AZ

Trampın ikinci dönəm xarici siyasət kursu birincidən fərqlənəcək?

ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp birlikdə işləyəcəyi şəxsləri seçməyə, bütün dünyaya təsir edəcək vəzifələri paylamağa başlayıb...

Politoloq: “Gələn ilin qışında, yəni bir neçə aydan sonra biz görəcəyik ki, Tramp Ukrayna ilə bağlı öz vədini necə yerinə yetirəcək və ümumiyyətlə yerinə yetirə biləcəkmi?”.

“Ola bilsin ki, bu xətt Trampı Ukrayna müharibəsi ilə bağlı Rusiya ilə razılığa gəlməməyə məcbur etsin. Təbii ki, burda Rusiyanın da verəcəyi reaksiyalardan çox şey asılıdır”.

Bu sözləri politoloq Turab Rzayev ABŞ-ın seçilən prezidenti Donald Tramp etdiyi kadr dəyişikliklərini Poliqon-a şərh edərkən qeyd.

Xəbər veriyimiz kimi, ABŞ-ın seçilən prezidenti Donald Tramp birlikdə işləyəcəyi şəxsləri seçməyə, vəzifə verməyə başlayıb. Tramp Florida ştatından olan konqresmen Mayk Uoltsa milli təhlükəsizlik üzrə müşavir vəzifəsini təklif edib. Bu post xüsusilə xarici siyasət məsələlərində əhəmiyyətli vəzifədir. Co Bayden administrasiyasında bu vəzifəni Ceyk Sallivan daşıyır. Məhz Sallivan Bayden administrasiyasının Ukrayna müharibəsi ilə bağlı siyasətinin əsas “beyin mərkəzi” sayılırdı.

Xatırladaq ki, Mayk Uolts dövlət katibi vəzifəsinə namizəd olan Marko Rubio ilə birlikdə Respublikaçılar partiyasının “şahinlər”, yəni döyüşkən qanadına aid edilir.

Xarici siyasətlə bağlı elan olunan kadrlardan çıxış edərək Trampın ikinci dönəm xarici siyasət kursu necə olacaq və bu yeni kurs birinci dönəmdəki xarici siyasət kursdan nəylə fərqlənə bilər?

ABŞ siyasətində baş verə biləcək prosesləri Poliqon-un əməkdaşı politoloq Turab Rzayev ilə müzakirə edib.

Turab Rzayev: “Xüsusilə, İran-İsrail münasibətlərin kəskinləşməsi fonunda mümkündür ki, İrana qarşı məhz bu “şahin” qanad hansısa hərbi əməliyyatların başlanmasına Pentaqonu razı sala bilsin”.

Rusiya ilə yaxınlaşmanın, münasibətlərin tənzimlənə biləcəyini də istisna etməyən politoloq Poliqon-a bildirib ki, bunun əvəzində digər istiqamətlərdə, xüsusən Çin və İran istiqamətində münasibətlərin kəskinləşməsini müşahidə edə bilərik:

“Düşünürəm ki, bununla əslində Tramp Ukrayna müharibəsinə olan münasibətini göstərdi. Ola bilsin ki, bu təyinat Ukraynayaya yönəlik Trampın öz vədlərini yerinə yetirməsinə işarədir. Yəni Tramp Rusiya və Ukraynaya böyük təsir edəcəyini, hər iki tərəfi şantaj edəcəyini, eləcə də sülhə nail olacağını demişdi. Buna görə də, düşünürəm ki, vəzifəyə başlayacağı ilk günlərdən Uoltsun üzərinə ağır yük düşəcək . Çünki 3 ildir davam edən geniş miqyaslı müharibəni bir gündə bitirmək mümkün olmadığı kimi, ümumiyyətlə bu müharibəyə son vermək çox ağır məsələdir və çox mərhələli geosiyasi razılaşmalar tələb edir. Ona görə də gələn ilin qışında, yəni bir neçə aydan sonra biz görəcəyik ki, Tramp Ukrayna ilə bağlı öz vədini necə yerinə yetirəcək və ümumiyyətlə yerinə yetirə biləcəkmi

Digər tərəfdən də, ABŞ-da xarici siyasəti, ümumiyyətlə siyasəti prezident təyin etmir. Orada fərqli balans siyasəti var. Buna görə ola bilər Tramp Demokratlar Partiyasının “şahin” qanadını uzaqlaşdırsa da, Respublikaçı Partiyasının “şahin” qanadı tərəfindən Rusiya ilə münasibətləri gərgin saxlamağa məcbur edilə bilər. Çünki ABŞ-da Respublikaçılar içərisində kifayət qədər “şahinlər” qanadı var. Hansı ki, onlar dünya hegemoniyasında maraqlıdırlar. Bu qrup da Rusiya ilə münasibətlərin yumşalmasına tərəf deyil.

Turab Rzayev: “Trampın əsas hədəfi Çindir. Birinci dönəm prezidentliyi zamanı da bu belə idi”.

Belə olan halda, xarici siyasətlə bağlı hər iki təyinat sərt xətt tərəfdarıdır. Ola bilsin ki, bu xətt Trampı Ukrayna müharibəsi ilə bağlı Rusiya ilə razılığa gəlməməyə məcbur etsin. Təbii ki, burda Rusiyanın da verəcəyi reaksiyalardan çox şey asılıdır.

Başqa məqam odur ki, ola bilsin Rusiya ilə yaxınlaşma ola bilər, münasibətlər tənzimlənə bilər. Bunun əvəzində digər istiqamətlərdə, xüsusən də Çin və İran istiqamətlərində münasibətlərin kəskinləşməsini görə bilərik. Məsələn, Trampın əsas hədəfi Çindir. Birinci dönəm prezidentliyi zamanı da bu belə idi. Tramp Çinə qarşı mübarizə aparmağın tərəfdarıfır və bu siyasətini davam etdirir.

Eyni zamanda İrana qarşı münasibətdə də biz sərtləşməni görə bilərik. Xüsusilə, İran-İsrail münasibətlərin kəskinləşməsi kontekstində məsələyə baxsaq, mümkündür ki, İrana qarşı məhz bu “şahin” qanad hansısa hərbi əməliyyatların başlanmasına Pentaqonu razı sala bilsin. Demokratların dövründə bu sadəcə olaraq mümkünsüz kimi görünürdü”.

Nərminə UMUDLU
Poliqon.info

Seçilən
36
poliqon.info

1Mənbələr