AZ

Vüqar Gülməmmədov: “İqlim dəyişikliklərinin təsirlərinin azaldılması böyük maliyyə vəsaiti tələb edir”

Vüqar
“İqlim dəyişikliklərinin təsirlərinin azaldılması və bu təsirlərə uyğunlaşma tədbirlərinin icrası böyük maliyyə vəsaiti, o cümlədən büdcə dəstəyi tələb edir” .
1news.az xəbər verir ki, bunu noyabrın 11-dən 22-dək Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil olunan “Hökumətlər iqlim sahəsində fəaliyyətlərində hansı mərhələdədirlər? – İqlimSkaneri qiymətləndirməsinin nəticələri” adlı tədbirdə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib. O qeyd edib ki, bu tədbirlər üçün ayrılan vəsaitlərin məqsədyönlü istifadəsi və şəffaflıq təmin edilməsində ali audit orqanlarının (AAO) iştirakı qaçılmazdır. "Hazırda iqlim dəyişikliyinin yaratdığı risklərə diqqət ayıran bir çox AAO üçün iqlim fəaliyyəti əsas ekoloji audit mövzusudur. Hesablama Palatası da fəaliyyətində qlobal çağırışlardan doğan məsələləri xüsusi diqqətdə saxlayır. Son illərdə ətraf mühitlə bağlı məsələlər, o cümlədən iqlim fəaliyyətinin bəzi sahələri səmərəlilik auditlərimizdə əhatə olunub," - deyə o bildirib.

V.Gülməmmədov əlavə edib ki, apardıqları auditlər bu sahədə müxtəlif çağırışların mövcud olduğunu göstərir. Bu çağırışlardan bəziləri audit institutları ilə, bəziləri isə auditin keçirildiyi mühitlə əlaqədardır və əksər ölkələrin AAO-ları üçün aktualdır. Məsələn, yaşıl həllərin tətbiqinin ənənəvi standartlara uyğun gəlməməsi və milli qanunvericiliyə dəyişikliklərin tələb olunması, iqlim fəaliyyəti ilə bağlı məlumatların çeşidi və vaxtında təqdim edilməsində çətinliklər, iqlim maliyyəsi üzrə təcrübə sayının az olması, yaşıl büdcə ilə bağlı nəzəriyyə və praktik tətbiq arasında fərqlərin müşahidə edilməsi kimi çətinliklər var. Bundan əlavə, iqlim auditi standartlarının inkişaf mərhələsində olması, auditorlarda bu sahə üzrə bilik və bacarıq ehtiyacının yaranması, iqlim auditinin miqyasının müəyyənləşdirilməsi və hökumət əsaslı auditlərin Dayanıqlı İnkişaf Məqsədləri kimi qlobal çərçivələrlə uyğunlaşdırılmasının zərurəti kimi məsələlər mövcuddur.

Seçilən
49
6
1news.az

6Mənbələr