AZ

Qlobal İqlim Böhranında Strateji Kommunikasiya üzrə Dəyirmi Masa - "Stratcom Public Forum" keçirilib

"İqlim problemlərinin həlli karbon emissiyalarının nəzarətdə saxlanılmasından keçir".

APA xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun "Stratcom Public Forum" - Qlobal İqlim Böhranında Strateji Kommunikasiya üzrə keçirilən Dəyirmi Masaya video-müraciətində səsləndirib.

"Türkiyənin "Paris Sazişi"ni imzalamasının ardınca xanım Əminə Ərdoğanın himayəsində irəli sürülmüş "Sıfır Tullantı üzrə Qlobal öhdəliyə dair Bəyannamə" Türkiyənin bu mövzudakı həssaslığını beynəlxalq müstəviyə daşıdı. 83-dən çox ölkənin imzaladığı bu xoşməramlı bəyənnamə iqlim problemlərinin həllində Türkiyənin öncül rolunu ortaya qoyan ciddi addımdır və uğurlu olacaq", - deyə o qeyd edib.

"Türkiyə iqlim dəyişikliklərinin həllinə yönəlmiş "İqlim qanunu"nun hazırlıqlarına davam edir, 2025-ci ilin ilk rübündə qanun qüvvəyə minəcək", - bunu isə Türkiyə Ətraf-mühit Vəqfinin prezidenti və Ankara Universitetinin Dillər, Tarix və Coğrafiya Fakültəsi Coğrafiya Kafedrasının müəllimi Mehmet Somuncu deyib.

Dəyirmi masada çıxış edən Xəzər Universiteti, Tarix və Arxeologiya kafedrasının müdiri Telman Nüsrətoğlu isə deyib ki, iqlim problemlərinin həlli ilə yanaşı milli təhlükəsizlik, iqlim miqrantlığı, miqrasiya mühəndisliyi kimi məsələləri də diqqətdə saxlamaq lazımdır.

"Gələcəkdə iqlim problemlərinin fonunda yarana biləcək işsizlik, quraqlıq, ərzaq qıtlığı kimi məsələlər bizim coğrafiyamızda ciddi təhlükələr yarada bilər. Ona görə də, akademik sahələrdə risk analizləri aparılmalıdır", - deyə o qeyd edib.

Azərbaycan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (AİR Mərkəzi) Xarici Siyasət Təhlili Departamentinin rəhbəri, Beynəlxalq Əlaqələr üzrə ekspert Cavid Vəliyev isə Kür çayı, Aral, Urmiya gölləri və Xəzərin səviyyəsinin getdikcə azalmasına diqqət çəkib.

"Bu problemin həlli üçün ciddi regional əməkdaşlığa ehtiyac var", - deyə o bildirib.

Gaziantep Universitetinin doktorantı Sadık Çetin isə bildirib ki, iqlim problemlərinin həllində ən mühüm işlərdən biri cəmiyyətin maariləndirilməsidir.
"Həssas, bilgili gələcək nəsil yetişdirə bilməsək iqlim problemlərinin həllinə yönəlik bütün işlər nəticəsiz qalacaq", - deyə o qeyd edib.


Trend İnformasiya Agentliyinin baş direktor müavini, Türk Dünyası Media Platformasının prezidenti, Yaxın Şərq üzrə ekspert Rufiz Hafizoğlu da qeyd edib ki, ilkin məsələlərdən biri kütləyə xitab edə bilmək olmalıdır.
"Sadə insanlar, cəmiyyət bu problemi, gələcək təhlükələri dərk etməlidir. Kütləyə xitab edə bilmədikcə alınan qərarlar, aparılan işlər heç bir ciddi nəticə verməyəcək", - deyə o bildirib.


Qeyd edək ki, "Stratcom" İctimai Forumu qlobal qeyri-müəyyənliklərlə mübarizədə strateji kommunikasiya və beynəlxalq əməkdaşlığın əhəmiyyətinə diqqəti cəlb etmək məqsədi daşıyır.
Rabitə Nazirliyinin hər il təşkil etdiyi Beynəlxalq Strateji Kommunikasiya Sammiti (Stratcom Summit) tədbiri çərçivəsində təşkil olunan "Stratcom" İctimai Forumunda dövlət qurumlarının, beynəlxalq təşkilatların, qeyri-hökumət təşkilatlarının strateji kommunikasiya ekspertləri və bu sahədə aparıcı alimlər bir araya gəlib qlobal gündəm məsələlərini müzakirə edirlər.
Bu günkü dəyirmi masada "Sıfır tullantı" çərçivəsində iqlim böhranı ilə mübarizədə özəl və ictimai əməkdaşlıq, davamlı enerji və inkişaf, beynəlxalq münasibətlərdə iqlim böhranının səbəb olduğu yeni sınaqlar, Türkiyənin yaşıl inkişafı, ətraf- mühit və iqlim dəyişikliyi problemlərində tərəqqi, cəmiyyətdə "Sıfır Tullantı" mədəniyyətinin maarifləndirmə yolu ilə təbliği, iqlim dezinformasiyası ilə mübarizə və iqlim böhranında strateji kommunikasiyanın önəmi kimi məsələlər müzakirə olunub.

Seçilən
31
apa.az

1Mənbələr