AZ

Rusiyaya qarşı Şərq Qalxanı: İddialı layihənin təfərrüatları

Donald Trampın ABŞ seçkilərində qələbəsi Ukrayna və Avropada təhlükəsizlik narahatlığını artırsa da, Polşa Rusiyaya qarşı “Şərq Qalxanı” layihəsini sürətləndirib.

Turkustan.az xəbər verir ki, 2 il yarımdan artıqdır davam edən Ukrayna müharibəsi Avropanın ən mühüm gündəm maddələrindən biri olmaqda davam edir. Ötən həftə ABŞ-da keçirilən seçkilərdə Donald Trampın qələbəsi Avropanın mərkəzində böhranda tarazlığı dəyişəcək kimi görünür.

Kiyevin ən böyük maliyyə və hərbi dəstəkçisi olan Bayden administrasiyasından fərqli olaraq, yeni prezident Tramp Ukraynadakı müharibəni mümkün qədər tez bitirmək və bu maliyyə yükündən qurtulmaq istəyir. Bu o deməkdir ki, nə Ukrayna, nə də Avropa təhlükəsizlik baxımından əvvəlki kimi ABŞ-a arxalana bilməz.

Regionda təhlükəsizliklə bağlı narahatlıqlar addım-addım artdıqca, Polşa düyməni basdı və NATO-nun şərq cinahını qorumaq üçün Rusiya və Belarusla sərhədləri boyunca 1,9 milyard funt sterlinq dəyərində “Şərq Qalxanı” qurmağa başlayıb.

Təxminən 650 km uzunluğunda olan struktur sərhədi fiziki olaraq qorumaq və sərhəd hərəkətlərinə nəzarət etmək üçün tikilmiş tank əleyhinə istehkamlardan, bunkerlərdən və digər maneələrdən ibarət olacaqdır.

Polşa, süni intellektlə dəstəklənən pilotsuz təyyarələrə qarşı sistemlər və müşahidə texnologiyaları ilə təchiz olunmuş qalxan sayəsində sərhədlərini müharibə təhlükələrindən qoruya biləcəyini düşünür. Polşanın baş naziri Donald Tusk bu strukturun da peyk komponentlərinə sahib olacağını və ölkəni mümkün müharibələrdən qoruyacağını iddia edir.

Tusk bu ilin əvvəlində verdiyi açıqlamada “Şərq Qalxanı”nın düşməndən gələn potensial təhlükələri dəf etmək üçün hazırlandığını və şimalda yerləşən Rusiya ərazisi olan Kalininqradın Qərb üçün artan təhlükə olduğunu iddia edib.

Polşa hökumətinin verdiyi məlumata görə, “Şərq Qalxanı” ölkənin müharibədən sonrakı tarixində ən mühüm milli təhlükəsizlik sərmayəsidir. Çox qatlı müdafiə xəttinin təxminən 200 metr dərinliyində olması və hasarlar, xəndəklər və minalanmış sahələrdən ibarət olacağı gözlənilir.

Britaniyanın Dailymail qəzetində yer alan məlumata görə, qalxanın hündür sərhəd hasarı işğalçılara qarşı ilk maneəni təşkil edəcək, ardınca isə tikanlı məftillər və tank əleyhinə xəndəklər gələcək.

Zirehli texnikanın hərəkətini dayandırmaq üçün “əjdaha dişləri” adlanan uclu bloklardan istifadə olunacaq və yollara müxtəlif maneələr qoyulacaq.

Müdafiə uğursuz olarsa, meşələrdə mülki şəxslər üçün yeraltı sığınacaqlar gizlənəcək.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Seçilən
49
turkustan.az

1Mənbələr