Estoniya millisinin baş məşqçisi Yurgen Henn Millətlər Liqasının 5-ci turunun Azərbaycanla 0:0 hesablı heç-heçə etdikləri oyundan sonra təşkil olunan mətbuat konfransında iştirak edib.
O, jurnalistlərin suallarını cavablandırıb.
– Keçirilən iki oyun çərçivəsində Estoniya millisi Azərbaycanı nədə üstələdi?
– Hansı bucaqdan baxılmasından asılıdır. Nəticə baxımından bizim xeyrimizə oldu. Epizodları dəyərləndirsək, bərabər oyun getdiyini deyə bilərik. Bu gün ikinci hissə bizim üçün çətin oldu.
– Qarşınıza hansı hədəflər qoyulub?
– Milli komandanın irləliləyişini təmin etmək. Üzərində işləməli olduğumuz çox şey var.
– Bugünkü 1 xalı 3 xala bərabər hesab edirsiniz?
– Turnir cədvəlinə baxsaq, elə demək olar. Futbolda ən önəmli şey nəticədir. Oyundan əvvəl biz daha əlverişli vəziyyətdə idik.
– Qəbələ şəhəri və stadion barədə nə düşünürsünüz?
– Stadionu çox bəyəndim. Çox bəxtəvərsiniz ki, belə stadionunuz var. Estoniyada belə şəraiti olan komandalar azdır. Bizi burada çox yaxşı qarşıladılar. Hər şey üçün təşəkkür edirik.