AZ

Sürəyya Ağaoğlu - İstanbulda Türkiyənin ilk azərbaycanlı qadın hüquq vəkili anıldı

Dünən İstanbul Türk Ocağının konfrans salonunda Türkiyənin ilk qadın hüquq vəkili, uşaq hüquqlarının qorunması sahəsində ilk addım ataraq 1949-cu ildə  Uşaq Dostları Dərnəyini yaradan Sürəyya Ağaoğlunun (1903-1989)  həyatı və fəaliyyəti ilə bağlı konfrans keçirilib. 
 
Moderator.az Sherg.az-a istinadla xəbər verir ki, Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və  Azərbaycan Türk Ocağı İctimai Birliyinin təşkilatçılığı  ilə keçirilən tədbiri giriş sözü ilə İstanbul Türk Ocağı başqanı, professor Cezmi Bayram açıb. 
 
 
O, Sürəyya Ağaoğlunun yetişdiyi ailə və ictimai mühitdən söhbət açıb. C.Bayram ötən əsrin əvvəlində Türkiyəyə mühacirət edən Əhməd bəy Ağaoğlunun milliyyətçi dərnək və quruluşların yaradılmasında, Türkiyənin ictimai-siyasi fikir tarixində önəmli rolundan bəhs edib. Eyni zamanda S.Ağaoğlunun gələcək fəaliyyətində ailə və ictimai mühitin təsirlərindən danışıb, bugünkü gənclərin S.Ağaoğlunun mübariz obrazından öyrənməli olduğunu deyib. 
C.Bayram qeyd edib ki, kimsəsiz, küçələrdə valideyn qayğılarından məhrum olan uşaqların təlim-tərbiyəyə cəlb olunması, topluma faydalı fərdlərə çevrilməsi kimi məsələlər hələ 1927-ci ildən Türk Ocaqlarının diqqət mərkəzində olub, bu sahədə proqramların qəbulunun vacibliyini vurğulayıblar. Türk Ocağının nəzərdə tutduğu bu ideyanı S.Ağaoğlunun yerinə yetirildiyini qeyd edən C.Bayram belə şəxsiyyətlərin həyatının gənclərə örnək olduğunu deyib.
 
 
Azərbaycan Türk Ocağı İctimai Birliyinin sədri Akif Aşırlı bildirib ki, Türkiyə və Azərbaycanın ortaqlaşan tarixində S.Ağaoğlunun parlaq şəxsiyyəti aktuallığını həmişə qoruyub saxlayır. 
 
 
Türkiyədə 1921-ci ildə qızların hüquq təhsili almasına ilk çığır açan, 1928-ci ildə ilk dəfə hüquq vəkili kimi rəsmi qeydiyyatdan keçən, dünyanın 70-dən çox ölkəsinə səyahət edən, həmin dövlətlərin bir çoxunda qanunvericilik aktlarının təkminləşdirilməsində, uşaq və qadın hüquqlarının qorunmasında təklif və rəylərini bildirən S.Ağaoğlunun fəaliyyəti çoxşaxəlidir. Uşaq dostları dərnəyini yaradaraq cəmiyyətin diqqətini kimsəsiz uşaqlara, valideyn qayğısına ehtiyacı olan körpələrə yönəldən S.Ağaoğlu Türkiyədə ilk addımı atdı. Yüzlərlə sevgi və nəvazişə möhtac qalan uşağa analıq qayğısı göstərdi, onlara Yurd yeri açdı. 
 
 
 
Vəkil Hilal Gültəpə Öztürk S.Ağaoğlunun vəkil kimi fəaliyyətinə toxunub, ötən əsrin əvvəllərində Türkiyədə qadın hüquqlarının vəziyyətindən danışıb. S.Ağaoğlunun qadın haqlarına  dəyər verən, güclü lideri Ziya Gökalpdan ilhamlandığını deyib. Uşaqlıqdan vəkil olmaq arzusunu dilə gətirib. Öncüllüyü, hazırcavablığı, qərarlılığı ilə bütün qadınlara örnək olub. H.G.Öztürk S.Ağaoğlunun 17 yaşında hüquq fakültəsinə qəbul olması üçün verdiyi mücadilədən, tələbəlik illərində etdiyi etirazlarından danışıb. Üstəlik o, Türkiyə Cümhuriyyətinin hələ elan edilmədiyi bir vaxtda tələbə qızların sayının artması və qadınların hüquq peşəsinə yiyələnmələri üçün mübarizə aparırdı. Hüquq fakültəsini bitirdikdən sonra da davam etdirdiyi etirazları ilə qadın hüquqçulara yol açdı. O, xüsusilə də uşaq məhkəmələrində fəaliyyət göstərmək istəyib. Hazırda Türkiyədə uşaq məhkəmələri var və bu, S.Ağaoğlunun sayəsindədir. Adıçəkilən vəkil dünyanın fərqli yerlərində baş tutan tədbirlərə də qatılırdı. Son dərəcə intellektual idi, xarici dil bilgisi də vardı. Hazırda qadın hüquqlarını qorumağa xidmət edən dərnəklər bugünkü bir çox qızlarımıza - yəni kiçik Sürəyyalara da nümunədir. Çünki həmin təşkilatların qurucuları arasında S.Ağaoğlu da yaxından fəaliyyət göstərib.  
 
 
 
 
Azərbaycanlı jurnalist, araşdırmaçı, yazıçı Dilqəm Əhməd konfrans iştirakçılarına şəxsi kolleksiyasından olan S.Ağaoğlunun da yer aldığı bir fotoşəkil göstərib. Fotoşəkil kişi müəllim və tələbələrin arasında biri S.Ağaoğlu olmaqla üç qız tələbəni əks etdirir. D.Əhməd S.Ağaoğlunun vəkil olduğu ilk məhkəməsi haqqında məlumatları "Milliyyət" qəzetinin arxivindən tapdığını diqqətə çatdırıb:
 
“26 dekabr 1927-ci ildə S.Ağaoğlunun vəkillik etdiyi boşanma ilə bağlı birinci məhkəməsi Ankarada olub. Hər kəs ilk qadın vəkili görmək üçün gəlmişdir. Amma Sürəyya xanım göstərişi sevmirdi. Eyni zamanda məhkəmə boşanma səbəbindən qurulduğu üçün prosesin gizli qalmasını istəyib”. 
 
Sonda A.Aşırlı layihə rəhbəri olduğu “Şuşadan İstanbula Sürəyya Ağaoğlu yolu” adlı kitabı tədbir iştirakçıları üçün imzalayıb və xatirə fotoları çəkilib.

 

  •  
  •  
  •  
  •  
  •  
  •  

 

Seçilən
11
19
moderator.az

10Mənbələr