AZ

"AİB Azərbaycan, Özbəkistan və Qazaxıstanın "yaşıl dəhliz" layihəsinə 225 min dollarlıq qrant ayıracaq

Mən Asiya İnkişaf Bankına (AİB) "yaşıl dəhliz" layihəsinə dair məsləhət xidmətlərinin, o cümlədən texniki-iqtisadi əsaslandırmanın hazırlanması və birgə müəssisənin yaradılmasına dəstək məqsədilə 225 min ABŞ dolları məbləğində qrant ayırmaq qərarına görə təşəkkürümü bildirirəm.

FED.az xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov Mərkəzi Asiyada bərpa olunan enerji mənbələrinə əsaslanan enerji keçidinin təşviqi üzrə Nazirlər Dialoqu zamanı deyib.

“Cəmi iki gün əvvəl COP29 çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında “yaşıl” enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında hökumətlərarası saziş yüksək səviyyədə imzalanıb”, – deyə o bildirib.

Nazir əlavə edib ki, həmçinin Səudiyyə Ərəbistanının bu üçtərəfli layihədə əsas tərəfdaş rolunu təsdiqləyən sənəd də imzalanıb. Bu hadisə beynəlxalq enerji əməkdaşlığına və ətraf mühitə yönəlmiş investisiyalara mühüm strateji təkan verərək regionu vahid geo-iqtisadi məkana çevirmək üçün ölkələr arasında strateji tərəfdaşlıqların yaradılmasına və möhkəmləndirilməsinə yönəlmiş əhəmiyyətli addımdır.

“Bərpa olunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsinə böyük önəm verilir. Bu saziş Azərbaycan ilə Qazaxıstan və Özbəkistan da daxil olmaqla, Mərkəzi Asiya ölkələri arasında qardaşlıq, dostluq və strateji əlaqələri əks etdirərək, “yaşıl” enerji dəhlizinin yaradılması, regionda inteqrasiya olunmuş elektrik bazarlarının inkişafı və bərpa olunan enerjinin digər bölgələrə ixracına şərait yaradır”, – deyə Pərviz Şahbazov vurğulayıb.

Onun sözlərinə görə, milli enerji şirkətləri tərəfindən səhmdarlar müqaviləsinin imzalanması və birgə müəssisənin yaradılması layihənin uğurlu həyata keçirilməsi üçün əsas mərhələlərdən olacaq. Hazırda birgə müəssisə yaradıldıqdan sonra Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin inteqrasiyasının texniki-iqtisadi əsaslandırması üzərində işə başlanması planlaşdırılır. Layihəyə CESI konsaltinq şirkəti cəlb edilib.

“Eyni zamanda qeyd etmək istəyirəm ki, bu layihə əslində yalnız Azərbaycan, Qazaxıstan və Özbəkistanla məhdudlaşmır. Geniş hidroresurslara malik Qırğızıstan və Tacikistan da gələcəkdə bu layihəyə qoşula bilər və onların hidroresursları dəyişkən bərpa olunan enerji mənbələrinin balanslaşdırılmasında istifadə edilərək, bu layihəyə dəyər qatacaqdır”, – deyə o əlavə edib. (Trend)

Seçilən
52
1
fed.az

2Mənbələr