AZ

Paşinyanın yeni imici: Bədən dili nə deyir?

Siyasətçilərin öz imicini dəyişməsi bir qayda olaraq, səbəbsiz olmur və müəyyən siyasi məna kəsb edir. 

Onların bədən görkəmində, davranışında, geyimində baş verən dəyişikliklər müəyyən siyasi mesajların verilməsi məqsədi daşıyır. 

Əksər hallarda isə belə üsullardan istifadə siyasi texnoloqların və imicmeykerlərin məsləhəti ilə həyata keçirilir. Bu baxımdan, Ermənistanın Baş naziri Nikol Paşinyanın saqqalını təraş etməsi səbəbsiz deyil və təbii ki, özündə siyasi mənanı  ehtiva edir. 

Ona görə də “Paşinyanın yeni bədən dili nədən xəbər verir” sualı ən çox müzakirə olunan mövzularından birinə çevrilib.   

Ermənistanın Baş nazirinin siyasi imicini ətraflı öyrənmək üçün onun hakimiyyətə gəlməzdən əvvəl, yəni jurnalist kimi çalışdığı, müxalifətçi kimi fəaliyyət göstərdiyi, və “məxməri inqilab”dan sonra - Baş nazir olduğu dövrlərə aid zahiri görünüşünü müqayisə etmək lazımdır.  

Nikol Paşinyanın bu məqalədə dərc edilmiş birinci fotoşəkili 2018-ci ilin aprel ayında, yəni “məxməri inqilab”dan bir neçə gün əvvəl, ikincisi isə 2024-cü il noyabrın 14-də çəkilib. Yəni Paşinyan ənənəvi görkəminə qayıdıb. 

Onun yalnız Serj Sarkisyan hakimiyyətinə qarşı Ermənistanda xalq hərəkatına liderlik etdiyi zaman saqqal saxlamağa başladığı hər kəsə yaxşı məlumdur.  

İnqilab zamanı Nikol Paşinyanın saqqal buraxması xalq arasından çıxmış, sadə və yeni siyasi liderin hakimiyyətə gəlməsi imicinin yaradılmasına xidmət edirdi. 2018-ci il aprelin 24-də Paşinyan Serj Sarkisyan diktaturasını devirməklə məqsədinə çata bildi. 

Artıq həmin dövrdən 6 il ötüb və bu dövrdə həm Ermənistanda, həm də regional proseslərdə xeyli dəyişiklik baş verib. 

Nikol Paşinyanın reytinqi də hakimiyyətinin ilk illərində olduğu qədər yüksək deyil. Sonuncu rəy sorğuları inqilabdan sonra siyasi reytinqi 90 faizdən yüksək olan Nikol Paşinyana tam inanan ermənilərin sayının cəmi 14,6 faiz təşkil etdiyini göstərir. Ermənistan əhalisi yeni lider axtarışındadır. Ancaq hazırda belə bir şəxs yoxdur.

Keçmiş prezidentlər Robert Köçəryanın və Serj Sarkisyanın müxalifət düşərgəsində siyasi monopoliya yaradaraq yenidən hakimiyyətə qayıtmaq niyyəti xalqı hər dəfə Paşinyana dəstək verməyə məcbur edir. Lakin yeni lider müxalifət nümayəndəsi olmaya da bilər. 

Yəni Paşinyanı əvəz edəcək növbəti baş nazirin elə hakim komandanın öz düşərgəsindən çıxması ehtimalı daha yüksəkdir. Bu mənada, artıq iddialı və cavan siyasətçilər də var. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, parlamentin spikeri Alen Simonyan, xarici işlər naziri Ararat Mirzoyanın adları baş nazir postuna potensial namizədlər kimi çəkilir. 

Paşinyan isə 2026-cı ildə keçiriləcək növbəti parlament seçkilərində qalib gəlmək arzusundadır. Əgər o, məqsədinə çatarsa, bu onun 2031-ci ilə qədər hazırkı vəzifəsində qalmasını təmin edə bilər. Böyük ehtimalla, Paşinyanın saqqalını təraş etməsi köhnə siyasi imicindən xilas olmağa hesablanıb. Onu da nəzərə almaq lazımdır ki, saqqalı ağarmış Paşinyan yaşlı görünür. Bu isə cəmiyyətin alt şüurunda yeni cavan lider axtarışı ideyasını möhkəmlədən amildir.

Hakim komandadakı potensial rəqibləri ilə müqayisədə Paşinyan daha yaşlı və “köhnə” nəsil siyasətçi təsiri bağışlayır. Belə bir imic qarşıdan gələn seçkilərdə Paşinyana etimadı azalda və ya vəzifəsini itirməsi ilə nəticələnə bilər. Qeyd edilən səbəbdən, Paşinyanın yeni bədən dili Baş naziri həm də yaşca daha cavan göstərməyə xidmət edir. 

Yəni Paşinyan inqilabdan əvvəlki görkəmini bərpa etməklə özünü cavan siyasi lider obrazına qaytarmağa, görüləcək işlərinin hələ qarşıda olduğunu deməyə çalışır.

Seçilən
106
50
cebheinfo.az

10Mənbələr