AZ

"Bir nəfərin bir neçə kartı nağdlaşdırması normal haldır, çünki..." - Kulturoloq

Ödənişlər vaxtı bankomatların qarşısında uzun növbələr olur. Bu zaman bir adamın cibindən 5, digərinin 6 kartı nağdlaşdırmaq istədiyinin şahidi oluruq. Bir sözlə, sanki bir nəfər qohum-əqrəbada nə qədər müavinət alan varsa, hamısının kartını götürüb gəlib növbədə durub. Bəs bu addım nə qədər düzgün hesab edilən mədəniyyət formasıdır?

Bu barədə Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, kulturoloq Aydın Xan Əbilov Redaktor.az ilə öz fikirlərini bölüşdü:

"Azərbaycanda maliyyə sistemi son illər sürətlə inkişaf etməyə başlayıb və bütün dünyada olduğu kimi bizdə də kartlaşma prosesi artıq yekunlaşıb. Təəssüflər olsun ki, bütün maliyyə gəliri və çıxarışı kartlaşdırılsa və bankların çoxu öz bankomatını yaratsa da, respublikanın hər yerində kifayət qədər bankomat olmadığına görə müavinətlər verilən zaman bir çox  bankomat qurğuları ətrafında uzun-uzadı növbələr olur. Biz bunu görürük və tənqid edirik. İnsanlarımızın növbə mədəniyyətinə malik olmadığını qeyd edirik. Amma digər tərəfdən Azərbaycanda hansı bankların məvacib və pensiyalar verdiyi bəllidir. Onların bütün respublikanı əhatə edən sistemi olsa da, yaşayış məntəqələrinin və kəndlərin hər birində bankomat yoxdur. Məsələn, mənim təcrübəmdə uzunmüddətdir "Kapital Bank"ın Lənkəran rayonunun bir kəndində bankomatla bağlı əhalinin müraciətinə baxmayaraq, bankomat aparatı indiyə qədər orada qurulmayıb. Hətta biz özümüz də bir neçə şəxs vasitəsilə xahiş etdik, yenə də həmin yerdə bankomat yerləşdirilməyib. Bu da ona gətirib çıxardır ki, əhalinin bir hissəsi kəndlərdən bankomat aparatları olan yerlərə gedən qohum-əqrəbasına öz kartlarını verirlər və məvacibini çıxarmağı xahiş edirlər".

Kulturoloq qeyd edib ki, bizdə hələ əhalinin nağdlaşdırma mədəniyyəti kifayət qədər inkişaf etməyib:

"Yəni insanlar hələ də karta pul oturan kimi o dəqiqə onu çıxardıb sonra müxtəlif xidmət sahələrində, ticarət mərkəzlərində, hər hansı bir məhsulu əldə etmək üçün nağd ödəməyə üstünlük verirlər. Halbuki həm Azərbaycanda, həm də dünyanın bir çox ölkələrində kartla ödənişə daha çox üstünlük verilməsi ilə bağlı təbliğat aparılır. Məsələn, Azərbaycanda kart ödənişində ƏDV-nin geri qaytarılması zamanı faiz çoxdur, kartdan istifadəyə görə müxtəlif lotereyalar oynanılır. Amma yaşlı nəslin nümayəndələri bunlardan istifadə etmirlər. Əslində, kartın özü də köhnə bir texnologiya sayılır. Mən düşünürəm ki, yaxın gələcəkdə həmin plastik kartlar ekoloji cəhətdən ətraf mühiti zibillədiyinə görə aradan çıxarılacaq. Hər şey ya bizim şəxsiyyət vəsiqəmizdə olan və hələ də kifayət qədər işlədilməyən çiplər, ya da ki, mobil telefon  vasitəsilə olacaq".

A. Əbilovun fikrincə, bakların mobil tətbiqlərindən istifadə mədəniyyəti geniş yayılmalı və yaşlı nəsil də bir qədər maarifləndirilməlidir:

"Bu məsələ ilə bağlı həm media, həm banklar, həm maliyyə sisteminə cavab verən dövlət qurumları maraqlanmalıdır, həm də QHT-lərə sosial sifariş vermək lazımdır ki, yaşlı nəslin nümayəndələri və sosial cəhətdən, təhsil baxımından bir az aşağı olan insanların yanına gedib maarifçiliklə məşğul olsunlar. Bu, iqtisadi maarifçilik də, bank xidmətləri ilə də bağlı ola bilər. Eyni zamanda qara iqtisadiyyatın qarşısının alınması, bir çox iş yerlərində rəsmi müqavilənin bağlanması, ödəmələrin verilməsi baxımından da həm dövlətə, həm də vətəndaşlara sərf edir. Çünki bu zaman nə qədər maaş alınmasını, hara xərclənməsini həm dövlət qurumları, həm də şəxslərin özləri biləcək. Bu vasitə ilə yaşlı adamların da kartını alıb aldadan fırıldaqçıların qismən qarşısı alınar. Üstəlik, kartlardan virtual oğurluq və virtual cinayət faktları da çoxalıb. Müxtəlif bankların adından bizim sadə insanlarımıza zəng edirlər, aldadaraq onlardan kart nömrələrini, şifrələrini istəyirlər və kartında olan pulları əldə edirlər. Bununla bağlı Daxili İşlər Nazirliyinin aidiyyəti qurumları dəfələrlə belə fırıldaqçılara inanmamağı xahiş edib. Bu baxımdan da kartlarla bağlı iqtisadi, maliyyə düşüncəmizdə maariflənməyə ehtiyac var".

Kulturoloq qeyd etdi ki, bir nəfərin qohum-əqrabasının kartlarını ödənişi almağa gətirməsi də normal haldır və burada pis heç nə yoxdur. Banklar gərək hər bir yaşayış massivində, əhalinin daha çox toplaşdığı yerlərdə bankomat aparatlarını qoysunlar ki, insanlar da belə basabasla, bir birilərinin hüququnu pozmaqla, 5-10 kartı eyni vaxtda nağdlaşdırmaqla başqalarına mane olmasınlar.

Sevinc İBRAHİMZADƏ

 

Seçilən
61
redaktor.az

1Mənbələr