AZ

Tramp Qarabağa görə bizə düşmən məmurları başına yığır...

Image

Azər Həsrət: “Bizim üçün əsas olan Trampın tutduğu və tutacağı mövqedir”

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp tərəfindən dövlət vəzifələrinə irəli sürülən namizədlərə nəzər salanda bir məqam diqqəti cəlb edir. Məsələ ondadır ki, onların bəziləri ermənipərəst mövqeyi ilə seçilir.

Dövlət katibi vəzifəsinə senator Marko Rubionun namizədliyini irəli sürüb. M.Rubio bir neçə dəfə Azərbaycanın Qarabağda apardığı hərbi əməliyyatlara qarşı çıxıb və administrasiyanı Azərbaycana maliyyə yardımını kəsməyə çağırıb. Bundan başqa, Vivek Ramasvami Trampın formalaşdırmağa başladığı hökumət kabinetinə daxil olub. Ramasvami seçki kampaniyası dövründə dəfələrlə Azərbaycanı "Qarabağdakı xristian ermənilərə qarşı vəhşiliklər törətməkdə" ittiham edib. O, demokrat administrasiyanı bu prosesi seyr etməkdə qınayaraq Azərbaycana maliyyə yardımını dayandırmağa, 907-ci Düzəlişi bərpa etməyə çağırıb. Milli Kəşfiyyat direktoru vəzifəsini Tramp Nümayəndələr Palatasının keçmiş üzvü, keçmiş demokrat Tulsi Qabbarda etibar edəcəyini açıqlayıb. T.Qabbard da erməni lobbisi ilə yaxın əlaqələrə malikdir və 2017-ci ildə o vaxt işğal altındakı Qarabağa qanunsuz səfər etdiyi üçün Azərbaycan XİN tərəfindən “qara siyahı”ya salınıb. 

Maraqlıdır, bütün bunların Tramp komandasında yer alması Azərbaycana hansısa problemlər yarada bilərmi?

“Vəzifələrini icra edərkən Birləşmiş Ştatların prezidentinin və dövlətinin müəyyənləşdirdiyi çərçivədən kənara çıxa bilməzlər”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən siyasi şərhçi Azər Həsrət hesab edir ki, adıçəkilən şəxslərin vəzifələrə təyinat alması bizi o qədər də narahat etməməlidir: “Cünki onlar artıq seçki kampaniyası aparıb seçiciləri öz tərəfinə çəkəcək durumda deyillər. Ona görə ki, onlara konkret vəzifələr tapşırılır və o vəzifələri də icra edəcəklər. Vəzifələrini icra edərkən Birləşmiş Ştatların prezidentinin və dövlətinin müəyyənləşdirdiyi çərçivədən kənara çıxa bilməzlər. Yəni erməniyə rəğbətlərinin olub-olmaması həlledici deyil. Bizim üçün əsas olan Trampın tutduğu və tutacağı mövqedir. Bəlli olduğu kimi, Azərbaycan İkinci Qarabağ müharibəsini Trampın prezidentliyi dövründə qələbə ilə başa vurub. Birləşmiş Ştatlar faktiki olaraq Azərbaycana müharibədə maneçilik törətmədi. Trampın, ümumiyyətlə, ermənilərə münasibəti də Baydenin münasibətindən ciddi şəkildə fərqlənir. Baxmayaraq ki, seçki kampaniyasında Tramp bir dəfə ermənilərlə, Qarabağla bağlı bizə xoş olmayan açıqlama verdi. Bunu da biz anlayışla qarşıladıq. Çünki ABŞ-da erməni təsiri yetərincə güclüdür və siyasətçilər də bundan yararlanmağa ehtiyac duyurlar. Tramp da o baxımdan belə bir siyasi gediş edib. Ancaq Tramp administrasiyasının bütövlükdə anti-Azərbaycan olacağını proqnozlaşdırmıram. Eyni zamanda Trampın öz ətrafına yığdığı komanda üzvlərinin də ermənipərəst olması ciddi şəkildə bizə qarşı bir hərəkata çevrilməyəcək. Yəni hər şey bizim özümüzdən asılıdır. Biz Trampla, onun administrasiyası ilə işləmək üçün imkanları yenidən nəzərdən keçirməliyik. Xüsusən də Bayden administrasiyasının pozduğu münasibətləri düzəltmək üçün əlimizdə yeni imkan var. Düşünürəm ki, bunu həll etmək çətin deyil. O baxımdan narahatlıq üçün ciddi əsas görmürəm”.

Vidadi ORDAHALLI





Seçilən
50
baki-xeber.com

1Mənbələr