzmkar ruhda olmalıydı.

Açılışı olan Zəfər tağı da qalibiyyət ruhumuzun təntənəsidir, xalqımızın qəhrəmanlığının simvoludur, şəhidlərimizin xatirəsinə sayğının təzahürüdür. Bu möhtəşəm kompleks eyni zamanda xalqımızın həmrəylik, bütövlük, güc və qələbə ideallarını təcəssüm etdirir. Bu cür yüksək ideallara, dəyərlərə söykənən xalqın və onun liderinin yolu bir gün məhz Zəfər Tağından keçməliydi. Ucalığı, əzəməti, daşıdığı anlamı ilə seçilən Zəfər tağı həqiqətən də əsl Zəfər simvoludur.

Zəfər parkının və onun giriş qapısının – Zəfər tağının görünüşü, ümumi ab-havası Vətən müharibəsindəki tarixi Qələbəmizin ruhunu, mahiyyətini çox gözəl əks etdirir. Bu möhtəşəm kompleks Dövlətimizin gücünün, Ordumuzun qəhrəmanlığının rəmzi kimi bura ziyarətə gələn hər bir azərbaycanlıda böyük qürur hissi yaradır. Mən də ötən gün Zəfər parkını ziyarət etdim və ən yeni tariximizi Zəfər ladında yazan bir ölkənin vətəndaşı olmağımla gerçəkdən qürur duydum. Zəfər tağı 200 ildə Azərbaycanın apardığı azadlıq mübarizəsinin rəmzidir, qalibiyyət və tərəqqi dövrünə açılan qapısıdır.

Azərbaycan Prezidentinin Zəfər parkı, Zəfər tağı ilə bağlı sözləri qürurvericidir. Prezident bildirdi ki, “Şəhərimizin ən gözəl yerlərindən birində Zəfər parkı açılıb. Gözəl Zəfər tağı, Zəfər abidəsi, ərazisi 10 hektara yaxın olan gözəl park, onun aşağısında Zəfər muzeyi artıq inşa edilib, onun tərtibatı gedir. Gələcəkdə Zəfər muzeyi də olacaq. Bu gözəl yerdə şəhərimizin, yenə də deyirəm, ən gözəl yerlərindən birində bu gün bizim parlaq Zəfərimizi əks etdirən yeni simvolumuz artıq yaradılıb. Şəhərə gedən iki yolun kəsişməsində Zəfər tağı yerləşir. Həm müasir üslubda inşa edilib, həm çox əzəmətlidir. Hündürlüyü də 44 metrdir, sütunlarının da sayı 44-dür. Bu parkda və indi tərtib olunan muzeydə bir çox önəmli rəmzlər var. Bu rəmzlər bizimlə əbədi olacaq. Bu Qələbə bizimlə əbədi olacaq. Azərbaycan xalqı bundan sonra qalib xalq, Azərbaycan dövləti müzəffər dövlət kimi yaşayacaqdır”.

Zəfər günü hamımız üçün müqəddəs, dəyərli gündür. Biz 200 ildi ki davamlı torpaq itkiləri ilə üzləşir və 30 il idi ki Qarabağ nisgili ilə yaşayırdıq. Lakin Ali Baş Komandanımızın sərkərdəlik əzmi və Ordumuzun rəşadəti sayəsində bu “tilsim” qırıldı, xalqımızın başına gətirilən müsibət və faciələrə, soyqırımlarına son qoyuldu. 2020-ci il noyabrın 8-də Şuşanı erməni vandallarından təmizləməklə biz öz torpaqlarımızı düşmən işğalından azad etdik və itkilər, məğlubiyyətlər dövrünün qələbələr, uğurlar mərhələsi ilə əvəzlənməsinin başlanğıcını qoyduq. Bu, tarixin yeni başdan yazılması deməkdir. Beləliklə, 200 illik işğallar, deportasiyalar, soyqırımlar səhifəsi qapandı. Biz bir xalq kimi öz taleyimizi dəyişməyi bacardıq. Dövlətimizin başçısının ifadəsi ilə desək, biz şəhidlərimizin qisasını, qanını döyüş meydanında aldıq. 44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir, parlaq Qələbəmizdir. Biz həm Birinci Qarabağ müharibəsinin, həm İkinci Qarabağ müharibəsinin, eləcə də antiterror əməliyyatının şəhidlərinin qanını döyüş meydanında aldıq, öz ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etdik.

Prezident İlham Əliyevin Zəfər parkının açılışı zamanı xalqa müraciətində qeyd etdiyi kimi, Ermənistana havadarlıq edən güclər bizi işğal taleyi ilə barışdırmaq istəyirdilər, Ermənistan-Azərbaycan münaqişəsini guya həll etməyə çalışan vasitəçilər dəfələrlə bəyan edirdilər ki, bu münaqişənin hərbi həlli yoxdur. Həmsədrlər bununla onu demək istəyirdilər ki, biz bu işğalla barışaq: “Çünki onların planlarında məhz bu idi. Onların planlarında məsələni həll etmək yox, işğala son qoymaq yox, Azərbaycan torpaqlarını erməni işğalının altında əbədi saxlamaq idi. Biz bunu görürdük, bilirdik. İllər keçdikcə, hər bir danışıqlar dövrü uğursuzluqla başa çatdıqca həm Azərbaycan rəhbərliyi, həm Azərbaycan xalqı bunu əyani şəkildə görürdü. Biz isə bu vəziyyətlə barışa bilməzdik”. Və barışmadıq da.

İlham Əliyev hələ 2003-cü ildə ilk dəfə Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçiləndə, andiçmə mərasimində çıxışı zamanı bəyan etmişdi ki, nəyin bahasına olursa-olsun, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi danışıqlar mövzusu olmayacaq. Sonrakı proseslər də bunu göstərdi ki, Azərbaycan həqiqətən də öz ərazi bütövlüyünü bərpa etmək əzmindədir. Cənab Prezidentin 17 illik rəhbərliyi ərzində Azərbaycan qüdrətli dövlətə çevrilməyi, güclü ordu qurmağı bacardı. Azərbaycanın mükəmməl ordu quruculuğu siyasəti və uğurlu diplomatiyası tarixi ədaləti və beynəlxalq hüququ öz gücümüzə təmin etməyə imkan yaratdı. Dövlətimizin başçısının vurğuladığı kimi, “Biz hazırlaşırdıq, güclü ordu yaradırdıq, iqtisadi inkişafı təmin edirdik, çünki Ermənistandan fərqli olaraq heç bir kənar yerdən yardım almırdıq, ancaq öz gücümüzə güvənirdik. İqtisadi inkişaf, siyasi çəkimizin böyük olması, sözümüzü beynəlxalq tribunalarda qətiyyətlə deməyimiz, xalq-iqtidar birliyi, gənc nəslin yetişdirilməsi, cəmiyyətdə vətənpərvərlik ruhunun bərqərar olması - bütün bu amillər bizi Qələbəyə doğru aparırdı. Bütün bu amillərin cəmləşməsi bu Qələbəni mümkün etmişdir. Cəmi 44 gün ərzində düşmənin 6-7 müdafiə xəttini öz sinəsini qabağa verərək, güllə altına qoyaraq yaran bizim qəhrəman övladlarımız, hərbçilərimiz bütün dünyaya Azərbaycan xalqının əyilməz ruhunu, gücünü, iradəsini bir daha göstərmişdir”.

2019-cu ildə öz havadarlarına güvənərək böyük bir lovğalıqla “Qarabağ Ermənistandır və nöqtə” deyən Ermənistanın avantürist baş naziri Nikol Paşinyanı 44 günlük müharibədən sonra “Qarabağ Azərbaycandır” deməyə məcbur etmək heç də asan deyildi. Lakin biz bunu da bacardıq. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Biz düşməni kapitulyasiya aktının imzalanmasına məcbur etdik. Həmin düşmən hələ 2019-cu ildə Xankəndidə “Qarabağ Ermənistandır və nöqtə” demişdi. Biz onu məcbur etdik ki, bu gün “Qarabağ Azərbaycandır” deyir və bundan sonra da deyəcək, öz xoşu ilə yox”.

Dövlətimizin başçısı Zəfər parkındakı çıxışında onu da bəyan etdi ki, hazırda bəzi Qərb ölkələri Ermənistandan “sülh göyərçini” düzəltmək istəyirlər. Bu da məqsədli, planlı bir siyasətdir. Məqsəd Ermənistanın işğalçı ölkə obrazını unutdurmaqdır: “İndi Ermənistanın bəzi Qərb havadarları Ermənistandan “sülh göyərçini” düzəltmək istəyirlər. Sanki bu 30 illik işğal olmayıb, dağıntılar olmayıb, vəhşilik olmayıb, Xocalı soyqırımı olmayıb”. Əlbəttə, gerçəklikləri unutdurmaq və tarixi həqiqətləri təhrif etmək, saxtalaşdırmaq artıq çoxdan ermənilərin milli xüsusiyyətinə çevrilib. Lakin biz Ermənistan dövlətinin və onun Qərbdəki havadarlarının yaxın tariximizin gerçəkliklərini həyasızcasına təhrif etmək və ya unutdurmaq cəhdlərini iflasa uğratmaq üçün öz yaddaşımızı, tarix şüurumuzu daim diri saxlamalıyıq, unutqanlığa yol verməməliyik.

Bu məsələnin vacibliyini Cənab Prezident də xalqa müraciətində hamımızın diqqətinə çatdırdı: “Məscidlərimizin, qəbirlərimizin dağıdılması, bütün Qarabağın, Şərqi Zəngəzurun viran edilməsi sanki olmayıb. Yəni, bunu unutdurmaq, dünya ictimaiyyətinə unutdurmaq istəyirlər. Amma biz heç vaxt bunu unutmayacağıq və Azərbaycan xalqı heç vaxt bunu unutmamalıdır, bizdən sonra gələn nəsillər bu tarixi bilməlidirlər və heç vaxt unutmamalıdırlar. Necə ki, biz Qarabağı 30 il ərzində unutmamışdıq, necə ki, 30 il ərzində xalqımız bir nöqtəyə vuraraq bu Qələbəni yaxınlaşdırırdı. Bundan sonra da bu tarixi yaddaş heç vaxt yadımızdan çıxmamalıdır”.

İlham Əliyevin Zəfər parkındakı çıxışı Ermənistana və onun Qərbdəki havadarlarına növbəti xəbərdarlıqdır. İndi Qarabağ torpağında separatçıların izi-tozunun da qalmadığını nəzərə çatdıran dövlətimizin başçısı İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələrinin artıq Ermənistan rəhbərliyinin düzgün addımlar atması üçün kifayət etdiyini bildirdi. Lakin bununla yanaşı, dövlət başçısı onu da vurğuladı ki, bu gün bu vəziyyətlə barışmaq istəməyən anti-Azərbaycan qüvvələr, bəzi Qərb paytaxtlarında oturan islamofoblar, azərbaycanofoblar Ermənistanı yeni müharibəyə təhrik edirlər. Bunun Ermənistan dövləti üçün tam faciə ola biləcəyini söyləyən Azərbaycan Prezidenti növbəti dəfə Ermənistanı silahlanma siyasətindən əl çəkməyə, buna son qoymağa çağırdı: “Anti-Azərbaycan qüvvələr, bəzi Qərb paytaxtlarında oturan islamofoblar, azərbaycanofoblar Ermənistanı yeni müharibəyə təhrik edirlər. Bu, Ermənistan dövləti üçün tam faciə ola bilər və mən dəfələrlə həm rəsmi çıxışlarımda, həm təmaslar əsnasında Ermənistan tərəfinə izah etməyə çalışırdım ki, bundan uzaq dursunlar, o fitnəyə getməsinlər. Öz maraqlarını təmin etmək üçün, onların dostları sayılan bəzi Qərb dövlətləri onları qurban verməyə hazırdırlar ki, yenə də Cənubi Qafqazda ara qarışsın, yenə də qan tökülsün, yenə də onlar bulanıq suda balıq tuta bilsinlər. Hələ ki, gec deyil, ona görə Ermənistan bu silahlandırma siyasətindən əl çəkməlidir, buna son qoyulmalıdır, mən dəfələrlə bunu demişəm və onlar bilirlər ki, mənim sözümə diqqət yetirmək lazımdır. Hələ ki, gec deyil, bundan əl çəksinlər, onlar heç vaxt bizimlə rəqabət aparmaq gücündə olmayacaqlar”.

Bizim indi quruculuq işləri ilə məşğul olduğumuzu diqqətə çatdıran və bunun bizim üçün əsas məsələ olduğunu vurğulayan Prezident İlham Əliyev həmçinin müharibə istəmədiyimizi də bir daha açıq mətnlə bəyan etdi: “Biz müharibə istəmirik. Biz istədiyimizə nail olduq, ərazi bütövlüyümüzü təmin etdik, dövlət suverenliyimizi təmin etdik. Bütün sərhədlərdə ərazi bütövlüyü təmin edilir və keçmiş məcburi köçkünlər, qaçqınlar öz dədə-baba torpaqlarına qayıdırlar. Biz indi quruculuq işləri ilə məşğuluq. Bizim üçün əsas məsələ budur”.

Lakin gəlin görək qarşı tərəf də sülh istəyirmi, dinc quruculuğa üstünlük verirmi? Əfsuslar olsun ki, bu suala müsbət cavab vermək mümkün deyil. Əksinə, Ermənistanın havadarları onu revanşizmə təhrik edirlər. Təbii ki, biz buna göz yuma bilmərik. Cənab Prezident də çıxışında qeyd etdi ki, biz Ermənistanın və onun havadarlarının hərəkətlərinə adekvat reaksiya verməliyik: “Görəndə ki, Ermənistan və onun arxasında duran, Azərbaycana düşmən gözü ilə baxan, bizə soyuq müharibə elan edən qüvvələr Ermənistanı silahlandırır, Ermənistan silahlanır, biz adekvat addım atmağa məcburuq. Otuz illik işğal tarixi bizim yaddaşımızdan silinmir və bayaq dediyim kimi, heç vaxt silinməməlidir. Biz hər an yeni təxribata hazır olmalıyıq və hazırıq. Azərbaycan Silahlı Qüvvələri hər an təxribatı dəf etmək üçün hazır vəziyyətdədir. Əgər kimsə yenidən bizim gücümüzü sınamaq istəyirsə, yenidən məğlub olacaq, yenidən biabır olacaq. Çünki 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatı, bizim Zəfərimiz təkcə Ermənistanın məğlubiyyəti deyil, onların arxasında duranların acı və alçaldıcı məğlubiyyətidir. Onu bizə bağışlaya bilmirlər. Ona görə Qərbdə Azərbaycana qarşı geniş, çirkin kampaniya aparılır”.

Ölkəmizə qarşı çirkin qaralama kampaniyaları aparan bəzi Qərb dövlətlərinin və onların liderlərinin ünvanına haqlı olaraq sərt iradını bildirən Prezident İlham Əliyev bu dövlətlərin təkcə Azərbaycan xalqının deyil, Ermənistanın da əsas düşməni olduğunu bütün ermənilərin diqqətinə çatdırdı: “Ölkəmizi gözdən salmaq, olmazın iftiralarını uydurmaq, öz əlinin altındakı saxta xəbər mənbəyi olan media resurslarından, qeyri-hökumət təşkilatlarından istifadə edərək Azərbaycanı qaralamaq, şantaj etmək, ləkələmək, təhqir etmək, bax, o özünü alçaldılmış sayan Qərb dövlətlərinin və uğursuz Qərb liderlərinin məqsədidir və onların çirkin üsuludur. Azərbaycan xalqı bunu bilir və Ermənistan xalqı da bunu bilməlidir, kimdir onların əsas düşməni? Biz deyilik. Biz onlara heç bir pislik etməmişdik. Biz onlara çörək vermişdik. Onlar bizim torpağımızda yaşayıb, özləri üçün həyat qurmuşdular. Baxmayaraq ki, XIX əsrdə ancaq onlar buraya göndərilmişdi. Biz nə pislik etmişdik? Onlar bizə qarşı soyqırımı törətdilər - Xocalı soyqırımı. Otuz il ərzində bütün şəhər və kəndlərimizi dağıtdılar, məscidlərimizi təhqir etdilər, sökdülər. Bütün o bölgəni minalayıblar. Üç yüzdən çox insan artıq minaların qurbanı olub Azərbaycanda. Ona görə biz onların düşməni deyilik, onların düşməni onların arxasında duran və ondan sonra onların arxasından dovşan kimi, siçan kimi qaçan siyasətçilərdir. Mənim sözlərimə onlar yaxşı qulaq assınlar”.

Erməni xalqı və hazırkı Ermənistan hakimiyyəti Azərbaycan Prezidentinin bu sözlərinə, bu çağırışına yaxşı qulaq asacaqmı və düzgün nəticə çıxarıb konstruktiv mövqe tutacaqmı, bunu zaman göstərəcək. Ancaq önəmli məqam budur ki, Azərbaycan Prezidenti ermənilərin və Ermənistanın gerçək düşmənini onlara göstərdi. Ağılları varsa, ermənilər Azərbaycan liderinin bu çağrışını özləri üçün “yol xəritəsi”nə çevirməlidirlər.

Azərbaycan isə öz yoluyla – Zəfər yolu ilə irəliləməyinə davam edəcək. Dövlət başçısının bəyan etdiyi kimi, “biz bundan sonra da güclənəcəyik. Heç bir təzyiq, heç bir hədə-qorxu bizə bu günə qədər təsir etməyib. Bundan sonra da təsir etməyəcək. Xalq-iqtidar birliyi gücümüzün əsas mənbəyidir. İnkişafda olan Azərbaycan qürur mənbəyimizdir, şanlı Qələbəmiz isə bizim tarixi nailiyyətimizdir, tarixi zəfərimizdir”.

Zəfərimiz mübarək olsun!
Zəfər Günümüz mübarək olsun!
Dövlət Bayrağı Günümüz mübarək olsun!

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Seçilən
105
2
newscenter.az

10Mənbələr