Azərbaycan Prezidenti İlham Əliyev Toqo Prezidenti For Essozimna Qna ilə görüşüb.
“Qafqazinfo” xəbər verir ki, dövlət başçısı COP29 tədbirində iştirak etdiyi üçün Toqo Prezidentinə təşəkkürünü bildirib.
For Essozimna Qna COP29-a dəvətə görə minnətdarlığını ifadə edərək bu tədbirin çox yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan Afrika ölkələri, o cümlədən Toqo ilə münasibətlərə böyük əhəmiyyət verir.
Söhbət zamanı ikitərəfli əməkdaşlıq məsələlərinə toxunulub, təhsil, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
***
Azərbaycan Prezidenti İlham Əliyev Konqo Prezidenti Deni Sassu-Nqesso ilə görüşüb.
COP29-un yüksək səviyyədə təşkilinə görə Prezident İlham Əliyevi təbrik edən Deni Sassu-Nqesso ölkəmizə rəsmi səfərini məmnunluqla xatırlayıb.
Ali qonaq Azərbaycan Prezidentini ölkəsinə rəsmi səfərə dəvət edib.
Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrə dair fikir mübadiləsi aparılıb. Azərbaycanın müxtəlif nazirliklərinin ekspertlərindən ibarət nümayəndə heyətinin tezliklə Konqoya səfərinin təşkil edilməsi, iqtisadiyyat, ticarət, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq imkanlarına baxılması məsələsi qeyd olunub. Konqodan olan tələbələrin ölkəmizdə təhsil almalarına yaradılan şəraitə görə minnətdarlıq ifadə edilib. Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə toxunulub.
Dövlət başçısı COP29-da substantiv məsələlər üzrə də yaxşı nəticələrin əldə olunduğunu qeyd edib. Bununla belə, prosesin bundan sonra da, yəni, tədbirin sonuna qədər davam etdiriləcəyi vurğulanıb. Bu xüsusda, Paris Sazişinin 6-cı bəndi üzrə əldə edilmiş ilkin razılaşmalar müsbət qiymətləndirilib. Həmçinin İtki və Zərərə Cavab Fondunun fəaliyyətə başlaması və ona əlavə maliyyə töhfələrinin verilməsi məsələsinə toxunulub. Görüşdə beynəlxalq maliyyə və bank təsisatları tərəfindən yeni maliyyə hədəfi ilə əlaqədar bəyan edilən mövqenin bu istiqamətdə müsbət addım olduğu qeyd edilib.
***
Azərbaycan Prezidenti İlham Əliyev Ruanda Prezidenti Pol Kaqame ilə görüşüb.
COP29-a dəvətə, bu tədbirin yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə təşəkkürünü bildirən Ruanda Prezidenti qeyd edib ki, dövlət başçısının BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Liderlər Sammitinin açılış mərasimində çıxışı çox dolğun və məzmunlu idi.
Prezident İlham Əliyev dəvəti qəbul edib COP29 tədbirində iştirakına görə Pol Kaqameyə minnətdarlığını bildirib.
Dövlət başçısı qeyd edib ki, COP sədrliyini öz üzərinə götürəndən etibarən Azərbaycana qarşı haqsız və ədalətsiz hücumlar olunub, beynəlxalq mediada müxtəlif kampaniyalar təşkil edilib ki, bunlar da qəbuledilməzdir. Azərbaycan Prezidenti deyib ki, belə təəssürat yaradılır ki, sanki dünyanı çirkləndirən inkişaf etməkdə olan dövlətlərdir.
Ruanda Prezidenti “Commonwealth” təşkilatı çərçivəsində də Azərbaycanla əməkdaşlıq məsələlərini qeyd edib.
Dövlət başçısı “Commonwealth” xətti ilə ölkəmizin kiçik ada dövlətlərinə maliyyə yardımı göstərdiyini və Azərbaycanın peyk imkanlarından istifadə edərək həmin ölkələrin iqlim dəyişikliyi nəticəsində qarşılaşdıqları məsələlərlə bağlı məlumat bazasının hazırlanacağını da bildirib, Azərbaycanın praktiki baxımdan faydalı əməkdaşlığı daim dəstəklədiyini deyib.
Görüşdə Azərbaycanla Ruanda arasında ikitərəfli münasibətlər müzakirə olunub.
Ruanda Prezidenti Azərbaycanın “ASAN xidmət” təcrübəsinin çox maraqla qarşılandığını qeyd edib. Bu təcrübənin Ruanda da tətbiq olunması istiqamətində birgə əməkdaşlıq məsələləri müzakirə olunub.
ASAN və DOST xidmətləri haqqında məlumat verən dövlət başçısı burada göstərilən xidmətlərin keyfiyyətinin vətəndaşlar tərəfindən maksimum şəkildə müsbət qarşılandığını bildirib.
Görüşdə iqtisadi-ticari əlaqələr, sərmayələr sahəsində əməkdaşlıq, insanlararası təmasların daha da genişləndirilməsi məsələləri müzakirə olunub, birgə işçi qrupunun yaradılması razılaşdırılıb.
Ruanda Prezidenti qeyd edib ki, Azərbaycanla əməkdaşlığı daha da gücləndirmək niyyətindədir.
Pol Kaqame Prezident İlham Əliyevi ölkəsinə rəsmi səfərə dəvət etdi. Dövlət başçısı da öz növbəsində Ruanda Prezidentini Azərbaycana rəsmi səfərə dəvət edib.
***
Azərbaycan Prezidenti İlham Əliyev Qabonun vitse-prezidenti Cozef Ovondault Berre ilə görüşüb.
Qabonun vitse-prezidenti COP29-a dəvətə görə dövlət başçısına təşəkkür edib, bu tədbirin ölkəmizdə keçirilməsi münasibətilə təbriklərini çatdırıb.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan Afrika ölkələri ilə əlaqələrin inkişafına mühüm əhəmiyyət verir.
Söhbət zamanı ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi üçün nümayəndə heyətlərinin səfərləri məsələsinə toxunulub.
***
Azərbaycan Prezidenti İlham Əliyev İranın vitse-prezidenti, İranın Ətraf Mühitin Mühafizəsi Təşkilatının sədri Şina Ənsari ilə görüşüb.
COP29-un ölkəmizdə keçirilməsi münasibətilə Azərbaycan Prezidentini təbrik edən Şina Ənsari İran Prezidenti Məsud Pezeşkianın salamlarını dövlət başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını İran dövlətinin başçısına çatdırmağı xahiş edib.
Məsud Pezeşkianın Prezident seçilməsindən sonra onunla telefon danışığını məmnunluqla xatırlayan dövlət başçısı vurğulayıb ki, Məsud Pezeşkianın dövlət başçısı seçilməsindən sonra Azərbaycan hökumətinin müxtəlif səviyyəli nümayəndə heyətləri İrana səfər ediblər.
İran ilə Azərbaycan arasında çox yaxşı münasibətlərin olduğunu deyən Şina Ənsari əlaqələrimizin tarixi xarakter daşıdığını vurğulayıb.
Söhbət zamanı Araz çayı üzərində birgə layihələr, Su Elektrik Stansiyasının tikintisi və ətraf mühit sahəsində əməkdaşlığımız qeyd olunub, hökumətlərarası komissiyanın fəaliyyətinin önəmi vurğulanıb.
Şimal-Cənub nəqliyyat dəhlizinə toxunulub, bu xüsusda Azərbaycan, Rusiya və İran arasında birgə əməkdaşlıq qeyd edilib.
Görüşdə Xəzər dənizinin ekoloji problemlərinin aradan qaldırılması və Xəzərdə hazırda suyun səviyyəsinin azalması probleminə toxunulub, bu baxımdan sərhədyanı ölkələr arasında əməkdaşlığın vacibliyi vurğulanıb.
Prezident İlham Əliyev Ermənistanın dağ-mədən sənayesinin tullantılarının Araz çayına axıdılması və bunun çayın ekoloji durumuna mənfi təsir etməsindən narahatlığını ifadə edib.
Söhbət zamanı ikitərəfli münasibətlərin müxtəlif aspektlərinə dair fikir mübadiləsi aparılıb.
***
Azərbaycan Prezidenti İlham Əliyev Çinin Baş nazirinin müavini Din Süesən ilə görüşüb.