AZ

Yaxın 10 ildə enerji təchizatının 30 faizi... — İqtisadçı AÇIQLADI

COP29-da müzakirə olunan əsas məsələlərdən biri də iqlimlə bağlı maliyyələşdirmə məsələsidir. Qeyd olunur ki, dövlət və özəl sektor iqlim dəyişikliyinin təsirlərinin azaldılması üçün maliyyələşdirməni genişləndirməlidir. Dünya Bankının davamlı inkişaf üzrə vitse-prezidenti Yurgen Voegele COP29 çərçivəsində keçirilən "Qlobal maliyyə sistemi: İqlim fəaliyyəti üçün maliyyələşmənin genişləndirilməsi" adlı tədbirdə deyib ki, dövlətlər iqlimlə bağlı maliyyəni tək özəl sektorun üzərinə atmamalıdır. O bildirib ki, iqlimlə bağlı məqsədlərə nail olunması üçün həm özəl, həm də dövlət sektoru töhfə verməlidir.

Məsələyə iqtisadçı ekspert Xalid Kərimli Demokrat.az-a açıqlamasında münasibət bildirib. X.Kərimli deyib ki, Azərbaycan “yaşıl enerji” istehsalını inkişaf etdirməyə, bərpa olunan enerji mənbələrini artırmağa çalışır:

“Digər tərəfdən, tullantıların azaldılması hamının xeyrinədir, həm ətraf mühitə dəyən ziyan azalır, həm də xərclər aşağı düşür. Yüksək texnologiyaların tətbiqi məhsuldarlığı artırmaqla bərabər tullantıları da azaldır. Amma hazırda Azərbaycan dövlətinin əsas məqsədi əhali üçün məşğulluq sahələri yaratmaq, sosial rifahı yaxşılaşdırmaqdır. Əhalinin gəlirlərinin artırılması, qeyri-neft sektorunun diversifikasiya edilməsi prioritet məsələlərdəndir. Azərbaycan ənənəvi enerji istehsalçısı olduğu üçün neft və qaz sənayesini ləğv edə bilməz. Buna baxmayaraq Azərbaycan enerji dayanıqlılığının artırılması, “yaşıl enerji”yə keçidin sürətləndirilməsi, ixracın həyata keçirilməsi istiqamətində rol oynayır. Yaxın 10 ildə Azərbaycanın prioritetləri sırasında enerji təchizatının 30 faizinin məhz bərpaolunan enerji mənbələrindən əldə edilməsi dayanır. Bu istiqamətdə işlər görülür”.

Törə Zeynallı
Demokrat.az
Seçilən
41
demokrat.az

1Mənbələr