AZ

Qreta Tunberq üzərində qurulan MƏKRLİ PLAN – Erməni maraqlarına xidmət edən VƏTƏN XAİNLƏRİ

Ölkəmizdə hər dəfə beynəlxalq əhəmiyyətli tədbirlər, yaxud seçkilər keçiriləndə anti-Azərbaycan şəbəkə dərhal fəallaşır. Qərbdəki erməni diaspor qurumlarından maliyyələşən qeyri-hökumət təşkilatları, media resursları, müxtəlif siyasətçilər, hətta bəzi diplomatlar, digər rəsmi şəxslər də Azərbaycan əleyhinə kampaniyanın iştirakçılarına çevrilirlər. Xarici mətbuatda məqsədli şəkildə dövriyyəyə buraxılan saxta, dezinformasiya xarakterli xəbərlərə “silahlanıb” Azərbaycan üzərinə “səlib yürüşünə” başlayırlar.

Biz bunu “Avroviziya-2012”, Birinci Avropa Oyunları: Bakı-2015, İslam Həmrəylik Oyunları: Bakı-2017, “Formula-1” və sair tədbirlər ərəfəsində müşahidə etmişik. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un paytaxt Bakıda keçirilməsinə dair qərar elan olunandan indiyə kimi də sözügedən şəbəkə Azərbaycan əleyhinə təbliğata start verib. Ən müxtəlif bəhanələrlə bu tədbiri və təşkilatçı ölkəni gözdən salmağa çalışırlar.

Bu günlərdə Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycanın COP29-a ev sahibliyi əleyhinə təşkil olunan aksiya da bu qəbildəndir. Ermənipərəst dairələr bu dəfə öz məkrli və xain planlarını təbiət mühafizəçisi, iqlim aktivisti kimi qələmə verilən isveçli Qreta Tunberq üzərindən həyata keçiriblər. O, “Biz azərbaycanlılar Qarabağ ermənilərinin yanındayıq”, “Azərbaycan planetin sərhədlərini bağladı”, “Azərbaycan hakimiyyəti insanları açıq səma altında həbsxanaya salıb”, “Etnik təmizləmə sülh deyil”, “Erməni girovları azad edin! İnsanlar qazanc vermir” və sair kimi plakatlar fonunda xarici mediaya müsahibə verib.

Qreta Tunberq Qafqaz bölgəsindən – Azərbaycan, Ermənistan və Gürcüstandan olan aktivistlərin bütün bölgə üçün sülh, ədalət, demokratiya tələb etdiyini diqqətə çatdıraraq, militarizasiyaya qarşı çağırışlar etdiklərini vurğulayıb. Skandinaviya yarımadasındakı konstitusiyalı monarxiyalı bir dövlətin vətəndaşı iddia edib ki, Azərbaycan COP29-a ev sahibliyindən guya ermənilərə qarşı “etnik təmizliyi” pərdələmək, qalıq yanacaq ixracatını və istehsalını legitimləşdirmək üçün istifadə etməyə çalışır.

Əvvəla ondan başlayaq ki, Cənubi Qafqazda sülh və demokratiyanı, azad media və cəmiyyəti quran, bu istiqamətdə davamlı addımlar atan ölkələrdən biri, bəlkə də birincisi elə Azərbaycandır. Müstəqilliyini bərpa etdikdən sonra mətbuat üzərində senzuranın ləğvi, bir çox islahatların həyata keçirilməsi, internetin, eyni zamanda media resursu təsis etməyin əlçatan olması, hər bir vətəndaşın öz fikrini sərbəst şəkildə bildirməsi, müstəqil baxışını ortaya qoyması buna əyani misaldır. Qafqazda sülh məsələsinə gəlincə, 1988-ci ildən məhz Ermənistan siyasi hakimiyyətinin əsassız iddiaları səbəbindən qızışdırılan, ardınca silahlı münaqişəyə çevrilən Qarabağ problemi, 1994-cü ilə qədər davam edən qanlı müharibə nəticəsində Azərbaycanın 20 faiz ərazisi işğal olunub, yüzminlərlə azərbaycanlı məcburi köçkünə çevrilib, minlərlə vətəndaşımız öldürülüb, itkin düşüb, əsir və girov götürülüb. 1994-cü ildən 2020-ci ilə qədər ötən 26 il ərzində Azərbaycan Qarabağ probleminin dinc yolla, sülh şəraitində, insan itkisi olmadan həll edilməsi üçün bütün vasitələrə əl atıb. Hətta bilə-bilə ki, sülh danışıqlarının heç bir səmərəsi yoxdur, ATƏT-in Minsk qrupunun üç həmsədr dövləti – ABŞ, Fransa və Rusiya açıq-aşkar ermənipərəst mövqe tuturlar, yenə də dialoqdan imtina etməyib.

Bütün bu illər ərzində bir dəfə də olsun isveçli qretalar, “hüquq müdafiə təşkilatları”, “aktivistlər” sadəcə Azərbaycan və onun vətəndaşı naminə deyil, ümumilikdə bəşəriyyət və insanlıq naminə aksiya keçirməyiblər. Xocalı soyqırımında sırf azərbaycanlı olduqlarına görə ermənilər tərəfindən amansızlıqla qətlə yetirilən, ən müxtəlif işgəncələrə məruz qalan insanların teleyindən narahatlıq keçirməyiblər. Ümumən təbii sərvətlərimizin talanması, çaylarımızın kimyəvi tullantılarla çirkləndirilməsi, hətta Metsamor Atom Elektrik Stansiyasının Qafqaz üçün törətdiyi təhlükə Qərbdəki “təbiət aşiqlərinin” ruhuna təsir etməyib. Şuşa şəhəri yaxınlığında yerləşən Topxana meşəsinin ermənilər tərəfindən məhv edilməsi, yandırılması nəticəsində ərşə ucalan acı tüstü də nə müasir qretaların, nə də onun əcdadlarının gözlərini yaşartmayıb, oksigenlərini azaltayıb.

Hətta 2020-ci ilin 44 günlük Vətən müharibəsindən sonra ərazilərimizi tərk edən ermənilərin azərbaycanlılara məxsus evləri yandırmaları, meşələri, o cümlədən nadir ağac növlərini kəsib məhv etmələri, hətta özləri ilə apara bilmədikləri atın, ulağın, donuzun başını kəsib cəsədlərini ətrafa səpələmələri də “iqlim fəallarını” narahat etməyib, düşündürməyib. İkinci Qarabağ müharibəsi dövründə Ermənistanın cəbhə xəttindən uzaqda yerləşən Gəncə, Bərdə, Mingəçevir və sair  Azərbaycan yaşayış məntəqələrini raket atəşinə tutması, dinc əhalinin ölümünə səbəb olması Qərbdəki hüquq müdafiə təşkilatlarını hərəkətə gətirməyib.

Azərbaycanı militarizasiyada ittiham etmək də gülüncdür. Çünki rəsmi Bakı irticaçı silahlanma siyasəti yürütməyib, təcəvüzkarlıq məqsədilə müharibəyə hazırlaşmayıb. Ermənistan tərəfdən hərbi təcavüzə məruz qalan, davamlı təxribatlarla üzləşən bir dövlət olaraq, Azərbaycan öz vətəndaşlarını və ərazi bütövlüyünü müdafiə etmək məqsədilə Silahlı Qüvvələrini gücləndirib. Məhz bu güclü Ordu sayəsində BMT-nin 30 ilə yaxındır yerinə yetirilməyən 4 qətnaməsini beynəlxalq hüquqa əsaslanaraq təmin edib. Hətta 2020-ci il 27 sentyabr tarixində Ermənistanın genişmiqyaslı hərbi təxribatına cavab olaraq, əks-hücum əməliyyatına başladığı dövrdə də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, rəsmi İrəvan torpaqlarımızdan öz silahlı birləşmələrini geri çəkəcəyinə dair bəyanat versin, konkret vaxt bildirsin, əməliyyat dərhal dayanacaq. 44 günün tamamında Ermənistan kapitulyasiya aktına imza atmaqla, bu, baş verib.

Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin etdikdən sonra da bəyan edib ki, öz qonşularına, o cümlədən Ermənistana qarşı ərazi iddiası yoxdur. Amma Ermənistanın konstitusiyasında, digər hüquqi və siyasi aktlarında qonşu ölkələrə, xüsusən də Azərbaycana qarşı ərazi iddiası yer alır. Üstəlik, Ermənistan elə Qreta Tunberqin ölkəsinin də üzv olduğu NATO-ya faktiki rəhbərlik edən ABŞ-dən silah-sursat almaq üçün maliyyə yardımı əldə edir. Bundan başqa, Ermənistan Fransa, Rusiya, Hindistan, Cənubi Koreyadan da yeni nəsil silahlar, xüsusən hücum silahları alır. Maraqlıdır, isveçli aktivistlər bu gerçəkliyi niyə görməzdən gəlirlər?

Etnik təmizləməyə gəlincə, 1987-1991-ci illərdə 400 mindən artıq azərbaycanlı indiki Ermənistandan zorla qovulub. Onlardan biri də mənəm. 1988-ci ilin soyuq noyabr ayında ailə üzvlərimlə birlikdə sadəcə paltarımızı geyinib Göyçə mahalı Basarkeçər rayonu Nərimanlı kəndini tərk etmişik. O zaman cəmi 6 yaşım var idi. Kəndimizə ermənilər hücum edib dinc insanları qətlə yetirməsinlər deyə, ata-babalarımız səhərə qədər kəndin müxtəlif yerlərində keşik çəkirdilər. Silahlı erməni quldurlarına qarşı taxta dəyənək, yaba, bel, daşla “silahlanırdıq”. Üzü Kəlbəcərə doğru qarlı və keçilməz aşırımlarda ard-arda düzülən köç karvanları, insanların üzündəki qorxu, həyəcan, iztirab, yaşanan faciələr indi də ağ-qara kino lenti kimi gözlərim önündə canlanır. İrəvan şəhərində, Hamamlı, Gümrü, Basarkeçər və sair rayonlarda, Vedi rayonunun Xalisa kəndində dinc azərbaycanlılara qarşı törədilən vəhşiliklər, soydaşlarımızın etnik təmizləməyə məruz qalması, azərbaycanlılara məxsus 600 qəbiristanlığın dağıdılması nə dünən, nə də bu gün Qərbin beynəlxalq təşkilatlarını, həmçinin demokratiyanı, söz azadlığını, insan hüquqlarını əlində bayraq edib müstəqil xarici siyasət yürüdən ölkələrə təzyiq göstərməyə çalışan imperialist dövlətləri maraqlandırmayıb.

Bütün bu reallıqlar fonunda ciddi təəssüf doğuran məqam həm də budur ki, özünü feminist, aktivist kimi cəmiyyətə təqdim edən “sapı özümüzdən olan baltalar” da anti-Azərbaycan şəbəkədə yer alır, isveçli qretaların eko-aksiya adı altında sırf erməni maraqlarına xidmət edən aksiyalarında iştirak edirlər. Azərbaycanda kiminsə siyasi hakimiyyətdən narazı qalması, müxalif mövqe tutması, əsaslı tənqidi fikirlər səsləndirməsi, hətta kimlərisə məhkəməyə verməsi, qalib gəlib təzminat tələb etməsi normaldır. Bu faktın özü demokratik ab-havanın göstəricisidir. Amma anormal olan “Biz azərbaycanlılar Qarabağ ermənilərinin yanındayıq”, “Etnik təmizləmə sülh deyil”, “Erməni girovları azad edin! İnsanlar qazanc vermir” kimi şüarlar, Qarabağdakı qondarma rejimin “rəmzləri” əks olunan plakatlar altında etiraz etməkdir. Bunun adı müxalifətçilik, iqlim aktivistliyi deyil, Vətənə xəyanət mövqeyi tutmaqdır.

Mən xatırlamıram ki, hansısa erməni ictimai-siyasi fəal, sabiq məmur, diplomat və sair “Biz Ermənistandan zorla qovulan, işgəncələrə, fiziki-mənəvi terrora, etnik təmizləməyə məruz qalan azərbaycanlıların yanındayıq”, “Ermənistan dövləti azərbaycanlılara təzminat ödəməlidir”, “Ermənilər Qarabağda ekoloji terror törədiblər”, “Ermənistan dövləti itkin düşən azərbaycanlıların taleyinə aydınlıq gətirməlidir”, “Ermənistanda azərbaycanlılara məxsus maddi-mədəni irs məhv edilib”, “Erməni dövləti və dünya erməniləri Xocalı soyqırımına görə Azərbaycandan üzr istəməlidir” kimi şüarlarla aksiya keçirsin, isveçli qretalar da onlara dstək olsun. Yeri gəlmişkən, “ermənilərin etnik təmizləməyə məruz qaldığı” iddiasını təkrarlayan “iqlim fəalı” və dəstəsi artıq Ermənistandadır. Onlar Azərbaycana qarşı etiraz aksiyalarını İrəvanda davam etdirəcəklər. Bu faktın özü də Qreta Tunberq və ətrafında toplaşanların erməni maraqlarına xidmət etdiyini açıq şəkildə göstərir.

Rufik İSMAYILOV

Seçilən
40
medianews.az

1Mənbələr