AZ

Fed sədri gələcəkdəki faiz endirimlərində səbrli davranacaqlarını açıqladı

ABŞ Mərkəzi Bankının (Fed) sədri Cerom Pauell iqtisadi vəziyyəti qiymətləndirdiyi çıxışında, hazırkı şərtlərin faiz endiriminə təcili ehtiyac yaratmadığını bildirib.  

Valyuta.az xəbər verir ki, Dallasda iş dünyasının liderləri ilə görüşən Pauell, ABŞ iqtisadiyyatının möhkəm quruluşunun, gələcəkdə faiz endirimi qərarlarında səbirli davranmalarına imkan verdiyini vurğulayıb. O, ABŞ iqtisadiyyatının ümumi göstəricilərinin digər iri qlobal iqtisadiyyatlarla müqayisədə daha güclü olduğunu qeyd edərək bu müsbət mənzərəni diqqətə çatdırıb.  

Pauell oktyabr ayında məşğulluğun, cənub-şərqdə baş verən fırtınalar və işçi tətili səbəbindən zəif olduğunu qeyd edib. Bununla belə, işçi bazarının ümumilikdə davamlı olduğunu və işsizlik göstəricilərinin tarixi normaya görə aşağı səviyyədə qaldığını vurğulayıb. Son aylarda işsizlik göstəricilərinin sabit qalmasına diqqət çəkən Pauell, iqtisadiyyatın ümumi quruluşunun güclü olduğunu bir daha təsdiqləyib.  

İnflyasiya hədəfinə doğru mərhələli və səbirli yanaşma

Pauell inflyasiya mövzusunda danışaraq, inflyasiyadakı müsbət irəliləyişin genişmiqyaslı və davamlı olduğunu bildirib. Fed rəsmiləri inflyasiyanın mərhələli şəkildə 2%-lik hədəfə yaxınlaşacağını proqnozlaşdırırlar. İstehlakçı və istehsalçı qiymətlərində cüzi artımlar müşahidə edilsə də, oktyabr ayında inflyasiyanın 2,3% səviyyəsində olduğu, ərzaq və enerji xərcləri çıxılmaqla isə bu göstəricinin 2,8%-ə çatdığı qeyd olunub. Pauell, inflyasiya hədəfinə çatmaq yolunda bəzən dalğalanmaların olacağını, lakin Fed-in bu hədəfə qətiyyətlə yönəldiyini vurğulayıb.  

Fed-in sentyabr ayında həyata keçirdiyi 50 baza bəndlik faiz endirimindən sonra yaxın zamanda göstərici faiz dərəcəsi 25 baza bənd daha azaldılaraq 4,5%-4,75% aralığına endirilib. Bu addım inflyasiyanı nəzarətdə saxlamaqla yanaşı, əmək bazarının sabitliyini dəstəkləmək məqsədini daşıyır. Pauell, iqtisadi artımı nə təşviq edən, nə də məhdudlaşdıran neytral faiz səviyyəsinə çatmağı hədəflədiklərini bildirib. Lakin bu səviyyəyə nə vaxt çatılacağı ilə bağlı dəqiq vaxt göstərməyib.

Rəhim

Seçilən
53
14
valyuta.az

10Mənbələr