AZ

Ofisdə mobil telefondan İSTİFADƏ QADAĞASI: İşəgötürənlər bilməlidirlər ki… – FOTOLAR

Mobil telefon aparatını başqa şəxslərə kirayəyə vermək olarmı?

– Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 368-ci maddəsinə görə mütəmadi gəlir (mənfəət) əldə etmək məqsədilə abunəçinin identifikasiya modulunun (sim kartlar və ya digər kartlar) və ya mobil telefon aparatının başqa şəxslərə kirayəyə verilməsi inzibati xəta hesab edilir və buna görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək, vəzifəli şəxslər min manatdan iki min manatadək, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

İş yerində işçiyə mobil telefondan istifadə etməsinə qadağa qoyula bilərmi?

– Xeyr, qətiyyən qadağa qoyula bilməz. Bu, yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. ” Konstitusiyanın 29-cu maddəsinə əsasən isə “Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir”, “Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz”.

Nəinki, işəgötürənin, hətta heç bir hüquq-mühafizə orqanı əməkdaşının, polis və ya prokurorluq orqanlarının və ta digər güc strukturlarının belə şəxslərin əlindən mülkiyyətində olan telefonu qeyri-qanuni alıb onun istifadəsinə hər hansı məhdudiyyət qoymaq hüququ yoxdur.

Bəzi iş yerlərində yaranan bu mürtəce mobil telefondan istifadə qadağası nə ilə bağlıdır?

Məlumdur ki, bəzən iş yerlərindən müəyyən məlumatlar səs yazıları və ya videogörüntülər formasında yayıla bilir. Bu hallar daha çox iş yerlərində yol verilən qanunsuz əməllərin ifşası məqsədilə, məsələn, tutaq ki, rüşvət və ya əxlaqsız təkliflər hallarında, iş vaxtından artıq işçiləri işləməyə məcbur etmə hallarında və digər məqamlarda yol verilir. Bundan çıxış yolu kimi isə bəzi işəgötürənlər qurumun inzibati binasına daxil olarkən mobil telefonları təhvil verməyin tələb edilməsini yeganə çıxış yolu kimi görürlər . Təcrübədə bəzən isə müdir bunu  işçinin başının telefona qarışıb işi görməsinə mane olmasını əngəlləmək üçün edir. Nə səbəbə olursa, olsun, bu cür üsula əl atmağın özü qanunsuzluqdur.

İşəgötürənlər bilməlidirlər ki, işçi mobil telefonla qanunsuz əmələ yol verərsə, onsuz da qanunda cəza nəzərdə tutulur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 155-ci maddəsi “Yazışma, telefon danışıqları, poçt, teleqraf və digər məlumatların sirrini pozma” əməlini, 156-cı maddə isə “Şəxsi həyatın toxunulmazlığını pozma” əməlini cinayət hesab edir və bu əməlləri törətmiş şəxslər cinayət məsuliyyətinə cəlb edilir. Yox əgər, işəgötürən qanunsuz əməllər edirsə, bu halları işçi mobil telefon vasitəsilə audio və ya video çəkiliş vasitəsilə yayımlayırsa, bu halı vətəndaşlıq bprcu kimi görmək lazımdır.

Mobil telefonu talama məqsədi olmadan onu sonradan mülkiyyətçisinə qaytarmaq niyyəti ilə başqasının mobil telefonunu götürüb istifadə etmək məsuliyyət yaradırmı?

Bu, oğurluq hesab edilməsə də, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322-ci maddəsi (Özbaşınalıq) və ya digər maddələri ilə cinayət məsuliyyəti yaradır.

“Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 3 mart 2005-ci il tarixli, 1 nəmrəli qərarının 8-ci bəndinə görə tamah məqsədi olmadan özgənin əmlakının əldə edilməsinə yönəlmiş, hüquqazidd hərəkətlər, məsələn, əmlakı sonradan mülkiyyətçiyə qaytarmaq, yaxud əmlaka ehtimal olunan hüquqla bağlı həmin əmlakı götürmək niyyətilə törədilmiş hərəkətlər, oğurluq və ya soyğunçuluq cinayətlərinin tərkibini yaratmır. İşin hallarından asılı olaraq, buna əsaslar olduqda, belə hərəkətlər CM-nin 322-ci maddəsi və ya digər maddələri ilə tövsif edilməlidir.

Özbaşınalıq dedikd, qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi fiziki və ya hüquqi şəxs tərəfindən təkzib edilən hər hansı hərəkətin özbaşına törədilməsi başa düşülür və bu əməl mühüm ziyan vurduqda cinayət məsuliyyəti yaradır.

Yunis XƏLİLOV, hüquqşünas

Medianews.az

Seçilən
34
medianews.az

1Mənbələr