AZ

COP29-un Azərbaycanda keçirilməsi dövlətimizin növbəti uğurudur və ölkəmizə olan etimadı artırır - ŞƏRH

"Ölkəmizin COP29 kimi bir tədbirə ev sahibliyi etməsi olduqca önəmlidir. "Bu gün Azərbaycan dünyamızı narahat edən hər bir məsələyə xüsusi diqqət və həssaslıqla yanaşır. Azərbaycan bir çox beynəlxalq tədbirlərə ev sahibliyi etdiyi kimi, bu gün də növbəti beynəlxalq tədbiri ölkəmizdə keçirir. Artıq bir sıra dövlətlərin başçıları Azərbaycana gəliblər. Hətta ölkə başçısı liderlərin bir çoxunu qəbul edib və onlarla fikir mübadiləsi aparıb. Növbəti günlərdə də liderlərin və siyasətçilərin gəlməsi davam edəcək. Bir sözlə, COP29 öz axarı ilə uğurla davam edir. COP29-un Azərbaycanda keçirilməsi dövlətimizin növbəti uğurudur və ölkəmizə olan etimadı artırır".

Bu sözləri “Operativ Media”ya açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, Azərbaycanın reytinqi getdikcə daha da artır:

"Bu gün ölkəmiz dünyanı narahat edən hər bir məsələyə xüsusi diqqət və həssaslıqla yanaşır. Azərbaycan çalışır ki, dünyanı narahat edən mövzulara öz töhfəsini versin. Şübhəsiz ki, Azərbaycan COP29-u ən yüksək səviyyədə keçirəcək və bu, ölkəmizin qarşıdakı illərdə uğurlarını daha da artıracaq.Bütün hallarda ölkə başçısı COP29-un Liderlər Sammitinin açılış mərasimində çıxışı zamanı mühüm mesaj verdi. Prezident bütün təzyiq cəhdlərinə baxmayaraq, Azərbaycanın öz torpaqlarını azad etdiyini xüsusilə vurğuladı. Eyni zamanda Azərbaycanın enerji resurslarının şaxələndirilməsi ilə bağlı gördüyü işlərə toxundu. Azərbaycan Qara dəniz sualtı enerji xətti ilə öz enerjisini daşıyacaq.

Azərbaycan mədəniyyətlərarası dialoqda fəal rol oynayır.

Azərbaycan çoxtərəfliliyin tərəfdarıdır, eyni zamanda, mədəniyyətlərarası dialoqda fəal rol oynayır. Multikulturalizm dövlət siyasətimiz və həyat tərzimizdir. Azərbaycan xalqı etnik, dini mənsubiyyətindən asılı olmayaraq, digər millətlərlə hər zaman ahəngdar şəkildə, bir ailədəki kimi yaşayır. Reallıq budur ki, ekoloji fəlakətlərin əsas səbəblərindən biri müharibələrdir. Bunun bariz nümunəsi isə Azərbaycandır. 30 il ərzində torpaqlarımız işğal altında olarkən Ermənistanın ekosid və urbisid törətdiyinin şahidi olduq. Yalnız mina çirkləndirilməsi belə ayrıca bir problemdir. Bu gün Azərbaycan dünyada ərazisi mina ilə ən çox çirklənən ölkələrdən biridir. Sülhə nail olmaq, dünyada əmin-amanlığı qorumaq üçün çalışmalıyıq. Bu gün dünyanın qarşısında duran ən vacib məsələlərdən biri də budur. Burada dinlərin böyük potensialı və imkanları var. Bu potensial və imkanlardan istifadə edərək dünyanı qorumalıyıq. Burada həm dinlərin, həm də dini liderlərin üzərinə böyük məsuliyyət düşür.

Bu açıqlamalar Azərbaycan dövlətinin sülhə, multikulturalizmə və ekoloji təhlükəsizliyə verdiyi önəmi bir daha göstərir. Dinlərarası dialoq və əməkdaşlıq təşəbbüsləri ilə Azərbaycan həm bölgədə, həm də qlobal arenada barışın və əmin-amanlığın təmin olunmasına töhfə verməyə davam edir. Dünya dini liderlərinin Bakıda sülh çağırışında birləşməsi də göstərir ki, ölkəmiz təkcə siyasi deyil, mənəvi dəyərlər baxımından da sülh və harmoniya ideallarına sadiqdir. Bu cür sammitlər, qarşılıqlı anlayış və birlik vasitəsilə dünyamızın daha təhlükəsiz və yaşanılası bir yer olması üçün yol açır.

Azərbaycan hər zaman bütün dinlərə bərabər münasibət göstərən multikultural bir ölkədir. Bunun yalnız söz olaraq deyil, real həyatda da bu cür olduğunu COP29 tədbiri çərçivəsində Azərbaycanda keçirilən dünya dini liderlərinin sammitində bir daha gördük”.

Seçilən
40
50
operativmedia.az

10Mənbələr