AZ

COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammiti keçirilib Prezident İlham Əliyev tədbirdə iştirak edib

Noyabrın 13-də Bakıda COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammiti keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Sammitin moderatoru, Millətlər Birliyi təşkilatının (Commonwealth) Baş katibi Patrisia Skotlend tədbiri açaraq dedi:

-Zati-aliləri, hörmətli qonaqlar, xanımlar və cənablar, sizi salamlayıram.

İqlim dəyişmələrinin mənfi təsirinə xüsusən məruz qalan inkişaf etməkdə olan kiçik ada dövlətlərinə həsr olunmuş bu cür mühüm müzakirədə hamınızı salamlamaqdan məmnunam. Biz iqlim dəyişmələrinin ən kəskin təsiri ilə üzləşən ölkələrin rəhbərlərini eşitmək şərəfinə nail olacağıq.

Bugünkü tədbiri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev ilə açmaqdan şərəf hissi duyuram. Cənab Prezident Azərbaycan iqtisadiyyatının tam və yaddaqalan transformasiyasına nail olub. Biz onun iqlim fəaliyyətində rolunun artmasının, daha güclü beynəlxalq tərəfdaşlığın qurulmasının, xüsusən də BMT, Qoşulmama Hərəkatı və Millətlər Birliyi kimi təşkilatlar vasitəsilə əməkdaşlığı gücləndirdiyinin şahidiyik. Həmin təşkilatlarda Azərbaycan dayanıqlı iqtisadi artım və müqavimət gücünü təşviq edib.

Cənab Prezident, sözü Sizə verirəm.

x x x

Dövlətimizin başçısı Sammitdə çıxış etdi.

Prezident İlham Əliyevin

çıxışı

-Hörmətli Baş katib.

Hörmətli dövlət və hökumət başçıları.

Xanımlar və cənablar, əziz dostlar.

Mən Sammitin bütün iştirakçılarını salamlayıram. Azərbaycan COP29-a ev sahibi olduqdan sonra inkişaf edən kiçik ada dövlətləri ilə münasibətlərimiz yeni, daha yüksək səviyyəyə qalxıb. Kiçik ada dövlətlərinin səsi qlobal arenada eşidilməlidir. Mən inkişaf etmiş bütün ölkələrə, xüsusən də müstəmləkə keçmişi olan ölkələrə müraciət edirəm ki, kiçik ada dövlətlərinə maddi və texniki dəstək göstərsinlər ki, onlar ölkələrini iqlim dəyişmələrinin fəsadlarından qoruya bilsinlər. İqlim dəyişmələri hər bir ölkəyə, o cümlədən Azərbaycana təsir göstərir. Görürük ki, Xəzər dənizi ilbəil daha da dayazlaşır. Görürük ki, çaylarımızda daha az su, dağlarımızda daha az qar var. Əfsuslar ki, keçmişdə heç vaxt görmədiyimiz daşqınlar və kəskin yağışlar bu gün reallıqdır. Bir sözlə, hər bir ölkə təsirə məruz qalır, lakin kiçik ada dövlətləri üçün bu ekzistensial təhlükədir.

Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir. Biz fəlakət qarşısında zəif olan bir sıra ölkələrə qasırğa, zəlzələ və daşqınların təsirini azaltmaq üçün yardım göstərmişik. Biz, həmçinin su təchizatı, qida təhlükəsizliyi və mədəni irsin bərpası layihələrinə dəstək vermişik. Ondan çox kiçik ada dövləti Azərbaycan universitetlərində təhsil almaq üçün tələbə təqaüdü proqramımızdan yararlanıb. Qoşulmama Hərəkatında dördillik sədrliyimiz dövründə biz 80-dən artıq ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərmişik.

Həmin ölkələrin üzləşdiyi çağırışların aradan qaldırılması COP29-da Azərbaycanın göstərdiyi səylərin əsasını təşkil edir. Bu ilin mayında COP-la bağlı planlarını müzakirə etmək üçün Baham adalarının, Tonqanın və Tuvalunun rəhbərləri Azərbaycana səfər etdilər. Qəbul olunmuş Bakı Kommünikesində COP29-da mənalı nəticələrin əldə olunmasına çağırış edilir və əlçatan iqlim maliyyəsinin vacibliyi qeyd olunur. Bu ilin sentyabrında İtki və Zərərə Cavab Fondunun fəaliyyətə başlaması ilə bağlı Bakıda ciddi irəliləyiş əldə olunmuşdur. Hazırda proses ehtiyac duyan ölkələrə, xüsusən də kiçik ada dövlətlərinə maliyyənin verilməsi üçün tamamlanmalıdır. Bu yay Azərbaycan Tonqada Millətlər Birliyi ilə Birgə Bəyannamə imzaladı.

Biz Millətlər Birliyinin kiçik ada dövlətlərindəki birgə layihələrini dəstəkləmək üçün 10 milyon ABŞ dolları məbləğində vəsait ayırırıq. Ətraf mühitin monitorinqi və qiymətləndirilməsi üçün Azərbaycanın Kosmos Agentliyi – “Azərkosmos”dan peyk məlumatlarından istifadə etmək üçün Millətlər Birliyi ilə Anlaşma Memorandumu imzalanmışdır.

Hörmətli xanımlar və cənablar, fürsətdən istifadə edərək, mən beynəlxalq gündəlikdə mühüm məsələlərdən birini də qaldırmaq istəyirəm – neokolonializm və iqlim dəyişmələri. Fransa və Niderlandın xüsusən də Karib dənizi və Sakit Okean regionundakı dırnaqarası dəniz əraziləri iqlim dəyişmələrinin ən ciddi təsirinə məruz qalanlar sırasındadır. Artan dəniz səviyyəsi, kəskin hava şəraiti və biomüxtəlifliyin pozulması həmin regionlara ciddi təhlükə yaradır. Həmin icmaların səsi bir çox hallarda onların metropoliyalarındakı rejimləri tərəfindən susdurulur.

Yeni Kaledoniya, Fransa Polineziyası, Mayot, Vallis və Futuna, Korsika, Reunion, Qvadelupa, Martinika, Fransa Qvianası, Sen-Pyer və Mikelon, Sent-Mert və Sent Varfolomey kimi Fransa müstəmləkələrinin xalqları, eləcə də Niderlandın Aruba, Kurasao, Sənt-Maarten, Boneyr, Sent Yefstaxiy və Saba kimi müstəmləkələrinin xalqları, – gəlin, həmin ərazidəki xalqları alqışlayaq, – bu gün XXI əsrdə də müstəmləkə hakimiyyətindən əziyyət çəkirlər. Hazırda Fransa Polineziyası və Yeni Kaledoniya 1946-1947-ci illərdə BMT tərəfindən qeyri-özünü idarə edən ərazilər kimi tanınır. Bununla belə, onların dekolonizasiya prosesi hələ də yubanır.

1966-1996-cı illər ərzində Fransa Polineziyası Fransanın apardığı 193 nüvə sınağı səbəbindən ətraf mühitin ciddi pozulması ilə üzləşib. Fransa orada torpaq və suyun kəskin dərəcədə zəhərlənməsi və radiasiyasına görə məsuliyyət daşıyır. Radiasiya səviyyəsi 4900 faizi keçib. Əgər buna Fransanın Əlcəzairdə illər boyu işğalı zamanı həyata keçirdiyi 17 nüvə sınağını əlavə etsək, biz həmin ölkə tərəfindən planetin ekosisteminə hansı zərərin vurulduğunu görərik. Fransanın dırnaqarası dəniz ərazilərində törətdiyi cinayətlər siyahısı rejimin bu yaxınlarda insan hüquqları pozulmalarını qeyd etməsək, tam olmazdı. Prezident Makronun rejimi Yeni Kaledoniyada kanakların builki legitim etiraz aksiyasında 13 nəfərin həyatına son qoymuş, 169 nəfəri yaralamışdır. 1700 insan həbs edilmişdir. Həmçinin bu il Martinika və Qvadelupada etirazlar zamanı 38 nəfər həbs olunub. Bütün bunlarla yanaşı, Fransa nə Avropa Komissiyası, nə Avropa Parlamenti, nə də ki, Avropa Şurasının Parlament Assambleyası tərəfindən pislənildi. Bu, siyasi riyakarlıqdır. Siyasi korrupsiya rəmzinə çevrilmiş iki təsisat – Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası günahsız insanların qətlinə görə Prezident Makronun hökuməti ilə məsuliyyəti bölüşür. Fransadakı bütün siyası məhbuslar dərhal azad olunmalıdır.

Əgər Avropanın əsas diplomatı Cozep Borrell Avropanı bağ, dünyanın qalan hissəsini isə cəngəllik adlandırırsa, onda Avropa Parlamenti ilə Avropa Şurası Parlament Assambleyasından daha nə gözləmək olar?! Əgər biz cəngəllikiksə, onda bizdən kənar durun və işlərimizə qarışmayın. Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi kiçik ada dövlətlərinə dəstək verib, COP29-un sədri kimi onları dəstəkləyəcək və gələcəkdə dostlarımızı dəstəkləməkdə davam edəcək.

Çox sağ olun.

x x x

Sammitdə çıxış edən BMT-nin Baş katibi Antonio Quterreş inkişaf etməkdə olan kiçik ada dövlətlərinin böyük ədalətsizliklərlə üzləşdiyini, iqlim dəyişmələrinin, artan qiymətlərin, COVID-19 pandemiyasının bu ölkələrə ciddi ziyan vurduğunu, onların hökumətlərinin çətin vəziyyətdə olduqlarını vurğulayaraq deyib: “Siz - kiçik ada dövlətləri nümayiş etdirirsiniz ki, iqlim ambisiyaları özünü necə büruzə verir. Siz cavab tədbirlərini görən ilk tərəfsiniz. Dünya sizi dəstəkləməli, ilk növbədə, temperatur artımının 1,5 dərəcədə saxlanılması üçün yorulmadan çalışmalıdır. Bu, o deməkdir ki, 2030-cu ilə qədər qlobal atılmalar illik əsasla 9 faiz azalacaq. Həmçinin ənənəvi yanacaqdan istifadə sürətlə və ədalətli şəkildə azalacaq, COP28-in nəticəsi təmin ediləcək. Bu, həmçinin o deməkdir ki, hər ölkə 1,5 dərəcəyə uyğun olması üçün COP30-a qədər yeni, iqtisadiyyatı əhatə edən milli iqlim fəaliyyəti planlarını və ya Milli səviyyədə müəyyən edilmiş töhfələr sənədini təqdim edəcək”.

COP29-da dünya səviyyəli maliyyə arxitekturasının yaradılması istiqamətində mühüm addımların atıldığını qeyd edən Baş katib bildirib: “İş burada və indi başlayır. Bizə inkişaf etməkdə olan ölkələrin ehtiyac duyduğu trilyonlarla dollarlıq vəsaitləri toplayan yeni iqlim maliyyə məqsədi lazımdır və imtiyazlı dövlət vəsaitlərində xeyli artım olmalıdır”.

Bu sahədə uğur qazanmaq üçün fəaliyyətin daha da gücləndirilməsinin zəruriliyini qeyd edən Antonio Quterreş deyib: “Bu COP çərçivəsində və ondan sonrakı dövrdə sizi fəaliyyəti tələb etmək üçün öz səlahiyyətlərinizdən istifadə etməyə çağırıram. Ədaləti tələb edin. Çünki yubanmaq olmaz”.

x x x

Millətlər Birliyi təşkilatının (Commonwealth) Baş katibi Patrisia Skotlend iqlim maliyyələşməsi işində uğurlu rəhbərliyə görə Prezident İlham Əliyevə və Baş katib Antonio Quterreşə minnətdarlıq edərək deyib: “Mən fürsətdən istifadə edərək həm Prezident Əliyevə, həm də Baş katib Antonio Quterreşə bu işlərə sadiqliyə, güclü rəhbərliyə və hərtərəfli dəstəyə görə təşəkkürümü bildirmək istəyirəm. Ümid edirik ki, maliyyə ilə bağlı bu yanaşma sayəsində COP29-da real nəticələrə nail olacağıq. Gəlin, onlara təşəkkürümüzü bildirək”.

Millətlər Birliyinin 56 üzvündən 25-nin inkişaf etməkdə olan ada dövləti olduğunu və onların çox gözəl potensialının mövcudluğunu qeyd edən Patrisia Skotlend vurğulayıb: “Onlar böyük çağırışlarla üzləşir. Onlar iqlim dəyişmələrinin intensivləşməsinə yüksək dərəcədə həssasdırlar. Bu, fiziki baxımdan daha az ərazi deməkdir. Bununla belə qlobal maliyyə qaydaları onların işini daha da çətinləşdirir. Bütün bunlar onların müqavimət gücünü zəiflədir. Bu səbəbdən kiçik ada dövlətlərinə verilən prioritet Birlik proqramımızın əsasını və beynəlxalq sistemdə fəaliyyətimizin özəyini təşkil edir”.

Patrisia Skotlend COP29 çərçivəsində kiçik ada dövlətləri ilə bağlı xüsusi tədbirin təşkilinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirərək deyib: “COP29-a sədrlik edən tərəfin elan etdiyi iqlim maliyyələşməsinə dair Fondun yaradılması təşəbbüsü mənə böyük təəssürat bağışladı. Resursların açılmasını və paylanmasını təmin etmək üçün icra mexanizmlərinin işlənilməsinə dəstək verməyə hazırıq. Mən bu təklifi ona görə verirəm ki, üzv dövlətlərimiz təcili şəkildə iqlim maliyyəsi ilə bağlı vədlərə ehtiyac duyur. Onlar buna Yaşıl İqlim Fondu, İtki və Zərərlər Fondu xətti ilə nail ola bilər”.

x x x

Sonra COP29-un prezidenti Muxtar Babayev və inkişaf etməkdə olan kiçik ada dövlətlərinin nümayəndə heyətlərinin rəhbərləri çıxış etdilər.

Oxuməni.az

Seçilən
36
19
oxumeni.az

10Mənbələr