AZ

Şanlı qalibiyyət tarixi nailiyyətimizdir

Azərbaycan xalqının sarsılmaz iradəsi, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin qətiyyəti və ən nəhayət mərd, cəsur Azərbaycan oğullarının savaş meydanında böyük, misilsiz qəhrəmanlıqları sayəsində 30 ilə yaxın düşmən işğalına məruz qalan müqəddəs Vətən torpaqlarımız öz azadlığına qovuşdu. İşğal dövründə insanlıq əleyhinə çoxsaylı hərbi cinayətlər törədən Ermənistan anlaya bilmədi ki, törətdiyi cinayət əməllərinin gec-tez qarşısı alınacaq və haqq - ədalət bərqərar olunacaq. Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyev tərəfindən təsdiqlənən mükəmməl hərbi strategiya və taktika döyüş meydanında Azərbaycan Ordusunun “Dəmir yumruq” əməliyyatını sürətlə və az itki ilə həyata keçirməyə imkan verdi. Nəticədə ermənilərin 30 il ərzində möhkəmləndirdiyi müdafiə xətləri yarıldı, hərbi resursları məhv edildi.

44 günlük Vətən müharibəsində ağır məğlubiyyət alan düşmənin canlı qüvvələri sözün həqiqi mənasında, mövqelərini qoyub qaçdılar. Ermənilərin qoyub qaçdığı atıcı silahlar, ağır texnikalar, raket kompleksləri, nəqliyyat vasitələri və digər sursatlar hərbi qənimət kimi Azərbaycan Ordusunun nəzarətinə keçdi. Həm hərbi qənimət kimi götürülmüş silahlar, həm də məhv edilərək yararsız vəziyyətə salınmış sursatlar hal-hazırda Bakıda, Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Artıq Hərbi Qənimətlər Parkı ölkəmizin 44 günlük Vətən müharibəsindəki qələbəsinin rəmzinə çevrilmişdir.

Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyev 14 noyabr 2024-cü il tarixində Bakı şəhərində Zəfər parkının açılışında etdiyi çıxışda lazımi dairələrə xəbərdaredici mesajlar ünvanladı. Dövlət başçımız qeyd etdi ki, əgər kimsə yenidən bizim gücümüzü sınamaq istəyirsə, yenidən məğlub olacaq, yenidən biabır olacaq. Çünki 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatı, bizim Zəfərimiz, təkcə Ermənistanın məğlubiyyəti deyil, onların arxasında duranların acı və alçaldıcı məğlubiyyətidir. Ona görə Qərbdə Azərbaycana qarşı geniş, çirkin kampaniya aparılır. Ölkəmizi gözdən salmaq, olmazın iftiralar uydurmaq, Qərb dövlətlərinin və onların uğursuz liderlərinin məqsədidir və onların çirkin üsuludur.

Azərbaycan Respublikasının yürütdüyü uğurlu daxili və xarici siyasət, həmçinin də ölkəmizdə formalaşmış möhkəm xalq – iqtidar birliyi sayəsində dövlətimiz bundan sonra da güclənəcək. Heç bir təzyiq, heç bir təhdid bizi tutduğumuz haqq yolundan çəkindirə bilməz. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz şanlı qalibiyyət bizim tarixi nailiyyətimizdir. Bu qələbə bizimlə əbədi olacaq.

Artıq Azərbaycanımızın üçrəngli, ay-ulduzlu bayrağı Xankəndində qürurla dalğalanır. Azərbaycan Respublikasının suverenliyi onun bütün əraziləri üzərində təmin edilmişdir. İkinci Qarabağ müharibəsi və 8 Noyabr Zəfəri ölkəmizdə milli həmrəyliyi, milli birliyi daha da möhkəmləndirdi, daha da gücləndirdi. Bu gün sosial-iqtisadi, siyasi baxımdan sürətlə inkişaf edən Azərbaycan Respublikası həm ölkəmizdə, həm də bütün dünyada yaşayan soydaşlarımızın qürur mənbəyidir. Azərbaycan xalqı bundan sonra qalib xalq, Azərbaycan dövləti əbədi olaraq müzəffər dövlət kimi yaşayacaq.

Vasif Səfiyarov,

YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi

Seçilən
31
ikisahil.az

1Mənbələr