AZ

İqlim maliyyələşdirilməsi olmadan yerli xalqlar yox ola bilər - Hindu Umaru İbrahim

İqlim maliyyələşdirilməsi olmadan yerli xalqlar yox ola bilər.

Olaylar xəbər verir ki, bunu İqlim dəyişmələri üzrə beynəlxalq və yerli xalqlar Forumunun həmsədri, hüquqşünas Hindu Umaru İbrahim COP29 çərçivəsində Azərbaycan Respublikasının Milli Məclisi və Parlamentlərarası İttifaq (IPU) tərəfindən birgə təşkil edilən Parlament görüşünün tərkib hissəsi olan "Zəminin hazırlanması: iqlim dəyişikliyinin real təsirini anlamaq" sessiyasında bildirib. Tədbirdə Parlamentlərarası İttifaqın Azərbaycandan vitse-prezidenti, Milli Məclisin deputatı Sevil Mikayılova iştirak edir.

"Çadda xalqımızla baş verənlərdən heç kim danışmır. Yerli xalqlar ən çox əziyyət çəkənlərdir, çünki biz təbiətlə birlikdə yaşayırıq və ondan asılıyıq", - deyə o bildirib.

Hüquqşünas inkişaf etmiş ölkələrin iqlimə vurduqları ziyana görə ödəniş etməli olduğunu vurğulayıb. Lakin maliyyələşmə ilə bağlı müzakirələr hələ də davam edir.

"Maliyyələşmə indi lazımdır, bu, insanlıq məsələsidir. Bu, xalqların yaşaması ilə bağlı məsələdir. Bu, nə iqtisadiyyat, nə də inkişaf etmiş ölkələrin inkişafı ilə bağlıdır. Bu, hamımızın yaşaması məsələsidir. Parlament üzvləri olaraq siz hökumətlərinizi məsuliyyətə cəlb edə bilərsiniz. Vəsait ayrılmalıdır ki, mənim xalqım yaşaya bilsin. Əks təqdirdə, sadəcə olaraq, yox olacağıq. Bu, Arktikadan Amazona, Sakit okeanın kiçik inkişaf etməkdə olan adalarından Himalay dağlarına qədər bütün yerli xalqların problemidir", - deyə o vurğulayıb.

Qeyd edək ki, Bakıda COP29 çərçivəsində Parlamentlərarası İttifaq və Azərbaycan Milli Məclisinin birgə təşkilatçılığı ilə Parlament Görüşü öz işinə başlayıb.

İki günlük tədbirdə 66 ölkədən və beynəlxalq təşkilatlardan 92 nümayəndə heyətinin, 330-dək iştirakçının qatılacağı tədbirdə 12 spiker və vitse-spiker başda olmaqla, 167 parlament üzvü iştirak edir.

Parlament Görüşündə keçiriləcək sessiyalarda İqlim dəyişmələrinin real təsirləri, iqlim öhdəliklərinin reallığa çevrilməsi üçün təsirlərin azaldılması ilə bağlı iddialı tədbirlərin artırılmasında və milli səviyyədə müəyyən edilmiş töhfələrin həyata keçirilməsində parlamentlərin rolu, iqlim maliyyələşdirilməsinin qlobal arxitekturasının inkişafı, iqlim dəyişmələrinə qarşı dayanıqlılığın artırılması, bu sahəyə hərtərəfli və ədalətli yanaşmanın təşviqi, İqlim dəyişmələri ilə mübarizə aparmaq və ədalətli çıxışı təmin etmək məqsədilə texnologiyadan istifadə, dəyişən iqlim şəraitində sağlamlıq və qida təhlükəsizliyi səyləri, insan yerdəyişməsinin və iqlim dəyişmələrinin idarə edilməsi və digər mövzularda müzakirələr aparılacaq, yekun sənəd qəbul ediləcək.

Tədbir çərçivəsində bir sıra ikitərəfli görüşlərin keçirilməsi də nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
23
1
olaylar.az

2Mənbələr