AZ

İrəvanın 1 həftə vaxtı qalır – Bakı bu addımın və sözünün arxasındadır

Hər il müxtəlif ölkələrin ev sahibliyi etdiyi COP sammitinin 29-cu “Tərəflərin Konfransı” noyabrın 11-dən Bakı şəhərində işinə başlayıb. Tədbir bu ayın 22-dək davam edəcək.

COP28 2023-cü ildə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində keçirilmişdi. COP konfranslarında bir çox ölkələr dünyada karbon qazının (CO2) miqdarını sənayeləşmədən əvvəlki dövrdə olduğu kimi 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmaq üzrə irəliləyişə nail olmağa çalışırlar.

Azərbaycanın bu sammitə ev sahibliyi, beynəlxalq konfransın keçirilməsi hansı səviyyədədir? COP29 ölkəmizə nə qazandıracaq?

Globalinfo.az-a danışan Milli məclisin deputatı Arzu Nağıyev deyib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirilməsi tarixi, eyni zamanda mühüm əhəmiyyət kəsb edir:

“Məlum olduğu kimi 196 dövlətin və Avropa İttifaqının dəstəyi ilə bu tədbirin Azərbaycanda keçirilməsinə qərar verilib. 2023-cü ildə Dubayda keçirilən sammitdən sonra, 11 ay ərzində hazırlıq işlərinin başa çatması, böyük bir tədbirə ev sahibliyi etməsi Azərbaycan dövlətinin, Prezident ilham Əliyevin düzgün qurduğu daxili və xarici siyasətin nəticəsidir.

Açılışda 72 min nəfərdən artıq şəxs iştirak edib, 80-dən çox ölkə rəhbərlik səviyyədə təmsil olunub. Bu bir daha göstərir ki, tədbirin təşkilatçılığı yüksək səviyyədədir. Bir neçə Azərbaycana qarşı qərəzli yanaşma nümayiş etdirən dövlətlərin COP29-un ölkəmizdə keçirilməsini əngəlləməyə cəhd göstərməsinə baxmayaraq, tədbir uğurla baş tutdu. Həmin dövlətlər öz maraqları üçün bu tədbirin keçirilməsinə mane olmaq istədilər. Onlar öz məkrli siyasətlərini həyata keçirərək, insan haqları, “siyasi məhbus” bəhanələrini gündəmə gətirməyə çalışdılar. Lakin bu cəhdlər uğursuzluqla nəticələndi”.

Arzu Nağıyevin sözlərinə görə, bu proseslərdə öndə gedən ölkələrdən biri də Azərbaycandır:

“Bunu Prezident İlham Əliyev, BMT-nin Baş katibi Antonio Qutereş də konfransın açılış mərasimində bildirdi. Tədbirdə əsas məqsəd dünyada havanın temperaturunun azaldılmasında çox ciddi dəyişiliklərin əldə edilməsidir. Azərbaycan da bu məsələyə daim dəstək verməkdə maraqlıdır.

Arzu Nağıyev

Digər tərəfdən neft və qaz ölkəsi olan bir dövlətin COP29-a necə ev sahibliyi edəcəyi ilə bağlı qərəzli fikirlər də səsləndirilir. Lakin tarixə nəzər salsaq görərik ki, bu beynəlxalq tədbir bundan əvvəl də kömür, qaz istehsal edən, neft ölkəsi kimi tanınan bir sıra ölkələrdə keçirilib. Polşa və digər bu kimi bir neçə ölkədə də təşkil olunub. Azərbaycanın həm daxildə, həm də xaricdə apardığı müstəqil siyasət bunu bir daha sübut etdi ki, biz paralel olaraq alternativ enerji və bərpa olunan enerjidən də istifadə etməyə qadirik. Ölkəmiz təbiətin bəxş etdiyi bütün sərvətlərdən düzgün istifadə edir. Su və külək enerjisi də buna nümunə hesab edilə bilər. Bu məsələlərdə də Azərbaycan əməli addımlar atır, atmaqda da davam edəcək“.

Arzu Nağıyev Azərbaycanın dəvət göndərməsinə baxmayaraq Ermənistan nümayəndələrinin hələ də COP29 sammitində iştirak etməməsinə də münasibət bildirib:

“Azərbaycan Ermənistana COP29-da iştirakla bağlı dəvət göndərmişdi. Rəsmi İrəvan rəsmilərinin sammitdə iştirak etməmək üçün müxtəlif bəhanələri var idi. Hətta Ermənistan Baş naziri Nikol Paşinyan öz çıxışlarında “23 nəfər əsir-girovların” azadlığa buraxılması məsələsini gündəmə gətirmişdi. Azərbaycan öz üzərinə düşən beynəlxalq səviyyəli dəvəti edib. Buna baxmayaraq Ermənistan rəhbərliyi hələ ki tədbirdə iştirak etməyib. Lakin Azərbaycanda baş tutan COP29-un bitməsinə hələ müəyyən vaxt var. İrəvan beynəlxalq səviyyəli təşkilatlarla təmasda olmağı özünə borc bilirsə, tədbirə qoşula bilər. İştirak edib-etməmək onların öz məsələsidir. Ermənilər olmadan da tədbir yüksək səviyyədə keçirilir”.

Qeyd: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Mövzu: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi.

Seçilən
152
40
turkustan.az

10Mənbələr