AZ

"Ambisiyadan fəaliyyətə": 4SİM və DİF iqlim hədəflərini müzakirə etdi

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Dünya İqtisadi Forumunun (DİF) 4-cü Sənaye İnqilabı Mərkəzləri şəbəkəsinin təşkilatçılığı ilə iqlim fəaliyyəti və dayanıqlı inkişaf sahəsində əməkdaşlığı təşviq etmək üçün yüksək səviyyəli liderlərin iştirakı ilə görüş təşkil olunub.

Fins.az xəbər verir ki, görüşdə 70-dən çox yerli və beynəlxalq şirkətlərin rəhbər şəxsləri və dövlət rəsmiləri iştirak edib.

Dünya İqtisadi Forumunun idarəedici direktoru və Təbiət və İqlim Mərkəzinin rəhbəri Cim Huay iştirakçıları salamlayaraq dayanıqlı gələcək və sıfır emissiya hədəflərinə çatmaq üçün liderliyin rolunu vurğulayıb.

DİF-in Təbiət və İqlim Mərkəzinin rəhbər şəxsləri və ekspertlərinin də qatıldığı görüşdə enerji keçidi, təbii resursların idarə edilməsi və iqlim tədbirlərinin gücləndirilməsi sahələrində strateji əməkdaşlıq məsələləri müzakirə olunub. Azərbaycan tərəfindən iqlim dəyişikliyi ilə mübarizədə ölkənin rolunun artırılması və emissiyaların azaldılması hədəflərinə nail olmaq üçün strateji təşəbbüslər qeyd olunub.

Tədbir çərçivəsində həmçinin “Ambisiyadan fəaliyyətə: İqlim həlləri və siyasəti üçün əməkdaşlıq” adlı sessiya baş tutub.

Sonda “Sıfır emissiya, təbiət üçün müsbət və sosial ədalətli gələcəyə nail olmaq üçün miqyasını genişləndirməli olduğumuz innovativ tərəfdaşlıqlar və investisiyalar hansılardır?” mövzusunda müzakirələr aparılıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Fuad Mədətov
Fins.az

Seçilən
10
50
fins.az

10Mənbələr