AZ

Monteneqro Prezidenti Heydər Əliyev Mərkəzi ilə tanış olub - Fotolar

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün Azərbaycanda səfərdə olan Monteneqro Respublikasının Prezidenti Yakov Milatoviç noyabrın 14-də Heydər Əliyev Mərkəzində olub.

“Qafqazinfo” xəbər verir ki, ali qonağa dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzi haqqında geniş məlumat verilib.

Qeyd olunub ki, Mərkəzin fəaliyyəti Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının və Ulu Öndərin irsinin dərindən öyrənilməsinə və tədqiq edilməsinə yönəlib. Mərkəzin həyata keçirdiyi layihələr Azərbaycan tarixinin, dilinin, mədəniyyətinin və digər milli sərvətlərin beynəlxalq aləmdə təbliğinə, elmin, təhsilin, mədəniyyətin, səhiyyənin, idmanın, ekologiyanın və iqtisadiyyatın müxtəlif sahələrinin dəstəklənməsinə və inkişafına xidmət edir.

Monteneqronun Prezidenti əvvəlcə Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə - 1969-cu ildən 2003-cü ilə qədər - rəsmi istifadəsində olan avtomobillərə baxıb.

Ümummilli Liderin həm sovet hakimiyyəti dövründə, həm də müstəqillik illərində həyata keçirdiyi fəaliyyət konsepsiyasının müxtəlif dövrlərini əks etdirən eksponatlar, fotoşəkillər və multimedia zalı qonaqda böyük maraq doğurub.

“Azərbaycan inciləri” sərgisi ilə də tanış olan Yakov Milatoviçə bu sərgidə ölkəmizin tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsi ilə bağlı nadir eksponatların nümayiş etdirildiyi bildirilib. Burada qədim peşələrin, o cümlədən Azərbaycan xalçaçılıq məktəbinin nadir nümunələrinin sərgiləndiyi, qədim çalğı alətlərimizin orijinal şəkildə - səsli formada təqdim olunduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, Azərbaycan milli geyimlərinin, qədim sikkələrin nümayiş etdirildiyi sərgiyə gələnlər burada müxtəlif dillərdə müqəddəs kitabları da görə bilərlər.

Monteneqro Prezidenti Heydər Əliyev Mərkəzindən xoş təəssüratla ayrılıb.











Seçilən
43
15
qafqazinfo.az

10Mənbələr