AZ

COP29 kiçik ada ölkələrinin iddialı iqlim hədəflərini dəstəkləyir - Muxtar Babayev

Bakı, TurkicWorld

İnkişaf etməkdə olan kiçik ada dövlətləri məhdud resurslara baxmayaraq, iddialı hədəflər qoyaraq liderlik nümayiş etdirdilər.

TurkicWorld xəbər verir ki, bu barədə COP29-un prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev COP29 çərçivəsində keçirilən inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində (SIDS) çıxışı zamanı bildirib.

"Prezident İlham Əliyevin rəhbərliyi ilə COP29 Konfransı sizin iştirakınızı dəstəkləyən və səslərinizi ən yüksək səviyyəyə qaldıran əlverişli konfrans kimi nəzərdə tutulub. Biz COP29 zamanı və sonrakı dövrdə tərəfdaşlığın qurulmasını səbirsizliklə gözləyirik", - o qeyd edib.

M.Babayev bildirib ki, Azərbaycan kiçik ada dövlətləri ilə əməkdaşlığa hazırdır.

"Birlikdə daha ekoloji cəhətdən təmiz bir dünyaya doğru irəliləyə bilərik", o qeyd edib.

"Yeni kollektiv hədəfə gəldikdə, biz açıq şəkildə bildirdik ki, bu, inkişaf etməkdə olan ölkələrin ehtiyaclarını və prioritetlərini, həmçinin, qabaqcıl ölkələrin sxemlərini və siyasətini nəzərə almalıdır. Biz, həmçinin, detallı və keyfiyyətli sübutların vacibliyini eşitdik. Biz COP29-da beynəlxalq maliyyə institutlarının və çoxtərəfli inkişaf banklarının rəhbərləri ilə əlçatanlığın əhəmiyyətini qaldırmağa davam edəcəyik", - nazir əlavə edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilib.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Seçilən
21
3
turkic.world

4Mənbələr